Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:50

'Distant təhsildən danışırlar, amma qanun qəbul edilməyib'


Onlayn tədris
Onlayn tədris

Azərbaycanda 2020-2021-ci illər üzrə yeni tədris ili yaxınlaşır. Koronavirusla bağlı bundan əvvəlki tədris 2020-ci ilin martın 3-dən dayandırılıb. Dərslər yalnız onlayn keçirildi və həmin tədris ili (2019-2020) elə o formada da başa çatdı.

İndi çoxlarını bir sual düşündürür: Dərslər öz vaxtında, sentyabrın 15-də başlayacaqmı və başlayacaqsa, bu necə təşkil ediləcək?

Hərçənd, dünən, avqustun 27-də Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında təkliflərini açıqlayıb. Amma bu, hələ, yekun qərar deyil.

Təkliflərə əsasən, orta məktəblərdə dərslər ibtidai siniflərdə sentyabrın 15-i (həftədə 2-3 dəfə olmaqla), 5-9-cu siniflərdə oktyabrın 1-i, 10-11-ci siniflərdə də oktyabrın 15-i başlamalıdır. Ali məktəblərdə də dərslərin sentyabrın 15-də başlanması təklif edilir, amma distant formada. Oktyabrın 15-dən isə ali məktəblərdə bəzi ixtisaslar üzrə əyani dərslər bərpa edilə bilər.

"Şagirdlərin ən az 50 faizi təhsildən kənarda qalıb"

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kamran Əsədov hesab edir ki, nazir yeni dərs ilinin təşkili ilə bağlı xüsusi yeni heç nə deməyib. Onun AzadlıqRadiosuna deməsinə görə, ötən tədris ilində ən azı şagirdlərin 50 faizi təhsildən kənarda qalıb, teledərslər, virtual məktəb layihəsi özünü doğrultmayıb: "Virtual məktəb layihəsinə 1 milyon uşaq qeydiyyatdan keçmişdi , 600 min şagird isə keçməmişdi".

K.Əsədov
K.Əsədov

Onun fikrincə, indi ibtidai siniflərin həftədə 3 dəfə məktəbə getməsi hər gün onlayn dərs almalarından yaxşıdır, amma canlı təmasın mənfi tərəfi virusa yoluxma riskinin yüksək olmasıdır. Üstəlik, o hesab edir ki, ali məktəblərlə bağlı təklif o qədər də uğurlu deyil. O vurğulayıb ki, ali məktəblərdə dərslərin gec başlaması həm də qəbul imtahanlarının gecikməsindən irəli gəlir:

"...Amma distant təhsillə bağlı qanun qəbul edilməyib"

"Onlayn, distant təhsildən danışırlar, amma distant təhsillə bağlı qanun qəbul edilməyib. Odur ki, distant təhsillə bağlı qanun qəbul edilməlidir".

K.Əsədovun bildirməsinə görə, nazir müəllimlərin maaşlarının azalmayacağını bəyan edib, amma ənənəvi dərs deyənlə onlayn dərs deyən eyni əməkhaqqı ala bilməz və bunun açıqlaması verilməyib: "İki gün dərs deyənlə üç gün dərs deyənin fərqi nə olacaq? Burada həlli vacib olan məsələ budur ki, əvvəl şagirdlər 34 həftəlik və ya təqribən 210 gün aktiv dərslərdə iştirak edirdilər. İndi ikigünlük həftədə bu, təqribən 68 gün olacaq. 210 günlük dərsi 68 günə tədris etmək mümkün deyil...".

"Nazirliyin tədrislə bağlı A, B, C planları olmalı idi"

İctimai Şuranın digər üzvü Məlahət Mürşüdlü isə hesab edir ki, bu açıqlama xeyli gecikib: "Təhsil Nazirliyinin tədrislə bağlı təklifləri çox gecikdi. Hələ mart ayında deyilmişdi ki, nazirliyin tədrislə bağlı A, B, C planları olmalı idi. Amma yeni təklif, ya proqram olmadı".

M.Mürşüdlü
M.Mürşüdlü

M.Mürşüdlü əlavə edib ki, dərslərin başlamasına az qalır, amma təkliflər indi müzakirəyə çıxarılır:

"Bu, bahalı tədris növüdür"

"Onlayn dərslər göstərdi ki, distant təhsilə keçmək istəyiriksə, nəzərə almalıyıq ki, bu, müasir informasiya texnologiyaları, sürətli və kəsintisiz internet, ailədə təhsil alan hər uşağa kompüter alınması kimi külli miqdarda maliyyə vəsaiti deməkdir. Bu, bahalı tədris növüdür".

Ekspertə görə, son tədris ilində onlayn dərslər sübut edib ki, ölkə təhsili bu distant təhsilə keçidə hazır deyil. Onun fikrincə, Bakıətrafı qəsəbələrdə və kənd rayonlarında davamiyyət, tədrisin keyfiyyəti təmin olunmayıb.

Bu fikirlərə, hələlik, Təhsil Nazirliyinin rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 24 milyon 643 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 835 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 35 min 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 524 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG