Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:49

Bryza: 'Tərəfləri danışıqlar masasına qayıtmağa inandıra bilərlər' – Qərb mediası


Tovuzun Ağdam rayonu, 15 iyul, 2020-ci il

Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin aparıcı əməkdaşı, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Matthew Bryza Ermənistanla Azərbaycan arasında ötənaykı toqquşmalardan, bunun təhlükəli yeni geosiyasi dinamikaya yol açmasından yazır. Müəllifin fikrincə, təhlükəni strateji nəqliyyat xətlərinin yaxınlığında ağır silahlardan istifadə, Rusiya və Türkiyənin hərbi qarşıdurması, uyğun vasitəçilik mexanizminin olmaması yaradırdı. “ABŞ və Avropa Birliyinin liderliyinin olmadığı şəraitdə Azərbaycanla Ermənistanı döyüş meydanından danışıqlar masasına yönəltmək Türkiyə ilə Rusiyanın üzərinə düşə bilər”, – keçmiş səfir yazır.

İyulun 12-dən 16-na kimi Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər olub. Prezident İlham Əliyev baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

Strateji kəmərlər

Matthew Bryza Tovuzun Azərbaycanın müstəqilliyi, iqtisadiyyatı üçün vacib, strateji əhəmiyyətli nəqliyyat xətlərinin üstündə yerləşdiyini, bu infrastrukturun ABŞ və NATO üçün vacib olduğunu qeyd edir. Vaşinqton 25 ildir həmin neft-qaz kəmərlərini Avropadakı müttəfiqlərinin Rusiyadan asılılığını azaltdığı, həmçinin İrandan yan keçdiyi üçün dəstəkləyir. Hava məkanı isə ABŞ-ın Əfqanıstana vacib təchizat kanalıdır. “Çinin Kəmər və Yol Təşəbbüsünə alternativ olan bu tranzit xətləri həm də Orta Asiya və Cənubi Qafqaz ölkələrinin maliyyə müstəqilliyini saxlamasına kömək edə bilər”, – yazan müəllif Rusiyanın bu marşrutlara qarşı çıxdığını, Tehranın isə Ermənistana ticarət koridorunu genişləndirdiyini yazır.

Keçmiş səfir qeyd edir ki, Azərbaycanın hətta özünümüdafiə məqsədilə olsa belə Ermənistanın Tavuş regionuna atəş açması Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəməsinə əsas verə bilər. “Ermənistan liderləri KTMT-dən Azərbaycana qarşı istifadə etməyə çoxdan çalışıblar. 2016-cı ilin aprel döyüşlərində buna nail ola bilmədilər, çünki münaqişə Azərbaycanın ərazisində gedirdi. KTMT-nin ozamankı baş katibi Nikolai Bordyuzha deyirdi ki, hücum Ermənistanın beynəlxalq miqyasda tanınmış ərazisində baş verəcəyi halda KTMT kömək göstərə bilər”, – məqalədə deyilir.

Tərəflər bundan artıq gərginlik istəmirlər

Müəllif Türkiyə rəhbərliyinin toqquşmalarda Azərbaycanı dəstəklədiyini, iyulun 29-dan avqustun 10-dək genişmiqyaslı təlimlər keçirildiyini yazır. Bundan öncə Rusiya Ermənistanın Gümrü şəhərindəki bazasında təlimlər təşkil elədi.

“Suriya və Liviyada olduğu kimi, Cənubi Qafqazda da əks mövqelərdə olan Türkiyəylə Rusiya bundan artıq gərginlik arzulamır”, – yazan səfir Dağlıq Qarabağ münaqişəsində mövcud beynəlxalq vasitəçilik mexanizminin adekvat görünmədiyini qeyd edir. Bryza özü də 2006-2009-cu illərdə ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsədri olub. Qrupun mandatı yalnız Dağlıq Qarabağ və ətraf regionları əhatə edir. Keçmiş səfir qeyd edir ki, hətta mandat genişləndirilsə belə, həm Ermənistanın Baş naziri Nikol Pashinian, həm də Azərbaycan Prezidenti İlham Əliyev ondan əlini üzmüş kimi görünür.

“Bu səbəbdən diplomatik boşluğu doldurmaq Ankarayla Moskvanın üzərinə düşə, onlar öz müttəfiqlərini danışıqlar masasına qayıtmağa inandıra bilərlər. Rusiya və Türkiyəylə bir sıra sahələrdə fikir ayrılığına baxmayaraq, Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri müdriklik göstərərək belə bir forumu formalaşdıra bilərlər. Bunun alternativi Azərbaycanla Ermənistan arasında emosiya və hərbi gərginliyin qarşılıqlı qızışması ola bilər”, – yazan keçmiş səfir hətta məhdud müharibənin belə NATO və AB-nin asılı olduğu strateji vasitələri sıradan çıxara biləcəyini, bundan yalnız Rusiya, İran və Çinin faydalanacağını vurğulayır.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

XS
SM
MD
LG