Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:28

Nazir dərslərin açılması ilə bağlı təkliflərini açıqladı


E.Əmrullayev
E.Əmrullayev
  • Təkliflərə əsasən, dərslər ibtidai siniflərdə sentyabrın 15-i, 5-9-cu siniflərdə oktyabrın 1-i, 10-11-ci siniflərdə oktyabrım 15-i başlamalıdır.
  • Ali və peşə məktəblərində də dərslərin sentyabrın 15-də başlanması təklif edilir, amma distant formada. Oktyabrın 15-dən ali məktəblərdə bəzi ixtisaslar üzrə əyani dərslər bərpa edilə bilər.

Sentyabrın 15-dən oktyabrın 1-nə kimi uşaq bağçılarının açılması təklif edilir.

Bunu bu gün, avqustun 27-də COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bu, epidemioloji vəziyyətdən asılı olaraq həyata keçiriləcək: "İlk növbədə o yerlərdə ki, virusun yayılma səviyyəsi azdır, orada uşaq bağçaları fəaliyyətə başlasın...".

Nazir qeyd edib ki, məktəbəqədər təhsilə də epidemioloji vəziyyətdən asılı olaraq oktyabrın 1-dən başlamaq təklif olunur. Bu da noyabrın 1-nə kimi mərhələli qaydada həyata keçirilə bilər.

O xatırladıb ki, ölkədə dərslər adi qaydada sentyabrın 15-də, məktəbəqədər dərslər isə oktyabrın 1-də başlamalı idi.

Sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla...

Nazir deyib ki, sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla, ibtidai siniflərdə tədrisin başlamasını təklif edirlər. Onun sözlərinə görə, I sinif şagirdlərinin həftədə 3, digər sinif şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi təklif edilib: "Təklif qəbul olunsa, ibtidai siniflərdə təhsil alan 650 min uşaq dərsə gedəcək. Bu qrupun 257 min nəfəri Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Bu ərazilərdə epidemioloji vəziyyət gərgindir".

E.Əmirullayev əlavə edib ki, mart ayına qədər teledərslərin də davam etdirilməsi nəzərdə tutulub: "1 oktyabr tarixindən 5-9-cu siniflərin məktəbə əyani şəkildə dərsə gəlməsini planlaşdırırıq. Epidemioloji vəziyyət imkan verərsə, 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış qaydada tədrisə cəlb etməyi nəzərdə tuturuq”.

Onun deməsinə görə, orta məktəblərin 10 və 11-ci sinif şagirdlərinin isə məktəblərə oktyabrın 15-dən qayıtmasını planlaşdırırlar.

E.Əmrullayev nəzərə çatdırıb ki, sentyabrın 15-dən isə qeyd olunan siniflər üçün tədris onlayn olacaq.

Sentyabrın 15-dən ali məktəblərdə dərslər başlayır, amma...

Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq.

Bunu da bu gün, avqustun 27-də COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri E.Əmrullayev bildirib. Onun sözlərinə görə, oktyabrdan 1-ci kurs tələbələrin qəbul olunduqları ali məktəblərə tanışlıq üçün gəlmələri planlaşdırılır: "15 oktyabr tarixindən isə bu ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq. 2 noyabrdan bu məsələyə yenidən baxıla bilər".

Peşə məktəblərində də təhsilin sentyabrın 15-dən distant formada başlaması təklif edilir.

Kütləvi yoluxma olarsa...

Təhsil naziri E.Əmrullayev mətbuat konfransında habelə deyib ki, təhsil müəssisəsində kütləvi yoluxma olarsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurarsa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıdırlar.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 24 milyon 370 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 830 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 35 min 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 524 nəfərin vəfat etdiyi açıqlanıb.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda ötən tədris ilində dərslər martın 3-dən məktəblərdə dayandırılmışdı. Dərslər yalnız onlayn keçirildi və tədris ili elə o formada da başa çatdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG