Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:07

Ermənistan könüllülər ordusu yaratmaq istəyir


Nikol Pashinian (sağda) ordu hissələri ilə görüşür

Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrlə paralel yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Bu qüvvələrə könüllülər ordusunun qərargahı vasitəsilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi rəhbərlik edəcək.

“Müdafiə haqqında” qanuna dəyişiklik kimi nəzərdə tutulan layihə Ədliyyə Nazirliyinin vebsaytında dərc olunub. Layihəyə görə, yığma qoşun Ermənistana silahlı hücum şəraitində vətəndaşların silahlı müdafiəyə könüllü qoşulması sistemidir.

Parlamentdə “Mənim addımım” fraksiyasının üzvü olan deputat, “Yerkrap” könüllülər birliyinin sədri Sasun Mikaelyan Radio Azatutyun-a müsahibəsində deyib ki, müharibə şəraitində olan ölkə üçün qeyri-nizami ordu vacibdir və bu ideya bir neçə ildir müzakirə olunur.

“Azı 100 min nəfər olmalıdır”

“Hərbçilər bunu müzakirə edirlər. Ancaq bir il deyil, çoxdan müzakirə olunur və həyata keçirilməlidir. Bizim çoxəsrlik düşmənimiz var, düşmənlə əhatələnmişik. Qeyri-nizami ordu 10 min, yaxud 20-70 min nəfər demək deyil, bu orduda azı 100 min nəfər olmalıdır. Çünki hər an, hər dəqiqə gözlənilməyən hücumlar ola bilər, könüllüsüz mümkün deyil. Biz həmişə hazır olmalıyıq, bunu həmişə demişəm, bir də təkrar edirəm”, – Mikaelyan vurğulayıb.

“Ermənistanın silahlı qüvvələri yetərli deyilmi?” sualını hakim fraksiya üzvü belə cavablandırıb: “Türkiyənin son aqressiyası haqda bilirsiz, Türkiyə Azərbaycanla bağlı necə bir hazırlıq ifadə elədi. Bu o demək deyil ki, bizim Silahlı Qüvvələrimiz döyüş qabiliyyətli deyil, hazır deyillər, ancaq bizdə qeyri-nizami qoşun olmalıdır, çünki, Allah eləməsin, buna oxşar nəsə baş versə, ordu lazımdır”.

Bu il iyulun 12-dən 16-dək Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanla sərhədində toqquşmalardan sonra Türkiyə Yerevanı ittihamı edib, Azərbaycana dəstəyi davam etdirəcəyini bildirib. Ermənistanın Baş naziri Nikol Pashinian isə deyib ki, Ankaranın getdikcə “aqressivləşən” Azərbaycan-pərəst mövqeyi Ermənistanın xarici və təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməsini zəruri edir.

Ermənistanda təqdim olunan layihədə könüllülərin adına silah və forma yazılacaq. Könüllü müvafiq vəzifəyə qərargah rəisinin əmriylə təyin olunacaq.

Sasun Mikaelyan könüllülərin, məsələn, Yerevanda silahla gəzərək ətrafdakılara təhlükə yaradacağı fikriylə razı deyil. “Silahlar xüsusi yerdə saxlanacaq, lazım gələndə oradan götürüləcək. Yəni, səfərbərlik elan olunanadək bizdə hazır adamlar olacaq ki, haraya gedib nə etməli olacaqlarını biləcəklər”, – o deyib.

Hüquq müdafiəçisi Nina Karapetyants isə əmindir ki, Ermənistana Silahlı Qüvvələrdən savayı daha bir silahlı struktur lazım deyil.

“Ən vacibi odur ki, könüllülərin hansısa məqamda əllərində silah Yerevanın küçələrində, şəhərin mərkəzində hansısa hərəkətlərə qatılmayacağına zəmanət verilmir. Fikrimcə, nizami ordusu olan ölkəyə qeyri-müəyyən statuslu əlavə hərbi birləşmələr lazım deyil”, – Karapetyants Radio Azatutyun-a müsahibəsində deyib.

“Yerkrap” təcrübəsi

Hüquq müdafiəçisi yaxın keçmişdə oxşar strukturun – “Yerkrap” könüllülər birliyinin hərəkətlərini yada salır. “Bizdə belə təcrübə olub, müəyyən hadisələr zamanı insanlar bu və ya digər tərəfi dəstəkləyə bilərlər, hakimiyyət, yaxud hansısa qüvvələr onlardan istifadə edə bilər”, – o vurğulayıb.

Vətəndaşlar sentyabrın 8-dək qanun layihəsi ilə bağlı təkliflərini irəli sürə bilərlər.

“Yerkrap” könüllülər birliyi 1993-cü ildə yaradılıb və Qarabağ müharibəsi veteranlarını birləşdirib. 1999-cu ildən birliyə general Manvel Grigorian rəhbərlik edirdi, 2018-ci ildə antikorrupsiya istintaqı çərçivəsində saxlanıb. Hazırda birliyin rəhbəri Sasun Mikaelyandır.

Bu birliyin idarə heyətinin ayrı-ayrı üzvlərinin vaxtilə Ermənistanda prezidentliyə namizəd Levon Ter Petrosian-ın nümayişlərində iştirakının müzakirə olunması iddia olunurdu. Keçmiş prezident Robert Kocharian bir müsahibəsində 2008-ci ildə hərbçilərin siyasi proseslərə qatılmasını əngəlləməyə çalışdığını deyirdi:

Belə görünürdü ki, ordu seçkisonrası proseslərə cəlb olunur. Mən ordunun siyasi proseslərdə iştirakının qəbuledilməz olduğunu dedim, generalların hamısından tələb etdim ki, mövqelərini müəyyənləşdirsinlər – ya orduda istefa ərizəsi yazsınlar, ya da birliyin idarə heyətindən çıxsınlar”.

Xatırlatma

Bu il iyulun 12-dən 16-na kimi Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb, baş verənlərə görə Azərbaycanı ittiham edib.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

XS
SM
MD
LG