Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Trump-ın prezidentliyinin yaddaqalan məqamları


Donald Trump
Donald Trump

Prezident Donald Trump 2016-cı ildə olduğu kimi indi də rəy sorğularında geri qalır. Ancaq dörd il qabaq demokrat Hillary Clinton-u məğlub etməklə bir çox təhlilçiləri təəccübləndirmişdi. Builki seçkidə koronavirus pandemiyasının, iqtisadi problemlərin rolu az deyil.

Trump fevralda impiçment olunub, onun demokratlardan rəqibi Joe Biden-lə bağlı təhqiqat başlatmaq üçün ukraynalı həmkarı Volodymyr Zelenskiy-ə təzyiq göstərdiyi, buna görə Kiyevə hərbi yardımı dayandırdığı iddia olunurdu.

2016-cı ildə Trump-ın seçki qərargahının Rusiyayla əlbirliyə gedib-getməməsi də araşdırılıb, iki il davam edən təhqiqatın sonunda heç bir ittiham irəli sürülməyib, tərəflər arasında gizli sövdələşməyə yetərincə dəlil olmadığı bildirilib. Trump administrasiyası təhqiqatı “əcinnə ovu” adlandırmışdı.

Pandemiya

Bu müddətdə ABŞ iqtisadiyyatının göstəriciləri güclü sayılıb, işsizlik son 50 ildə ən aşağı səviyyədə olub – 3,5 faiz, maaşlar qalxıb, faiz dərəcələri salınıb.

2020-ci ilin ən çox müzakirə olunan mövzusu koronavirus pandemiyasıdır. Trump fevralda virusun əhəmiyyətini azaldır, hökumətin “hər şeyi nəzarətdə saxladığını” deyirdi. Ancaq ikicə ay sonra Birləşmiş Ştatlarda rekord sayda yoluxma və ölüm halları qeydə alınmağa başladı.

Pandemiya ölkədə işsizliyin səviyyəsini apreldə 15 faizə qaldırdı, mağazalar, restoranlar, otellər bağlandı. Avqustda işsizliyin 10 faizə düşməsinə baxmayaraq, ölkənin iqtisadi mənzərəsi təhlükəli görünür.

Tənqidçilər Trump-ın pandemiyanın yayılmasına ləng reaksiya verdiyini desələr də, o, günahı Çinin üzərinə yıxır. Bu ölkəylə münasibətlər onsuz da casusluq, intellektual mülkiyyət oğurluğu iddialarından dolayı gərgindir.

Bütün bunlar azmış kimi, mayda afroamerikalı George Floyd-un Minnesotada ağdərili polisin əlində ölməsi ölkə gündəmini daha da qarışdırdı, irqi ədalətsizliyə, polis zorakılığına qarşı etirazlar keçirildi. Trump özünü polisi, “hüquq və asayişi” dəstəkləyən kimi təqdim edir, etirazçılar isə polisdə islahatlara çağırırdılar.

AzadlıqRadiosunun əməkdaşı Todd Prince yazır ki, pandemiya Trump-ın seçki kampaniyasının miqyasını kiçildib, daha stadionları ağzınacan dolduran seçki tədbirləri keçirilmir. Amma bu amil Biden-in ən böyük zəifliklərindən birini –kütlə qarşısında uzun müddət çıxış edə bilməməsini pərdələyə bilib.

Ailə tarixçəsindən

Trump Nyu Yorkda böyüyüb, FredMary Anne Trump-ın beş uşağından dördüncüsü olub.

Fred Trump daşınmaz əmlak biznesində işləyin, karyerası boyunca Kuins (Queens) və Bruklində (Brooklyn) minlərlə orta sinif evləri tikib.

1999-cu ildə 93 yaşında vəfat edəndə onun sərvəti yüzmilyonlarla dollar dəyərində idi.

Trump da atasının yoluyla gedərək daşınmaz əmlak bazarına daxil olur, amma Nyu York şəhərinin əmlak bazarının qiymətli daşı sayılan Menhettenə göz qoyur. O, müxtəlif layihələri, bəzən külli miqdarda borca girməklə maliyyələşdirir. İllər sonra bu strategiyadan əl çəkərək Trump brend adını mülkiyyət sahiblərinə sataraq razılaşmalardan istifadə haqqı qazanır. O, kurortlar və qolf meydançaları almağa və tikməyə başlayır.

2000-ci illərin əvvəllərində “The Apprentice” adlı realiti şou aparmaqla şöhrətini uğurlu biznes qurduğu ştatlardan kənara yaya bilir.

2015-ci ildə prezidentlik yarışmasına qoşulmaq niyyətini açıqlayanda bəziləri onu ciddiyə almamış, siyasi təcrübəsinin olmadığını, “ağırçəkili” respublikaçı siyasətçilərlə eyni mübarizəyə qatıldığını əsas gətirmişdilər.

Di gəl, döyüşkən və sadə danışıq üslubu, populist “Öncə Amerika” mesajı iqtisadi vəziyyətindən narazıları cəlb edə bildi.

Rusiyayla münasibətlər

Trump çıxışlarında ticarət sazişlərini, qanunsuz immiqrasiyanı tənqid edir, Birləşmiş Ştatlara gələnləri dayandırmaq üçün Meksikayla sərhədi hasarlayacağını deyirdi.

Müəllif yazır ki, Trump-ın Rusiyayla dostcasına görünən münasibəti Kremlə hər hansı siyasi fayda verməyib. Trump şəxsən ABŞ-da seçkiyə müdaxilə cəhdi, vətəndaş cəmiyyətinə təzyiqlərə görə Rusiyaya qarşı sərt mövqe sərgiləməsə də, əsas iqtisadi və xarici siyasət maraqlarına gələndə Kremlə qarşı çıxıb.

Prezidentlik dönəmində ABŞ-ın neft və qaz sahəsində üstünlüyünü prioritetə çevirən Trump enerji hasilatı və enerji infrastrukturunun inkişafına əngəlləri azaltmağa çalışır. ABŞ-da neft hasilatının artması Rusiya daxil bəzi ölkələri qiymətləri yüksək saxlamaqdan ötrü hasilatı azaltmağa məcbur edib.

Trump administrasiyasının tətbiq etdiyi sanksiyalar Şimal axını-2 kəmərinin tamamlanmasını yubadıb. Kremlin bu layihəsi Rusiyadan təbii qazı Ukraynadan yan keçməklə Avropaya daşımağı nəzərdə tutur.

Trump İrana, Venesuelaya sanksiyaları gücləndirib; Birləşmiş Ştatları İranla nüvə sazişindən çıxarıb; Ortamənzilli Raket Qüvvələri sazişindən çəkilib və sairə.

ABŞ-ın Avropadakı müttəfiqləri ilə münasibətləri Trump-ın prezidentliyi dövründə ziyan görüb. Trump Avropa ölkələrini ədalətsiz ticarətdə, NATO-ya xərcləmə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Çin, Şimali Koreya, İran

ABŞ xarici siyasətində bu dönəmdə ən böyük dəyişiklik heç də Rusiyayla münasibətlərin istiləşməsi deyil, Çin və İranla əlaqələrin geriləməsi oldu. Trump Ağ evə daxil olandan Çindən ixraca milyardlarla dollarlıq tariflər qoyaraq Asiyanın ən böyük iqtisadiyyatına zərbə vurdu.

Çin də öz tariflərini tətbiq etdi. Yanvarda iki ölkə intellektual mülkiyyət hüquqları və texnoloji transferləri nəzərdə tutan nəhəng ticarət sazişinin birinci mərhələsini imzaladılar.

Trump və Şimali Koreya lideri Kim Jong Un 2018-ci ildə Sinqapurda Pxenyanın nüvə proqramını müzakirə etdilər. Bir il sonra Trump Cənubi Koreya ilə sərhədi adlayaraq şimali Koreya torpağına ayaq basdı. Ancaq Kim raket sınaqlarını davam etdirir, yəni bu danışıqların elə bir nəticə verdiyi görünmür.

ABŞ prezidenti İranı danışıqlar masasına çəkə bilmədi, islam respublikasının iqtisadiyyatına zərbə vuran sanksiyalar tətbiq etdi. Buna cavabında isə Tehran uran zənginləşdirmə səviyyəsini artırdı, raket proqramını sürətləndirdi, İraqdakı ABŞ səfirliyinə hücum təhrik etdi.

Qonşu Əfqanıstanda Trump Taliban silahlı qruplaşması ilə 19 illik müharibəni bitirəcək sülh sazişi imzalayıb. Sazişdə qruplaşma ilə ABŞ-ın dəstəklədiyi Kabil hökuməti arasında sülh danışıqlarının başlanması nəzərdə tutulur.

Əfqanıstan ərazisinin təxminən yarısına nəzarət edən silahlılar hücumları davam etdirirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG