Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:54

Salman Rushdie islamofobik tvitin silinməsini istədi


Salman Rushdie
Salman Rushdie

Twitter-də yayılmış bir islamofob post britaniyalı yazıçı Salman Rushdi-dən sitat kimi qələmə verilib. Yazıçının özü Twitter-in rəhbərinə müraciət edərək ifrat sağçıların onun adı ilə bağladığı bu paylaşımın silinməsini xahiş edib. Sitat Salman Rushdie-nin portreti ilə birlikdə paylaşılıb.

Sitatda deyilir ki, müsəlmanların “yeganə məqsədi bütün ölkəni terrorizm, bomba partlayışları, demoqrafik partlayış, üsyan və İslam naminə cihadla dağıtmaqdır”.

Paylaşımın mənbəyi tapılsa da...

Britaniyanın “The Guardian” qəzeti yazır ki, bu sitat ilk dəfə deyil ki, internetdə peyda olur. Artıq illərdir ki, antiislam və ifrat sağçı qruplar bu sitatı Rushdie-yə aid edərək yayırlar. Özü də bunu heç bir mənbə göstərmədən edirlər.

Qəzet yazır ki, 2015-ci ildə bir Twitter istifadəçisi bu paylaşımın izinə düşərək onun mənbəyini tapmağa nail olub. O zaman Salman Rushdie “insanların öz cahilliklərinə haqq qazandırmaq üçün dayanmadan paylaşdığı bu saxta sitatın” mənbəyini tapdığı üçün həmin istifadəçiyə təşəkkür etmişdi.

Salman Rushdie 1988-ci ildə yazdığı “Şeytan ayələri” (“The Satanic Verses”) adlı

Salman Rushdie
Salman Rushdie

romanına görə İranın o zamankı Ali dini rəhbəri Ayatollah Xomeyninin qəzəbinə tuş gəlib. İran lideri yazıçının qətlinə fətva verib.

Salman Rushdie ötən həftə Twitter-də avqustun 4-də paylaşılan postu “saxta tvit” adlandırıb, “heç vaxt buna bənzər bir şey demədiyini” də vurğulayıb. Rushdie-nin sözügedən paylaşımın silinməsi üçün birbaşa Twitter-in baş icraçı direktoru Jack Dorsey-yə müraciət etməsinə baxmayaraq, həmin tvit hələ də sosial media platformasında qalmaqdadır.

“Biz mənim bildiyim ən qaranlıq zəmanədə yaşayırıq”, – Rushdie daha öncə belə deyib. O iddia edib ki, ““islamofobiya” adlandırılan şeyin ətrafındakı tabuya son qoyulmalıdır. “Niyə biz islamı müzakirə edə bilmərik?”, – deyə o, 2015-ci ildə Fransanın “Charlie Hebdo” jurnalına ifadə azadlığı mükafatının verilməsindən sonra meydana gələn qalmaqal zamanı sual edib.

“Fərdlərə hörmət etmək, onları dözümsüzlükdən qorumaq, eyni zamanda onların ideyalarına skepik yanaşmaq, hətta amansızcasına tənqid etmək mümkündür”, – Rushdie deyib.

Açıq məktub

Bu ilin iyulunda Britaniyada bir qalmaqallı açıq məktub yazılıb. Rushdie həmin məktubu imzalayan tanınmış şəxslərdən biridir. Məktubda deyilir ki, “ciddi senzuranın” yayılması “müxalif fikirlərə dözümsüzlüyə” və “ictimai qınaq və təcridə” yol açır.

J.K.Rowling
J.K.Rowling

“Harper’s” jurnalında dərc edilən açıq məktubu ümumilikdə 150 tanınmış yazıçı imzalayıb. Onların arasında “Harry Potter” kitablarının müəllifi JK Rowling, kanadalı yazıçılar Margaret Atwood və Malcolm Gladwell, tanınmış filosof və linqvist Noam Chomsky, Steven Pinker, Martin Amis, Gloria Steinem də var. Məktub “yeni əxlaq yanaşmaları və siyasi öhdəlikləri” tənqid edib, onların “bizim açıq müzakirə və fərqlərə dözümlülük normalarımızı ideoloji itaətin xeyrinə zəiflətdiyini” vurğulayıb.

Rowling də bu yaxınlarda transgender hüquqları ilə bağlı cəmiyyətdə ziddiyyətli qəbul olunan fikirlər söyləyib. Nəticədə çox sayda “Harry Potter” pərəstişkarının ona rəğbəti sual altına düşüb. Yazıçı sözügedən məktubu imzalamaqdan qürur duyduğunu deyib. O bunu “liberal cəmiyyətin fundamental prinsipi olan açıq müzakirə, düşüncə və ifadə azadlığının müdafiəsi” naminə etdiyini deyib.

Rowling yaranmış vəziyyəti ABŞ-da makkartizm illərinə bənzədib və amerikalı dramaturq Lillian Hellman-dan sitat gətirib. “Mən bu ilin dəbinə uyğunlaşmaq üçün öz vicdanımı kəsə bilmərəm və kəsməyəcəyəm”, – o deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG