Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 21:29

Gənclər niyə xəbər üçün Instagram-a üz tutur?


Sosial media
Sosial media

Gənclərin çoxu ən son xəbərləri Instagram-dan alır. Bu, bir növ öncəki nəsillər üçün qəzet oxumaq kimi bir şeydir. Bildiyimiz kimi, Instagram ənənəvi olaraq xəbər yox, həyat tərzi məzmunlu kontentin paylaşıldığı platformadır.

BBC yazır ki, ABŞ-da 18-24 yaş arası insanların koronavirus pandemiyası haqda xəbərlərə çıxışını araşdıran yeni tədqiqat aparılıb. Respondentlərin 1/4-dən çoxu öncəki həftə ərzində xəbərləri, əsasən, Instagram-dan oxuduğunu deyib. Sorğu iştirakçılarının 19%-i Snapchat, 6%-i isə TikTok-a müraciət etdiyini deyib. Müqayisə üçün, xəbərləri qəzetlərdən oxuyanların da faizi göstərilib - 17%.

Dünyada bu göstəricilərin ABŞ-dan da yüksək olduğu qeyd edilir. Məsələn, Almaniyada 18-24 yaş arası gənclərin 38%-i xəbərləri ancaq Instagram-dan alır. Argentinada isə bu göstərici hətta 49%-dir.

BBC yazır ki, bu trend ziyansız deyil. "Instagram-la bağlı problem onun son dərəcə vizual məkan olmasıdır. Odur ki, burada insanlar məqsədi məlumatlandırmaqdan çox təsir etmək olan memlər paylaşır. …İnsanlar ehtiyatlı olmalı, kiminlə iş gördüklərindən xəbərdar olmalıdırlar", - ABŞ-ın Sirakuz Universitetində kommunikasiyanı tədris edən Jennifer Grygiel deyir.

41% ənənəvi mediaya etibar edir

Sosial mediadan xəbər mənbəyi kimi istifadəni çətinləşdirən əsas amillərdən biri də odur ki, hər kəs reportyor kimi davrana bilər. Bu isə faktların yoxlanması məsələsini qabardır. Digər problemsə sosial mediada ixtisas və bacarıqlarından asılı olmayaraq, daha çox izləyicisi olan istifadəçilərin təsir gücünün böyük olmasıdır. Bundan başqa, illərdir ki, sosial medianın qütbləşməyə yol açması ilə bağlı narahatlıq mövcuddur.

Gallup-ın apardığı bir yeni araşdırmanın nəticələrinə görə, amerikalıların cəmi 41%-i ənənəvi mediaya etibar edir. Gallup bunu ənənəvi medianı problem kimi göstərməyə çalışan siyasi ritorika ilə əlaqələndirir. Araşdırma göstərib ki, respublikaçıların elektoratı ənənəvi mediaya digər seçicilərdən daha az inanır.

İnsanlar sosial mediaya inanmadıqları ənənəvi medianın alternativi kimi baxırlar. Ancaq sosial medianın təbiəti belədir ki, onlar burada öz baxışlarına oxşar mənbələrlə əhatə olunurlar. Ekspertlər buna "əks-səda kameraları" (echo chambers) deyir.

Fərqli informasiya dünyaları

Şimali Karolina Universitetinin professoru Amelia Gibson-a görə, bizim sosial media mühitimiz o qədər seqmentləşib ki, bəzi insanlar həqiqətən də fərqli informasiya dünyalarında yaşayır. Bir informasiya ekosistemində biriləri eyni anı dünyada irqçiliyə qarşı hərəkatın aktivləşməsi, digərləri isə ciddi təhlükə kimi görüb anlayırlar: "İnsanlar real həyatda görüşəndə biz bu iki dünyanın toqquşmasını görürük".

Grygiel ümid edir ki, gənclərin Instagram-a əsas xəbər mənbəyi kimi baxması ənənəvi mətbuatı daha yaxşı saytlar düzəltməyə, reklam cəlb etməyə və müstəqilliyə can atmağa vadar edəcək.

"Sosial media platformaları heç də həmişə yaxşı korporativ vətəndaş kimi davranmayıb. Onlar zərərli siyasi reklamlara əhəmiyyət verməyib, nifrət çıxışlarını monitorinq edə bilməyiblər. Sosial media platformalarını tənqid etmək vacibdir, ancaq həm də anlamalıyıq ki, onlarsız cəmiyyətə ziyan verən şeylərin, ədalətsizliyin … sənədləşməsi olmazdı", – o deyib. O, həmçinin qeyd edib ki, sosial media platformaları yaxşı korporativ vətəndaş kimi davranmadığından xəbərləri insanlara çatdırmağın alternativ üsulları haqda düşünməyə başlamaq lazımdır.

XS
SM
MD
LG