Keçid linkləri

Təcili xəbərlər
2020, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 22:34

Reklamçılar Facebook-u boykot edirlər


Facebook-un qurucusu Mark Zuckerberg (solda) Berlində Pariser Platz meydanında mühafizəçiləri ilə birlikdə qaçarkən, 2016-cı il

Coca-Cola, Adidas və Starbucks daxil olmaqla dünyanın 400-dən çox brendi iyulun 1-də Facebook sosial şəbəkəsindən reklamlarını geri çəkməlidirlər. Sosial şəbəkədə nifrət çıxışına görə bir aylıq boykotu önləməli danışıqların son anda alınmadığı bildirilir.

Birləşmiş Ştatlarda vətəndaş cəmiyyəti fəalları korporasiyalara üz tutaraq nifrət çıxışını önləmək üçün Facebook-a təzyiq göstərməyə çağırmışdılar. Bu məsələ mayda Minneapolis şəhərində afromaerikalı George Floyd ağdərilin polisin əlində öləndən sonra daha da kəskinləşib, dünyada irqçiliyə qarşı qəzəb dalğası başlanıb.

Zuckerberg görüşə razılaşıb

Floyd-un ölümündən sonra Anti-Defamasiya Liqası və bir sıra başqa qurumlar “Qazanc naminə Nifrəti Dayandırın” kampaniyası başladıb.

Qruplar sosial media şirkətinə 10 tələb irəli sürüb. Onlara kəskin onlayn təzyiqə məruz qalanların Facebook işçisi ilə danışmasına icazə verilməsi də daxil idi.

“Reuters” agentliyinin məlumatına görə, iyunun 30-da, planlaşdırılan bir aylıq boykot ərəfəsində Facebook-un aparıcı təmsilçiləri ilə reklamçılar arasında azı iki görüş keçirilib.

Agentlik mənbələrə istinadla yazır ki, sosial media nəhənginin təmsilçiləri nifrət çıxışını necə idarə etməklə bağlı yeni bir şey deməyiblər.

İyunun 30-da axşam sözçünün bildirməsinə görə, Facebook rəhbəri Mark Zuckerberg boykot təşkilatçıları ilə görüşə razılaşıb. Ancaq bundan artıq detallar açıqlanmayıb.

Facebook həftənin əvvəlində deyirdi ki, nifrət çıxışına nəzarəti auditə açacaq.

Bağlanan hesablar

Facebook iyunun 30-da, boykot öncəsi bildirib ki, “ABŞ-da mənzillənən, hökumətə qarşı zorakı şəbəkəni” dağıdıb. Şəbəkənin “Boogaloo” hərəkatı ilə zəif bağları olduğu bildirilirdi. Bu hərəkatın ardıclıları son etirazlara silahlı şəkildə gediblər.

Sosial şəbəkə Facebook-da 220, Instagram-da daha 95 hesabın, həmçinin 28 səhifə və “hazırda şəbəkənin əhatələdiyi” 106 qrupu bağladığını bildirib.

Facebook 400-dən çox başqa qrupu, həmçinin oxşar kontent yerləşdirilən 100-dən çox səhifəni də bağladığını qeyd edib.

“Bu bizim platforma vasitəsilə zorakı missiya elan edənləri yasaqlamak öhdəliyimizin yerinə yetirilməsində sonuncu addımdır”, – Facebook bəyan edib.

Boykota Ford, Honda, Volkswagen avtomobil şirkətlərinin, Mars şirniyyat şirkətinin, Verizon telekommunikasiya firmasının, Diageo içki və Unilever istehlakçı malları şirkətinin də qoşulacağı gözlənir.

Ancaq bu gözlənən boykot Facebook-a elə də böyük maliyyə itkisi vurmayacaq. Sosial şəbəkə ötən il bildirmişdi ki, ilk 100 reklamçısı ümumi reklam gəlirinin 20 faizindən də azını verib. Bu gəlirin illik həcmi 70 milyard dollara bərabərdir.

İyunun 26-da boykot xəbəri Facebook-un bazar dəyərinə 56 milyard dollar ziyan vurub, səhmlərində 8 faiz azalma baş verib. Ancaq iyunun 30-da səhmlər dəyərin 3 faizini bərpa edə biliblər.

XS
SM
MD
LG