Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:05

22 ildir həbs cəzası çəkən əlil: 'Ayağım kəsildi, şikayət verə bilmədim'


Həbsxana
Həbsxana

22 ildir həbsdə olan Müzəffər Hacıyev Qobustandakı qapalı həbsxanada saxlanılır. O, qəsdən adam öldürməyə görə ömürlük həbs cəzası alıb.

M.Hacıyev haqqında 1999-cu ildə hökm çıxarılanda hazırkı Cinayət Məcəlləsi qüvvədə deyildi. Deyir ki, bu üzdən həmin vaxt hökmdən şikayət verməyib.

Azərbaycanda bir sıra qanunlar, o cümlədən cinayət qanunvericiliyi 2000-ci ildə dəyişdi və həmin ilin sentyabrından qüvvəyə mindi. Əvvəlki qanunverilikdə hökmdən şikayət verilməsi nəzərdə tutulmamışdı. Üçpilləli məhkəmə sisteminin tətbiqi, birinci instansiya məhkəməsinin hökm və qərarlarından apellyasiya, daha sonra Ali Məhkəməyə kassasiya şikayəti hüququ vətəndaşlara yeni qanunlarla verildi.

"Həmin dövrdə şikayət verə bilmədim"

M.Hacıyev Ali Məhkəməyə şikayətində bildirir ki, ağır xəstədir, işinə yenidən baxılmasını, hökmün dəyişdirilməsini, azadlığa buraxılmasını istəyir. Lakin məhkəmə onun haqqındakı hökmdən apellyasiya şikayətinə baxmır. Əsas kimi isə apellyasiya şikayəti vermək üçün müddəti ötürməsini göstərir.

M.Hacıyevin sözlərinə görə, onun həbsindən üç il sonra – 2001-ci ilin iyulunda sol ayağı amputasiya olunub. Uzun müddət səhhətindəki problemlərə başı qarışıb: "Ona görə həmin dövrdə şikayət verə bilmədim".

İkinci qrup əlil olan M.Hacıyev apellyasiya şikayəti vermək üçün müddətin bərpası xahişi ilə məhkəmələrə üz tutub. Amma bu məsələdə də ona "yox" deyilib.

Ali Məhkəmədən bildirilib ki, hökmdən apellyasiya şikayəti vermək üçün 20 gün nəzərdə tutulub. M.Hacıyevin haqqında hökm çıxarılanda şikayət vermək hüququ olmasa da, 2000-ci il sentyabrın 1-də yeni qanunlar qüvvəyə minəndə onun bu hüququ yaranmışdı. Həmin vaxt o, şikayət edə bilərdi.

"Lakin o, vaxtında bu hüququndan lazımi qaydada istifadə etməyib. Onun xəstə olmasına görə şikayət verməməsinə gəlincə, bu da səbəb kimi qəbul oluna bilməz. Müzəffər Hacıyevə sol ayağının amputasiya olunmasına görə ikinci qrup əlillik dərəcəsi təyin edilib. Amma bu, onun görmə, dərk etmə, yazma və s. kimi funksiyalarını itirməsi demək deyil", - Ali Məhkəmə onun ərizəsinin təmin olunmamasını belə əsaslandırıb.

M.Hacıyev vurğulayır ki, yetərincə cəza çəkib, bundan sonra belə vəziyyətdə həbsdə saxlanmasının isə nə ona faydası var, nə də dövlətə.

Hüquqşünas rəyi

Hüquqşünas Namizəd Səfərov deyir ki, vətəndaş bu halda Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərə bilər. Ərizədə də İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusunun tanınmasını istəyə bilər: "Azərbaycanda Ali Məhkəmənin qərarından şikayət nəzərdə tutulmayıb. Ona görə də çıxış yolu Avropa Məhkəməsinə şikayət etməkdir. Bu işdə məhkəməyə çatımlıq hüququnun məhdudlaşdırılması mübahisələndirilə bilər".

Hüquqşünasın sözlərinə görə, qanunda apellyasiya şikayəti üçün 20 günlük müddət nəzərdə tutulsa da, hakimlər vətəndaşın bu hüququnu məhdudlaşdırarkən şəraiti də ətraflı araşdırıb qərar verməlidir: "Bəzən bir gün gecikməyə görə də şikayət hüququnu itirənlər olur. Vətəndaşların şikayət verərkən məsuliyyətli olması üçün bəlli müddət müəyyənləşdirilib və anlaşılandır. Amma elə hallar olur ki, şəxsin o müddətdə şikayət vermək imkanı olmur. Adam ömürlük həbsdədir, bilinmir ki, vəkili olub, yoxsa yox, sağlamlığı o vəziyyətdə... Humanizm prinsipləri baxımından vətəndaşa şikayət etmək imkanı yaradılmalıdır".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG