Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 10:53

'Qardaşımı cəzaçəkmə müəssisəsində qandallı vəziyyətdə asıb döyüblər'


Həbsxana. Foto arxiv
Həbsxana. Foto arxiv

Bakı sakini Bilal Səfərov deyir ki, həbsdə olan qardaşı Röyalın həyatı və sağlamlığı təhlükə altındadır. Bu barədə AzadlıqRadiosuna danışan qardaşının sözlərinə görə, 12 saylı Cəzaçəkmə Müəssisəsində Röyal Səfərovu iyunun 7-dən cərimə təcridxanasına (kars) salıblar və buraxmırlar. B.Səfərov qardaşının işgəncəyə məruz qaldığını bildirir: ​"Qardaşım rejim qaydasını pozubsa, hüquqi formada cəzalandırın. Ona işgəncə verməyə heç kimin ixtiyarı yoxdur. Əlləri qandallı vəziyyətdə asıb, döyüblər. Əvvəl 10 günlük kars cəzası vermişdilər. Vaxt tamam olandan sonra yenə cəzanın müddətini uzadıblar, guya orada da rejim qaydasını pozub. Anlaya bilmirəm ki, bir çarpayı, bir əlyuyan olan yerdə rejim qaydasını necə pozmaq olar?".

R.Cəfərovun bir neçə başqa dustaqla birlikdə müəssisədə qumar oynadığına görə cəzalandırıldığı iddia olunur. Amma qardaşı deyir ki, müəssisənin rəis müavini xeyli vaxtdır onu Qobustandakı qapalı həbsxanaya göndərəcəyi ilə hədələyir.

"Beş dəqiqədən sonra siz gedəcəksiz, onların əlində qalacaq"

B.Cəfərov məsələ ilə əlaqədar Ədliyyə naziri Fikrət Məmmədov, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov, bu qurumun idarə rəisi Mirsaleh Seyidov, Ombudsman Aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinə şikayət edib. Onun sözlərinə görə, Penitensiar Xidmətdən deyiblər ki, iyunun 18-də müəssisəyə gedib, şikayəti yerində araşdırıblar: "Deyirlər ki, ərizəsini aldıq, bədəninə baxdıq, xəsarət izi görmədik. Qardaşımın bədənində döymə var. Necə baxılıb ki, bunu görməyiblər? Bunu bizə deyən adama da bildirdim ki, hansı məhbus müəssisə rəhbərliyinin yanında başına gələnləri açıq şəkildə deyə bilər? Çünki yaxşı başa düşür ki, beş dəqiqədən sonra siz gedəcəksiz, onların əlində qalacaq".

B.Cəfərov əlavə edib ki, günlərdir qardaşının durumu haqqında heç bir məlumat ala bilmirlər. Anası müəssisənin rəis müavini ilə əlaqə saxlasa da, oğlu haqqında heç nə öyrənə bilməyib: "Anama deyir ki, haradan bilim onun anasısan? Anam da deyir ki. mən Sabunçuda yaşayıram, bu türmə də Qaradağ rayonunun Buta qəsəbəsində, iki saatlıq SMS-lə necə gəlim ki, sən məni görəsən? Övladından narahat olan anaya bu nə cavabdır?".

B.Səfərovun dediklərilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, mümkün olmayıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosunun zənglərinə və məhkumun qardaşının şikayəti ilə bağlı suala cavab verməyib.

Penitensiar Xidmət, bir qayda olaraq, bu qurumun tabeliyindəki müəssisələrdə məhkumlara qarşı işgəncə barədə iddiaları təkzib edir.

27-yaşlı R.Səfərov 2019-cu ildən həbsdədir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 8 il 3 ay azadlıqdan məhrum edilib. R.Səfərov CM-in 181-ci (quldurluq) maddəsi ilə təqsirli bilinib.

XS
SM
MD
LG