Rusiya Prezidenti Vladimir Putin ölkənin cənub-qərbində təhlükəsizliyin təminatı məqsədilə 150 minlik heyət, yüzlərlə təyyarə və donanma gəmisinin “döyüş hazırlığı səviyyəsini” yoxlamaq tapşırığı verib. Prezidentin həmin zonada “ciddi terror təhdidi” gördüyü bildirilir.
Müdafiə naziri Sergei Shoigu iyulun 17-də deyib ki, “yoxlama” artıq başlanıb, sentyabra planlaşdırılan Qafqaz-2020 hərbi manevrləri üçün Rusiya silahlı qüvvələrinin hazırlığı yoxlanacaq.
Nazir Putin-in qərarıyla Cənub və Qərb hərbi rayonlarında əsgərlərin hazırlıq səviyyəsinin yoxlandığını qeyd edib.
Ukrayna da təlim planlaşdırır
Cənub və qərb hərbi rayonları Ukrayna ilə sərhəddə yerləşir. 2014-cü ilin aprelindən Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılar hökumət qüvvələri ilə savaşır.
Yoxlamanın Qara dəniz və Xəzər dənizində, hava qüvvələrində də aparıldığı vurğulanır.
Shoigu hərbi tədbirdə 400-dən artıq təyyarə, 100-dən çox gəminin iştirak edəcəyini deyib.
Krımın ilhaqından və Ukraynanın şərqində münaqişə başlanandan Rusiya qərb və cənub-qərb regionlarında bir neçə dəfə qəfil hərbi təlimlər keçirib.
Ukraynanın Müdafiə naziri Andriy Taran isə iyulun 17-də deyib ki, ölkəsinin silahlı qüvvələri də sentyabrda hərbi təlim keçirəcək.
“Rusiya əsgərləri Qafqaz-2020 strateji təlimlərinə hazırlıq bəhanəsilə yığışdığı bir vaxtda, Ukrayna Müdafiə Nazirliyi və silahlı qüvvələrinin rəhbərliyi də sentyabrında sonunda Birgə Cəhdlər-2020 strateji komanda təlimləri planlaşdırır”, – Taran vurğulayıb.
Nazir NATO ölkələri təmsilçilərinin də təlimlərə qatılacağını gözlədiklərini söyləyib. O deyib ki, Ukraynada olan məlumata görə, Rusiya Qafqaz-2020 təlimləri zamanı hər hansı silahlı hücuma hazırlaşmır.
2014-cü ilin aprelindən Ukraynanın şərqində 13 min nəfər öldürülüb.