Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 08:18

Karantinə ‘qurban gedən’ məktəblilər – Qərb mediası


Kosovoda məktəblər yenidən açılıb, 9 iyun, 2020-ci il
Kosovoda məktəblər yenidən açılıb, 9 iyun, 2020-ci il

Dünyada koronavirus pandemiyasına görə əksər ölkələrdə məktəblər bağlanıb, onlayn dərslər keçilməyə başlayıb. UNESCO dünya üzrə məktəblilərin 90 faizinin üzünə məktəblərin qapadıldığını bildirir. Bəs, bu şagirdlərin nə qədəri onlayn dərslərə cəlb olunub? “Reuters” agentliyi İspaniya təcrübəsini araşdırıb və vəziyyətin heç də ürəkaçan olmadığı üzə çıxıb.

Ötən ay Madriddə Clara Mijares adlı müəllimənin onlayn dərslərindən birinə 31 şagirddən səkkizi qatılmayıb. Şagirdlərdən ikisi bir müddət gözə dəyməyib. Mijares karantin dövründə onlayn dərs keçdiyi 12-16 yaşlılar üçün bunun tipik hal olduğunu deyib.

İtirilmiş təhsilin dəyəri

Agentlik dərsə qatılan bəzi şagirdlərin isə vebkameralarını söndürdüyünü, müəllimə ləng cavab verdiklərini yazır.

“Sinifdə olmağın sehri yoxa çıxıb”, – Mijares deyib.

“Reuters” dünyada bir çox evlərdə oxşar mənzərənin yaşandığını yazır. BMT məktəblərin bağlanmasının 1,5 milyard uşağa təsir göstərdiyini yazır. Sinif otaqlarında dərslər azalıb, onlayn dərslərdə iştirak da intensiv deyil.

Dərs ili başa çatdıqca ölkələr itirilmiş təhsilin dəyərini hesablayırlar. İspaniya hökuməti təcridin fəsadının ağır olduğunu bildirir: yuxarı sinif şagirdlərinə, azgəlirli ailələrə, həssas qrupların qayğısına qalanların uşaqlarına dəyən ziyan böyükdür. Ancaq məsələn, Britaniyadan fərqli olaraq, İspaniyada karantin dövründə məktəblərin hamısı bağlanıb. Tibbi işçiləri kimi aparıcı personalın övladları üçün xidmət düşünülməyib.

İspaniyada COVID-19-a 260 mindən çox yoluxma halının baş verdiyi bildirilir.

Martdan bəri ibtidai, orta ümumtəhsil məktəbləri, universitetlərin hamısı bağlanıb, 9,5 milyon şagird təhsili evdən davam etdirib. Yeni tədris ili sentyabrda başlanmalıdır.

Agentlik Avropa Birliyində ən yüksək dərsdən qalma göstəricisinin Avropa Birliyinin payına düşdüyünü yazır – 2019-cu ildə bu göstərici 17,3 faiz idi. İndi isə hökumətin hesablamasına görə, 14 həftəlik karantin dövründə məktəblilərin 12 faizi distant təhsildən kənar qalıb. Bu isə bir milyona yaxın şagird deməkdir.

İnternetə çıxış

Karantin dövründə internetə çıxışın məhdudluğu da sosial baryer yaradıb. 2015-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) apardığı araşdırmaya görə, Kanada, Koreya və Avstraliya kimi ölkələrdə yaxşı şəraitdə yaşamayan şagirdlərin 90 faizindən çoxunun internetə çıxışı olub. Ancaq İspaniyadakı imkansız tələbələrin internetə çıxışı zənginlərə nisbətən 14 faizədək az olub.

Bu fərq Birləşmiş Ştatlar və Rusiyada daha böyükdür, bu ölkələrdə hər 5 imkansız uşağın birindən də azının internetə çıxışı var.

İspaniyada azgəlirli ailələrdən şagirdlərin durumu Avropada pislər sırasındadır. 2008-2014-cü illərin maliyyə böhranı nəticəsində 2 milyondan artıq işçi işdən çıxarılıb və bir neçə il davam edən güclü iqtisadi artıma baxmayaraq, bu ölkə işsizliyə görə AB-də Yunanıstandan sonra ikinci yerdədir. Və İspaniyada 2,2 milyon uşaq yoxsulluq və çıxdaş olunma riskilə üz-üzədir – bu, ölkə uşaqlarının 25 faizi deməkdir.

Azərbaycanda da karantin dövründə Təhsil Nazirliyinin xəttilə onlayn dərslər keçilib. Ancaq əksər müəllim və valideynlər bu dərslərin effektiv olmadığını düşünürlır. Əsas səbəblərdən biri kimi ölkə üzrə internetə çıxışın keyfiyyətli, davamlı, bütün ailələr üçün əlçatan olmadığını göstərirlər.

XS
SM
MD
LG