Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:17

Soleimani-nin yerini deyən şəxs edam olunacaq


Tehranda Qassem Soleimani-nin portreti
Tehranda Qassem Soleimani-nin portreti

ABŞ və İsrail kəşfiyyatına İran generalı Qassem Soleimani-nin yeri haqda informasiya verən şəxs ölümə məhkum edilib. Məlumatı İran ədliyyəsi bu gün – iyunun 9-da yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin başçısı Soleimani yanvarın 3-də İraqda ABŞ-ın dron zərbəsilə qətlə yetirilib. Vaşinqton Soleimani-ni regiondakı ABŞ qüvvələrinə İrana bağlı silahlılar tərəfindən hücumların təşkilində ittiham edirdi.

“MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) və Mossad-ın agentlərindən olan Mahmoud Mousavi-Majd ölümə məhkum edilib... O, düşmənlərimizə şəhid Soleimani-nin yeri haqda məlumat verib”, – ədliyyənin sözçüsü Gholamhossein Esmaili televiziyada yayımlanan mətbuat konfransında söyləyib.

Fevralda da casus xəbəri yayılmışdı

Esmaili-nin sözlərinə görə, Mousavi-Majd İsrail və Amerikanın kəşfiyyat agentliklərinə İranın silahlı qüvvələri, özəlliklə İİKK haqda təhlükəsizlik informasiyası ötürüb. Amma bu informasiyanın Soleimani-nin İraqda qətli ilə bağlı olub-olmadığını açqıqlamayıb.

“İnqilab məhkəməsi onu ölümə məhkum edib və ali məhkəmə hökmü qüvvədə saxlayıb. O tezliklə edam olunacaq”, – o bildirib.

Mahmoud Mousavi Majd-ın casusluğu böyük məbləğdə pul qarşılığında etdiyi vurğulanır.

İran fevralda elan etmişdi ki, MKİ üçün casusluqda və Tehranın nüvə proqramı barədə informasiya ötürmək cəhdində ittiham olan bir nəfər ölümə məhkum edilib. Həmin açıqlamanın Mousavi-Majd işilə əlaqəli olub-olmadığı bəlli deyil.

Soleimani-nin qətli İranla Birləşmiş Ştatlar arasında qarşıdurmaya səbəb olub. İran buna İraqda ABŞ qüvvələrinin yerləşdiyi hava bazasına raket zərbəsilə cavab verib. Bundan bir neçə saat sonra isə İran qüvvələri Tehrandan havaya qalxan Ukrayna sərnişin təyyarəsini səhvən vurub.

Tehranın dekabrda yaydığı məlumata görə, “MKİ-yə bağlı”, noyabrda benzin bahalandan sonra ölkəni bürümüş küçə etirazlarında əli olan səkkiz nəfər saxlanıb. Ötən ilin iyulunda isə MKİ-nin casus şəbəkəsinin dağıdıldığı, 17 şübhəlinin həbs olunaraq ölümə məhkum edildiyi açıqlanıb.

O zaman ABŞ Prezidenti Donald Trump iddianı “tamamilə saxta” adlandırmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG