Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 10:08

Azərbaycan hakimiyyəti narazılara divan tutmağı ‘dayandırmalıdır’


Bakıda qadınların 8 mart etirazı, 2020-ci il
Bakıda qadınların 8 mart etirazı, 2020-ci il

Azərbaycan hakimiyyəti nəinki ədalətsiz yerə məhkum olunmuş tənqidçilərini barmaqlıqlar arxasında saxlayır, eyni zamanda pandemiya ilə mübarizə bəhanəsi altında siyasi opponentlərinin saxta və siyasi motivli ittihamlarla həbsi kampaniyasını gücləndirir. Bu, Covid-19-un həbsxanalarda yayılması sarıdan narahatlığın yayıldığı bir dönəmə təsadüf edir və ölkədə ifadə azadlığı və digər fundamental insan hüquqlarına qarşı son hücumdur. Saxlanma təcridxanalarında son Covid-19 yoluxmalarını nəzərə alanda saxlananların virusa yoluxma riski də böyükdür. Bunu “Amnesty İnternational” insan haqları təşkilatı mayın 27-də yaydığı hesabatında bildirir.

Təcridxanalarda sıxlıq

“Azərbaycan hakimiyyəti hüquqlarından istifadəyə görə fərdlərin qanunsuz saxlanmasını dərhal dayandırmalıdır. Onlar bütün siyasi və vətəndaş cəmiyyəti fəallarını, hüquq müdafiəçiləri, jurnalistlər, sadəcə ifadə azadlığından istifadəyə görə həbs olunmuş şəxsləri dərhal və qeyd-şərtsiz buraxmalıdırlar. Hökumətin ölkənin cinayət məhkəməsi sistemindən sui-istifadəsi, siyasi opponentlərini və digər narazı səslərin həbsi dayandırılmalıdır”, – hesabatda vurğulanır.

Qurum mayın 15-də hakimiyyətin həbsxanalarda koronavirusa 46 yoluxma halının təsdiqləndiyini yazır. Ancaq yerli insan haqları müdafiəçiləri bu rəqəmin daha yüksək olduğunu düşünürlər.

“Təcridxanalarda həddən artıq sıxlıq və qeyri-qənaətbəxş sanitar vəziyyət məhbuslara ciddi sağlıq təhdidi yaradır. Koronavirus pandemiyası isə bunu yalnız gücləndirir. Belə bir şəraitdə hakimiyyət siyasi fəalların, jurnalist və hüquq müdafiəçilərinin yeni həbs və təqib dalğasını başladıb”, – hesabatda vurğulanır.

Amnesty Prezident İlham Əliyevin 19 mart çıxışında Covid-19 pandemiyası ilə əlaqədar “yeni qaydalar” açıqladığını, xəyanətkar və “beşinci kolon” adlandırdığı siyasi müxalifəti “təmizləmək” vədi verdiyini yazır. Bu çıxışdan sonra tanınmış siyasətçi və insan haqları fəallarının həbsi başlandı. Müsavat partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun, insan haqları müdafiəçisi Elçin Məmmədin həbsləri bu sıradadır.

“Ayrı-seçkilik qoyulmamalıdır”

Hesabatda deyilir ki, hakimiyyətin pandemiyanı necə idarə etməsini tənqid edən 10-dan artıq fəal, jurnalist saxlanaraq 10-30 günlük administrativ cəzaya məhkum edilib. Onlar əsasən polisin göstərişinə tabe olmamaqda, xüsusi karantin qaydalarını pozmaqda ittiham olunublar. Ölkənin ən böyük müxalifət partiyalarından olan AXCP 15 fəalının saxlanaraq 30 günədək həbsə məhkum edildiyini bildirir. Onlardan biri Niyaməddin Əhmədov isə 30 günlük cəzası bitincə buraxılmır, bu dəfə terroru maliyyələşdirməkdə suçlanır.

“Amnesty International vicdan məhbusu hesab etdiyi fərdlərin qanunsuz saxlanmasından,.. bu şəxslərin, eləcə də bütün məhbusların Azərbaycan həbsxanalarındakı sıxlıqdan dolayı Covid-19-a yoluxma riskinin böyük olmasından narahatlığını bildirir. Azərbaycanda azadlığından qanunsuz şəkildə məhrum edilən hər bir şəxs dərhal buraxılmalıdır. Covid-19-la əlaqədar məhbusları buraxarkən fərdlərin siyasi baxışlarına, mənsubiyyətinə görə heç bir ayrı-seçkilik qoyulmamalıdır”, – hesabatda vurğulanır.

Azərbaycanda hakimiyyət təmsilçiləri heç kəsin siyasi baxışına görə təqibə məruz qalmadığını, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.

Rəsmilər koronavirus pandemiyası dövründə Azərbaycanda 624 məhkumun vaxtından əvvəl azadlığa buraxıldığını, 310 şəxsin isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edildiyini bildirir. Ancaq bu tədbirlər siyasi baxışlarına görə həbs edildiyi bildirilən şəxslərə aid olunmayıb.

XS
SM
MD
LG