Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 06:38

HRW Tofiq Yaqubluya azadlıq tələb edir


Tofiq Yaqublu

“Human Rights Watch” insan haqları təşkilatı Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsinin ikinci ayının tamam olması münasibətilə bəyanat yayıb.

Qurumun Avropa və Orta Asiya bölümündən Catherine Pilishvili Yaqublunun məhz fəaliyyətinə görə həbs olunduğunu yazır. O, martın 22-də həbs olunub. Bundan üç gün öncə isə Prezident İlham Əliyev koronavirus pandemiyası ilə bağlı çıxışında virusla mübarizə adı altında siyasi müxalifətə divan tutacağına eyham vururdu, bəyanatda deyilir.

“Hakimiyyət Yaqublunun həbsinə bəhanə tapmağa vaxt sərf etmədi, onu saxta “xuliqanlıq” ittihamıyla saxladı. Hökumətləri həbs yerlərində saxlananların sayını azaltmağa, onlar barəsində alternativ həbs qətimkan tədbiri seçməyə, bununla da Covid-19-un yayılma riskini azaltmağa çağırırlar. Azərbaycan hakimiyyəti isə Yaqublunu Şüvəlandakı 3 saylı təcridxanada saxlayır. Bu təcridxana məhbus sayına, çirkli kameralarına, zəif işıqlandırma və ventilyasiya sistemlərinə görə tənqid olunur”, – Pilishvili yazır.

Qurum təmsilçisi Yaqublunun ev dustaqlığına buraxılmadığımı, onun səhhətində problemlər olduğunu və buna görə da Covid-19-a yoluxma riskinin böyük olduğunu bildirir.

“Həm Avropa Şurası, həm də Birləşmiş Ştatlar Bakını Yaqublunu azad etməyə çağırıb. Amnesty International onu vicdan məhbusu elan edib. Azərbaycan hökuməti bu çağırışlara qulaq asmalı, Yaqublunu azad etməli, ona və digər tənqidçilərə qarşı xüsusilə pandemiya dövründə siyasi qisasçılığa son qoymalıdır”, – bəyanatda vurğulanır.

Xatırlatma

T.Yaqublu bu il martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq) maddəsiylə suçlanır.

İddia olunur ki, "8-ci kilometr bazarı"nın qarşısında avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsü Elxan Cəbrayılov və yanında olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

T.Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaş yaratmaqda günahlandırılaraq 3 il həbsdə saxlanıb. (5 il həbs cəzası almışdı, əfv sərəncamı ilə azadlığa çıxıb) O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında da 30 sutkalıq həbs olunmuşdu. Bu həbs zamanı T.Yaqublu işgəncələrə məruz qaldığını bildirmişdi. Daxili İşlər Nazirliyi isə işgəncələr barədə deyilənlərin böhtan olduğunu bəyan edib.

Multimedia

XS
SM
MD
LG