Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:31

‘Koronaviruslu’ Ramazan bayramı


Pakistanda bazar
Pakistanda bazar

Bu il koronavirus pandemiyası qadağaları dünya müsəlmanlarının Ramazan bayramına da təsirini göstərir. Səhiyyə ekspertləri narahatdırlar ki, müsəlman icmalarının həftəsonu Eid al-Fitr ibadətlərinə yığışması pandemiyanın yayılmasını sürətləndirə bilər.

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Ron Synovitz dünya müsəlmanlarının pandemiya dövründə orucluq ayını necə yola salacağına nəzər salır.

Ayın görünməsindən asılı olaraq, Ramazan bayramı mayın 23-də, yaxud 24-də başlana bilər. Bir çox yerlərdə festivallar, ictimai tədbirlər təxirə salınıb.

Səyahət qadağaları böyük ailələrin bayramı bir yerdə keçirməsini çətinləşdirir. Səhiyyə ekspertləri bu cür bir araya yığışmaların xəstəliyi yayacağını deyirlər.

Ramazanda qələbəlik olan bəzi bazarlar bağlanır. Hətta bayramda yoxsullara pul paylanması da narahatlıq yaradır, çünki pulda infeksiya varsa, xəstəlik yayıla bilər.

Bəzi mühafizəkar müsəlman icmalarında Ramazan ayı boyunca məscidlər açıq olub, ancaq bəzi dindarlar məscidə getməməyə çalışıblar.

Əfqanıstan, Rusiya

Əfqanıstanın paytaxtı Kabilin şimal-şərqində yerləşən Taqab kəndində dindarların məscidə gedəcəkləri gözlənir. Həftənin əvvəlində isə üç koronavirus qurbanının cəsədi Kabildəki xəstəxanadan kəndə aparılıb.

“Bu bayram əvvəlkilərdən fərqli olacaq”, – kənd sakini Fazal Rabi Azad Əfqanıstan Radiosuna deyib. Onun sözlərinə görə, karantin səbəbindən məscidə getmir. “Koronavirus pandemiyası burdadır, ona görə məscidə getmirəm”, – o söyləyir.

Rusiyanın Böyük müftisi Talgat Tadzhuddin builki Ramazanın “fərqli” olduğunu deyir. Pandemiyaya görə Rusiyada məscidlər bağlanıb. Tadzhuddin qeyd edir ki, məscidə qrup şəklində ibadətə getmək məcburi deyil. Əvəzində o, dindarları imamların onlayn moizələrini izləməyə çağırıb.

Son illər Moskvada Ramazan bayramı günlərində böyük məscidlərə o qədər əhali yığışırdı ki, hakim orqanlar küçələri bağlamalı olurdu.

Rusiyanın Şimali Qafqaz regionu Dağıstanda bayram günləri Kizyar və Kizilyurt şəhərlərinə giriş-çıxış qapadılacaq. Hakim orqanların paytaxt Mahaçqalanı da qapatmağı nəzərdən keçirdiyi xəbər verilir.

Qonşu Çeçenistanda da məscidlər bağlanıb. Region lideri Ramzan Kadyrov-un koronavirus şübhəsiylə Moskvaya aparıldığı xəbər verilir.

Çeçenistan müftisi Salakh Mezhiev müsəlmanları bayramı evlərində keçirməyə çağırıb.

Pakistan və İran

Orta Asiya ölkələrində də oxşar qadağalar tətbiq olunub.

Amma Ramazan günlərində Pakistanda məscidlər açıq olub, digər sərt karantin tədbirləri yumşaldılıb. Radio Mashaal xəbər verir ki, məscidlərə yığışanlar gigiyena tələblərinə elə də əməl etmirlər.

Pandemiyanın ciddi ziyan vurduğu İranda isə bayram günlərində “az riskli” ərazilərdə icma ibadətlərinə icazə veriləcəyi bildirilir. Bayram günlərində vilayətlər arasında səyahət qadağaları qaldırılıb ki, bu da böyük ailələrin bayramı birlikdə keçirməsinə şərait yaradır.

İranda məscidə gedənlər maska geyinməlidirlər, içəridə yarım saat qala bilərlər. Məscidlərdə yemək, içki paylanması qadağan olunub.

Mayın 21-nə olan məlumata görə, İranda koronavirusa 130 minədək təsdiqlənmiş yoluxma və 7 min 200-dən çox ölüm qeydə alınıb. Ekspertlər isə real rəqəmlərin daha böyük olduğunu iddia edirlər.

Mayın 21-dək Azərbaycanda 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Mayın 18-dən ölkədə xüsusi karantin rejiminin bəzi qaydaları – küçəyə çıxmaq üçün “SMS” icazəsi, 65+ qadağası qaldırılıb. Ramazan bayramı günlərində hər hansı əlavə məhdudiyyətin, yaxud yumşalmanın tətbiq olunacağına dair hələlik rəsmi açıqlama yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG