Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Koronavirus xəstələrini necə izləmək olar – Qərb mediası


Rusiya, 29 aprel, 2020-ci il
Rusiya, 29 aprel, 2020-ci il

Hüquq-mühafizə agentlikləri iPhone-nun içindən dəlil götürmək istəyəndə İsrailin Cellebrite firmasından haker proqramı istəyirlər. Şübhəlinin telefonuna bu proqramı yerləşdirməklə polis şəxsin haraya getdiyini, kiminlə görüşdüyünü öyrənir.

“Reuters” agentliyi xüsusi hesabatında yazır ki, indi hökumətlər COVID-19-la mübarizə aparır vəCellebrite koronaviruslu xəstənin kimi yoluxdura bildiyini öyrənməkdən ötrü eyni üsula əl atır.

“Kimdəsə testin nəticəsi pozitiv çıxırsa, hakimiyyət xəstənin yerini, kontaktlarını müəyyənləşdirə, gərəkən adamları asanlıqla karantinə ala bilər, bu ayCellebrite-dən Dehli polisinə göndərilən emaildə belə deyilir”, – “Reuters” yazır.

Elektron məktubda yazılıb ki, bu, əslində, razılıqla gerçəkləşməlidir. Amma hüquqi baxımdan əsaslandırılmış hallarda, məsələn, xəstə kütləvi toplantılar qanununu pozarsa, polis bu alətlərdən istifadə edərək müsadirə olunmuş cihaza daxil ola bilər. “Məlumat yığmaq üçün bizə telefonun parolu lazım deyil”, – şirkətin satıcısı aparıcı əməkdaşa aprelin 22-də göndərdiyi emaildə yazır. “Reuters” həmin yazışmanı görüb.

Cellebrite nə deyir

Bəzi ölkələrdə COVID-19-un nəzarətdə saxlanmasından ötrü “kontaktların izlənməsi” tətbiqlərindən könüllü istifadə olunur. Kəşfiyyat şirkətləri isə onların kütləvi izləməyə əl atmalı olduğunu deyir.

Cellebrite-nin sözçüsü bu məsələni belə izah edib ki, satıcı şirkətin çoxdan polisə satdığı eyni alətləri təklif edib. Şirkət indi tibb işçilərinin COVID-19 xəstəliyinə səbəb olan virusu izləməyə ayrıca versiya təklif edir, amma bu alətlər ancaq xəstənin razılığı ilə istifadə oluna bilər, telefonlar “sındırıla” bilməz, o deyib.

Amma “Reuters” yazır ki, azı 8 izləmə və kiber-kəşfiyyat şirkəti virusun izlənməsi, şübhəliləri karantinə almaq üçün casusluq alətləri satmağa cəhd göstərir. Bunu agentlik şirkət rəhbərləri ilə müsahibələr, şirkətlərin ictimaiyyətə açıqlanmayan reklam materiallarına əsasən qeyd edir.

Şirkət təmsilçiləri hansı ölkələrin onlardan izləmə məhsulu aldığını açıqlamayıb, hökumətlərlə razılaşmaların konfidensial olduğunu bildirib. Dörd şirkətin rəsmi şəxsləri isə Latın Amerikası, Avropa və Asiyada 12-dən artıq ölkədə koronovirusun qarşısını almaqdan ötrü məhsullarının pilot versiyasını tətbiq etdiklərini, yaxud quraşdırdıqlarını deyiblər. Dehli polisinin sözçüsü koronavirusu önləməkdən ötrü Cellebrite-dən istifadə etmədiyini deyib. “Reuters” ABŞ hökumətinin hər hansı belə məhsul alıb-almadığını bilmədiyini yazır.

İsrail nümunəsi

İndiyədək yalnız İsrailin kütləvi izləmə sistemini sınaqdan keçirdiyi bəllidir, bu sənayenin ən böyük oyunçularından olan NSO Group-dan platforma qurmağa kömək istəyib.

Amma NSO-nun İsrailin Müdafiə Nazirliyi ilə birgə izləmə layihəsi indilik dayandırılıb, gizlilik məsələləri üzrə hüquqi iddialara baxılır, NSO rəsmisi belə deyib.

İsrailin Müdafiə naziri Naftali Bennett NSO-nun layihədə iştirakını təsdiqləsə də, əlavə detallar açıqlamayıb.

Agentlik son illər izləmə şirkətlərinin çiçəkləndiyini yazır, hüquq-mühafizə orqanları, kəşfiyyat agentlikləri düşmənlərinə qarşı yeni metodlara əl atırlar. Şirkətlər də iddia edirlər ki, onlar hökumətlərə silahlı şəbəkələri izləməyə kömək edirlər.

“Bu sənayenin pis deyil, daha çox yaxşı işlə məşğul olduğuna inanıram. İndi bunu dünyaya göstərmək üçün yaxşı zaman yetişib”, – keçmiş israilli kəşfiyyat məmuru Tal Dilian deyib.

Amma bir sıra texnoloqlar telefonun məkan məlumatlarından asılı casusluq alətlərinin virusla mübarizədə effektiv olacağına skeptik yanaşır.

Hazırda dünyada yeni koronavirusa 3 milyondan çox insan yoluxub, 210 mindən çox xəstə vəfat edib.

XS
SM
MD
LG