Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:23

Koronavirusdan ölən amerikalıların sayı Vyetnam müharibəsini ötür


ABŞ-da tibb bacılarının etiraz aksiyası, 27 aprel, 2020-ci il
ABŞ-da tibb bacılarının etiraz aksiyası, 27 aprel, 2020-ci il

Birləşmiş Ştatlarda son 18 gündə koronavirusa təsdiqlənmiş yoluxma halları iki dəfə artaraq 1 milyona çatıb, ölü sayı isə Vyetnam müharibəsində həlak olmuş amerikalıların sayını ötür.

Aprelin 28-də dünyadakı 3 milyondan artıq yoluxma halının üçdə biri, 216 mindən çox ölüm halının isə 25 faizindən çoxu Birləşmiş Ştatların payına düşürdü. Məlumatı Johns Hopkins Universiteti toplayır.

Bir gündə rekord sayda ölüm

Dünən ABŞ-da rekord sayda – 2 min 207 ölüm qeydə alınıb və son altı həftədə koronovirusdan ölənlərin sayı 58 min 355-ə çatıb.

Vyetnamda on ildən çox sürmüş müharibədə 58 min 220 amerikalı öldürülüb.

Bu arada ABŞ-da bəzi ştatlar və Avropanın bəzi ölkələri yoluxma hallarında azalmanın olduğunu bildirir, virusun yayılmasını önləməyi hədəfləyən qadağaları tədricən qaldırırlar.

ABŞ Prezidenti Donald Trump biznesləri yenidən açan ştatları alqışlayır. Amma bir neçə qubernator xəbərdarlıq edib ki, əhalini mağazalara, restoranlara buraxmaq üçün ehtiyat tədbirləri görülməlidir.

Dünya əhalisinin yarıdan çoxu bir neçə həftədir evdə qalır və siyasətçilərə təzyiq artmaqdadır – insanlar işlərinə qayıtmaq, idmana, çimərliyə getmək, saçlarını kəsdirmək istəyirlər.

Amma səhiyyə ekspertləri xəbərdarlıq edirlər ki, qadağalar tələsik qaldırılarsa, koronavirusa yoluxmaların ikinci dalğası gələ bilər. Dünya Səhiyyə Təşkilatı (DST) hətta sağalmış şəxslərin belə yenidən yoluxa biləcəyini mümkün sayır.

Avropa

İspaniya, İtaliya, Fransa liderləri bəzi yumşalmaya gediləcəyini, eyni zamanda bəzi tədbirlərin qüvvədə qalacağını bildiriblər.

İspaniyada qadağalar iki ay ərzində tədricən qaldırılacaq. İtalyanlar artıq gələn həftədən bayırda idman edə, qohumlara baş çəkə biləcəklər, amma maska taxmalıdırlar, qucaqlaşmaq, əl sıxmaq olmaz.

Fransa bildirib ki, gələn aydan mağazalar, marketlər, bəzi məktəblər açılacaq, ictimai nəqliyyatda maska taxmaq tələb olunacaq. Hələ bir neçə həftə evdən işləmək göstərişi qüvvədə qalacaq.

Bu ölkələrin hər birində koronovirusdan 23 mindən çox insan dünyasını dəyişib.

Almaniyada yoluxma göstəriciləri hələlik qarışıq görünür, ötən həftədən ölkədə bəzi mağazalar yenidən açılıb.

Britaniyanın Baş naziri Boris Johnson deyib ki, ölkəsinin digər Avropa ölkələrinə baxaraq qadağaları yüngülləşdirməsi üçün hələ çox tezdir.

Çində isə koronavirusun nəzarətə alındığı bildirilir, 13 gündür heç bir ölüm halı açıqlanmayıb. Virusun ilk dəfə baş qaldırdığı bu ölkədə rəsmi ölü sayı 4 min 633-dür, ancaq ekspertlər rəqəmlərin dəqiqliyinə şübhəylə yanaşırlar.

Çin parlamenti mayın 22-də illik iclasına başlamaq qərarına gəlib, planlaşdırıldığından iki aydan çox vaxt keçir. Xinhua agentliyinin məlumatına görə, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət yaxşılaşıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG