Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 05:34

Suriyada partlayışda azı 40 nəfər həlak olub


Suriya, arxiv fotosu

Aprelin 28-də Suriyanın şimalındakı Afrin şəhərində törədilmiş bomba partlayışında azı 40 nəfər həlak olub, 11-i uşaqdır. Bu şəhərə Türkiyənin dəstəklədiyi üsyançılar nəzarət edir.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı 11 uşaq daxil olmaqla 46 nəfərin öldürüldüyünü bildirir. Britaniyada yerləşən təşkilatın rəhbəri Rami Abdul Rahman 50 nəfərin yaralandığını, bəzilərinin ağır vəziyyətdə olduğunu deyib. Onun sözlərinə görə, ölü sayı arta bilər.

Türkiyənin Müdafiə Nazirliyi hücuma görə kürdlərin Xalq Mühafizə Birliklərini (YPG) ittiham edib. Ankara bu qruplaşmanı qadağan olunmuş Kürdüstan İşçi Partiyasına (PKK) bağlı terrorçu qrup hesab edir.

Partlayış Afrinin mərkəzində, insanların gur yerində törədilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus-un sözlərinə görə, adamlar iftar açmaq üçün alış-veriş etdikləri bir vaxtda bomba işə salınıb. O, bəyanatında hücumu pisləyib, ABŞ-ın Suriya boyunca atəşkəs çağırışını bir daha vurğulayıb.

Əsasən kürd anklavı sayılan Afrin 2018-ci ilin martında Türkiyə ordusu və onun Suriyada dəstəklədiyi üsyançılar tərəfindən tutulub.

Ərazidə əvvəllər də oxşar partlayışlar törədilib, ancaq bu, ən çox ölümlə nəticələnən hücumlardan sayılır.

Ankara adətən belə hücumlara görə YPG qruplaşmasını ittiham edir. Qruplaşma isə dinc sakinləri hədəfə almadığını bildirir.

XS
SM
MD
LG