Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:07

Çinin ‘maska diplomatiyası’ – Qərb mediası


Serbiyada bələdiyyə binasında Çin və Serbiyanın bayraqları təsvir olunub
Serbiyada bələdiyyə binasında Çin və Serbiyanın bayraqları təsvir olunub

Çin ötən ilin sonunda başlamış koronavirus pandemiyasına ilkin reaksiyasına görə bir çox ölkələrdə tənqid olunur. Amma “The Associated Press” agentliyi Pekinin Şərqi Avropada belə bir problem yaşamadığını, çətinliklə qazandığı nüfuzunu saxladığını yazır. Məhz bu məkanda Çin Avropa Birliyi və Rusiyayla nüfuz uğrunda rəqabət halındadır.

Pekin Serbiyaya, Macarıstana, Çexiyaya göndərdiyi tibbi yardıma görə həmin ölkələrin liderləri tərəfindən alqışlanır.

“Çin ‘maska diplomatiyası’ ilə – yumşaq güc, siyasi mesajlar və yardımlarla Pekini səxavətli və səmərəli müttəfiq kimi göstərməyə çalışır”, – agentlik yazır.

Onsuz da Çin illərdir cənub-şərqi Avropada Kəmər və Yol qlobal sərmayə layihələri ilə siyasi və iqtisadi nüfuzunu gücləndirirdi. Epidemiya dönəmindəki təbliğat Serbiya və Macarıstan kimi ölkələrdə özünə münbit şərait tapıb. Bu ölkələrin populist liderləri Pekin, yaxud Moskvayla sıx əlaqələr saxlayırlar.

“Səxavət siyasətində nüfuz uğrunda mübarizə daxil olmaqla geosiyasi komponentdən varlığından agah olmalıyıq. Faktlara silahlanaraq Avropanı bədxahlardan qorumalıyıq”, – AB-nin xarici siyasət rəsmisi Josep Borrel bu yaxınlarda Çinə eyhamla bloqunda yazırdı.

Pekin isə digər ölkələrə tibbi yardım göndərməklə siyasi mənfəət güdməsi barədə deyilənləri rədd edir, bu iddiaların Çinin Qərbdəki məqsədlərinin düzgün anlaşılmamasından qaynaqlandığını bildirib.

AB üzvlüyünə namizəd Serbiyada rəsmilər və dövlətin nəzarətində olan media Brüsselin verdiyi milyonlarla avroluq qrant və krediti gözardı edərək Çinin ianələrini göylərə qaldırıb. Müxalifət qrupları tələb ediblər ki, Çindən gələn yardım açıqlansın və AB-nin göndərdiyi ilə müqayisə olunsun. Amma bu çağırışlara fikir verən olmayıb.

Pandemiya ‘döyüşü’

“The Associated Press” başqa bir məqaləsində İranla Birləşmiş Ştatların indi də pandemiyanı döyüş meydanı kimi seçdiyini yazır.

Məqalədə deyilir ki, Tehran COVID-19 xəstəliyi ilə çarpışmasını önə çəkərək beynəlxalq rəyi ABŞ-ın sanksiyalarına yönəldir. Tehran dünya gücləri ilə 2015-ci il nüvə sazişindən kənara çıxaraq uran zənginləşdirməsinə baxmayaraq, Beynəlxalq Valyuta Fondundan 5 milyard dollar istəyib.

ABŞ Prezidenti Donald Trump 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxıb. Amma humanitar yardımın islam respublikasına göndərilməsində əngəl olmadığını bildirir.

Humanitar təşkilatlar isə Vaşinqtonun sanksiyalarının hətta icazə verilən ticarəti belə pozduğunu deyirlər.

“Soleimani-nin qətlindən sonra hamı düşünürdü müharibə olacaq, heç nə olmadı... Biz heç normal vəziyyətə də qayıtmadıq... İndi elə bir vəziyyətdəyik ki, istənilən addım asanlıqla münaqişəyə çevrilə bilər”, – Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Mahsa Rouhi deyir.

Bu ilin əvvəlində ABŞ İranın elit Qüds qüvvələrinin lideri Qassem Soleimani-ni Bağdad yaxınlığında dron zərbəsilə öldürüb. Bundan sonra ikitərəfli münasibətlər daha da gərginləşib.

Human Rights Watch insan haqları təşkilatı deyir ki, Amerika qanunları İranın süni nəfəs aparatları, tammaskalı respiratorlar, digər vacib tibbi avadanlığa çıxışını əngəlləyir.

“Beynəlxalq yardımın problemlərindən biri odur ki, sanksiyalarla bağlı hüquqi məsələlər aydınlaşmalı, tibbi avadanlıq və dərmanların İrana gətirilməsinə icazə verilməlidir. Bu, epidemiyanın ilk həftələrində ona reaksiyanı ləngitdi”, – “Relief International” təşkilatının İran üzrə direktoru Olivier Vandecasteele söyləyir.

XS
SM
MD
LG