Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

Neft bazarı nə vaxta özünə gələr– Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Bu gün – aprelin 14-də neft bahalanıb. Bu, ABŞ Prezidenti Donald Trump-ın hasilatçıların hasilatı günə 20 milyon barrel azaltmağı nəzərdən keçirdiyini deməsindən sonra baş verib. Bu rəqəm rəsmən açıqlanandan iki dəfədən artıq çoxdur.

“Frans Pres” agentliyi xəbər verir ki, Qərbi Texas nefti 2 faizə yaxın bahalanaraq 22,85 dollara, Brent neftinin bareli isə 1,5% bahalanaraq 32,26 dollara bərabərləşib.

OPEC+ alyansı bazar günü elan elədi ki, maydan gündəlik hasilatı 10 milyon barrelədək azaldacaq. Məqsəd COVID-19 pandemiyasının böyük zərbə vurduğu neft sektorunu dirçəltməkdir. Digər tərəfdən Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatı azaltmağa razılaşmaması da qiymətlərə təsirini göstərmişdi.

Amma bazar günkü açıqlamadan sonra da qiymətlərdə tərəddüd yaranmışdı, çünki bu açıqlama treyderləri sakitləşdirə bilməmişdi, axı, gündəlik tələbatın 25 milyon barrel azaldığı bildirilir.

“Adamlar deyirlər 10 milyon barrel azalacaq, amma biz real rəqəmin günə 20 milyon barrelə yaxın olacağını düşünürük”, – Trump koronovirusla bağlı brifinqdə deyib.

11 milyonadək amerikalı işçi

O, belə bir sövdələşmənin ABŞ-da milyonlarla iş yerini qoruya biləcəyini söyləyib.

“Bu tarixi addım ABŞ-da neft və qaz sənayesinin dəstəklədiyi 11 milyonadək amerikalı işçiyə kömək edəcək”, – o vurğulayıb.

Trump bu açıqlamadan öncə yazdığı tvitində bu böyük işi yoluna qoymaqda onunla birlikdə çalışmış hər kəsə, özəlliklə Rusiya və Səudiyyə Ərəbistanına təşəkkür etmişdi.

OPEK ilə qeyri-OPEK hasilatçılarının əldə etdiyi razılaşma hasilatın əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur. Amma neftə tələbat günə 25 milyon barrelədək azalıb, Şimali Amerikada hasilatçılar quyuları bağlayır, çünki xam nefti yığmağa yer yoxdur. “Pickering Energy Partners” şirkətinin investisiya rəsmisi Dan Pickering agentliyə deyib ki, razılaşmanın faydası ancaq ilin sonuna bilinər.

“Reallıq odur ki, işlər pis gedir. Onlar hələ bir neçə ay düzəlməyəcək”, – o vurğulayıb.

Təhlilçi Andy Lipow-nun fikrincə, bazar OPEC+ razılaşmasına hələ səssiz qalıb, çünki hasilatçıların ona nə dərəcədə əməl edəcəyi qeyri-müəyyəndir.

“Bir neçə aya qiymətlərdə hər hansı artım hasilatçıları daha artıq neft çıxarmağa həvəsləndirəcək”, – o söyləyib.

Hazırda ehtiyat çənləri sürətlə dolur və Lipow deyir ki, indi bazarlar Çin və Hindistan kimi böyük iqtisadiyyatların böyük həcmdə neft alıb-almayacağını gözləyir.

Trump ötən ay elan elədi ki, Birləşmiş Ştatlar Strateji Neft Fondunda saxlamağa “böyük həcmdə xam neft” alacaq.

Rusiyanın Enerji naziri Alexander Novak da deyirdi ki, neft bazarları “ən yaxşı halda ilin sonunadək” özünə gələ bilər.

Görünməmiş siyasi təzyiq

“The Associated Press” agentliyi isə yazır ki, Prezident Trump və bir qrup ABŞ senatoru hasilatın azaldılması razılaşmasının əldə olunması üçün OPEC və müttəfiqlərinə siyasi təzyiq göstərib.

Agentlik ABŞ tərəfindən görünməmiş belə bir addımın neft sənayesinin düşdüyü ümidsiz vəziyyəti üzə çıxardığını vurğulayır.

“Neft bazarlarında böhranlar olub, amma buna bənzəri olmamışdı”, – IHS Markit-in sədr müavini Dan Yergin deyir.

“Hətta 1986, yaxud 1988-ci ildə qiymətlər çökəndə belə tələbat qalxırdı. Bir gecəyə tələbatın 20-25 faiz azalması heç vaxt olmamışdı. Dünya iqtisadiyyatı heç vaxt bir gecəyə bağlanmamışdı”, – o, sözlərinə əlavə edib.

“Prezidentin ər-Riyada zəng edərək neft bazarında pozuntuların həllində kömək istəməsi yeni bir şey deyil. Amma bu dəfəki təzyiqin miqyası,... hələ Böyük 20-liyi demirəm, razılaşdırılan ixtisarın həcmi OPEC tarixində nadir hadisədir”, – Kolumbiya Universitetinin Qlobal enerji Siyasəti Mərkəzinin təsisçi direktoru Jason Bardoff deyib.

Agentlik yazır ki, OPEC ölkələrində neft hasilatına əsasən dövlət nəzarət etdiyindən hasilatı azaltmaq, artırmaq məsələsi çətin deyil. Amma Birləşmiş Ştatlarda minlərlə müstəqil neft hasilatçısı var, buna görə də hasilatın azaldılmasını koordinasiya edərək qüvvəyə mindirmək müşkülə çevriləcək, hətta ekspertlər bunu mümkün saymırlar.

XS
SM
MD
LG