Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:20

Neft hasilatını görünməmiş həddə azaltmağa razılaşıblar


Arxiv fotosu
Arxiv fotosu

OPEC, Rusiya və digər neft hasil edən ölkələr hasilatı görünməmuş həddə azaltmağa razılaşıblar. Məqsəd koronovirus pandemiyası və qiymət müharibəsindən dolayı rekord həddə enmiş qiymətləri qaldırmaqdır.

Rusiya da daxil 23 neft istehsalçısı olan ölkəni birləşdirən OPEC+ aprelin 12-də gecə bildirib ki, may və iyunda hasilatı gündə 9,7 milyon barrel azaltmaqla bağlı razılaşma əldə ediblər.

Razılaşmada həmçinin OPEC+ üzvlərindən 2022-ci ilin aprelinədək gündəlik hasilatı 6 milyon barrel azaltmaq xahiş olunur.

“Hamı üçün böyük sazişdir”

“OPEC+ ilə böyük Neft Sazişi hazırdır. İndicə onlarla danışdım… Hamı üçün böyük sazişdir”, – ABŞ Prezidenti Donald Trump tvitində yazıb.

Trump deyib ki, bu razılaşma “Birləşmiş Ştatlarda enerji sektorunda yüzminlərlə iş yerini xilas edəcək”. O, Rusiya Prezidenti Vladimir Putini, Səudiyyə Ərəbistanının Kralı Salmanı da təbrik edib.

Kremlin aprelin 13-də səhər bildirməsinə görə, Putin Trump və Kral Salmanla üçtərəfli telefon söhbəti aparıb, hər üçü sazişə dəstək ifadə ediblər.

Kreml onu da bildirib ki, Putin ayrılıqda Trump ilə neft bazarı və digər məsələləri müzakirə edib.

“Reuters” agentliyi OPEC+ təşkilatının bəyanatının layihəsini görüb. Qrup mayın 1-dən başlayaraq qlobal təchizatın günə 20 milyon barreldən artıq, yaxud 20 faizədək azaldılacağını gözləyir.

Buraya qeyri-üzv ölkələrin töhfələri, təşkilatın bəzi üzvlərinin könüllü şəkildə daha kəskin ixtisarları, dünyanın ən böyük istehlakçılarının strateji alışları daxildir.

30 milyon barrel kompensasiya olunmur

Amma hasilatın planlaşdırılan ixtisarı belə koronavirus pandemiyası ucbatından dünya üzrə azalmış yanacaq istehlakını kompensasiya etmir. İstehlakın günə təxminən 30 milyon barrel azaldığı bildirilir.

Epidemiyayla bağlı məhdudlaşdırmalardan dolayı qlobal səyahətlər məhdudlaşdırılıb, sənaye daxil digər enerji işlənən sektorlar yavaşıyıb.

Razılaşma açıqlanandan sonra qiymətlər dərhal qalxsa da, aprelin 13-də tezdən Asiya bazarlarında itkilər yaşanıb.

Bazar təhlilçilərinin mövqeyincə, razılaşma investorlara iqtisadiyyatla bağlı nikbinliyə səbəb verməyib.

Rusiyanın Enerji naziri Aleksandr Novak aprelin 13-də gecə deyib ki, razılaşmaya əsasən, Rusiya və Səudiyyə Ərəbistanı hərəsi gündəlik hasilatı hərəyə 2,5 milyon barrel azaldacaq.

İranın Neft naziri Bijan Zanganeh-nin dövlət televiziyasına bildirməsinə görə, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri öz aralarında əlavə 2 milyon barrel ixtisara razılaşıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG