Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Rusiyada rekord gündəlik yoluxma aşkarlanıb


Vladivostokda bərbərxana, 12 aprel, 2020-ci il
Vladivostokda bərbərxana, 12 aprel, 2020-ci il

Rusiya aprelin 13-də rekord sayda – 2 min 558 gündəlik yoluxma aşkarlandığını bildirib. Ölkə üzrə yoluxma sayı 18 min 328-ə çatıb.

Ölkənin koronovirus böhranına reaksiya üzrə işçi qrupu bir gündə virusdan daha 18 nəfərin öldüyünü, ümumi ölü sayının 148-ə yüksəldiyini bildirib.

Rəsmi rəqəmlərə Rusiya və xaricdə tənqidçilər şübhəylə yanaşır, hakimiyyətin real statistikanı gizlətməsindən şübhələnirlər.

Son açıqlamadan bir neçə sata öncə hakimiyyət xəstəliyin yayılmasını önləmək üçün Pasxa bayramında Moskvada və ətrafındakı kilsələrdə qadağaları elan edib.

Rusiya Pravoslav Kilsəsi bu il Pasxanı aprelin 19-da keçirəcək. Kilsələrə tapşırılır ki, sonu bayramla bitəcək bu müqəddəs həftə ərzində qapılarını çoxsaylı ziyarətçilərin üzünə bağlasınlar.

Təxminən iki həftədir Moskva və digər regionlar karantin altındadır. Rusiya rəsmiləri aprelin 11-də yeni koronavirus yoluxmalarının “nəhəng dalğası” haqda xəbərdarlıq edib, Moskvadakı xəstəxanaların sürətlə dolduğunu bildiriblər.

Zavodlar işə düşür, kitabçılar müraciət edir

Artıq bu gün – aprelin 13-dən “Avtovaz”, “GAZ”, Ulyanovsk avtomobil zavodu və BMW, KIA və Hyundai avtomobillərinin yığıldığı “Avtotor” Kalininqrad holdinqi konveyerlərini işə salır. TASS xəbər verir ki, bu müəssisələrin hamısı istehsalın bərpasına icazə alıblar və koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndiriblər.

Martın 30-dan, Prezident Vladimir Putinin sərəncamına əsasən Rusiyada avtomobillərin buraxılması dayandırılıb. Sonradan qeyri-iş günləri aprelin 30-dək uzadılınca bəzi avtozavodlar yerli hakimiyyətlərdən istehsalı bərpa etməyə icazə istəyiblər.

“Kamaz” konveyeri aprelin 6-dan fəaliyyətini bərpa edib. Zavodun direktoru demişdi ki, işin bir həftə dayandırılması zavoda 2 milyard rubla başa gəlib.

Aprelin 6-dan Vladivostokdakı Mazda Sollers zavodunun, Yaroslavl motor zavodunun və bir sıra digər müəssisələrin fəaliyyəti də bərpa olunub.

Bu arada Rusiya yazıçıları, naşirlər və kitab mağazaları hökumətdən kitab industriyasına dəstək istəyiblər. Məktubu 500-dən artıq imzalayan olub. Onların sırasında yazıçılar Viktor Pelevin, Quzel Yaxina, Dina Rubina, Darya Dontsova da var.

Müəlliflər hökumətdən kitabları ilkin tələbat malları siyahısına salmağı xahiş edirlər ki, kitab mağazaları epidemiya şəraitində işlərini bərpa edə bilsinlər.

Təkcə mart ayı ərzində kitab mağazaları satışın 60 faizindən çoxunu itiriblər. Mağazaların bir aylığa və daha uzun müddətə bağlanması isə kitab industriyasının məhvinə gətirər, müraciətdə deyilir.

2019-cu ildə Rusiyada kitab bazarının həcmi 92 milyard rubl təşkil edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG