Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:31

Dünya xəbərləri

Berdymukhammedov yeni şəhərin salınmasına 1,5 milyard dollar ayırır

Gurbanguly Berdymukhammedov
Gurbanguly Berdymukhammedov

Türkmənistanın avtoritar lideri Gurbanguly Berdymukhammedov hökumətə göstəriş verib ki, yeni şəhərin salınması üçün xarici ölkələrdən avadanlıq və materialın cəlb olunmasına 1,5 milyard dollar ayırsın.

Qazla zəngin bu Orta Asiya ölkəsinin dövlət mediası fevralın 3-də yazıb ki, prezident yeni şəhər üçün lazımlı tikinti materialları, avadanlıq və digər gərəkənlərin idxalı üzrə sərəncam imzalayıb.

Hələ adı bəlli olmayan şəhər Ahal regionunun yeni paytaxtı olacaq. Bu region iyundan prezidentin 38 yaşlı oğlu Serdar Berdymukhammedov tərəfindən idarə olunur. Bəzi müşahidəçilər liderin yeganə oğlunu onun mümkün varisi hesab edirlər.

Bu sənəd hökumətin idxalı məhdudlaşdırdığı bir dönəmə təsadüf edir. Ölkədə xarici valyuta qıtlığı yaşanır, enerji qiymətləri düşür.

62 yaşlı Berdymukhammedov 2006-cı ildən Türkmənistanı idarə edir, narazıları susdurur, özü şəxsiyyətə pərəstiş obyektinə çevrilib. Türkmənlər ona Arkadağ (Qoruyucu) deyirlər.

Hökumət tənqidçiləri və insan haqları qruplarının fikrincə, avtokrat lider Saparmurat Niyazovun ölümündən sonra prezident postuna keçən Berdymukhammedov bu qapalı ölkədə yalnız cüzi dəyişikliklər edib, hakimiyyətini möhkəmləndirib.

Bütün xəbərləri izləyin

Ukrayna Rusiyanın yanacaq-enerji kompleksinə dron zərbələri endirib

Smolenskdəki zavod zərbədən sonra
Smolenskdəki zavod zərbədən sonra

Rusiyanın Smolensk vilayətində Ukrayna dronlarının zərbələri nəticəsində yanacaq-enerji komplekslərinin obyektlərində yanğınlar baş verib.

Bu barədə məlumatı vilayətin qubernatoru Vasili Anoxin verib:

"Böyük bir ehtimalla düşmənin Smolensk vilayətindəki mülki yanacaq-enerji obyektlərinə hücumu nəticəsində Smolensk və Yartsevo rayonlarının ərazilərində yanğın baş verib. FHX yanğının aradan qaldırılmasına səylər göstərir”.

Qubernator hadisə nəticəsində ölən və xəsarət alanların olmadığını əlavə edib.

Bu arada şahidlər Smolensk neftayırma zavodunda baş vermiş yanğın haqqında məlumat yayıblar.

Yerli sakinlərin dediyinə görə Yartsevo rayonundakı neftayırma zavodu hücuma məruz qalıb.

Bundan əvvəl SHOT teleqram kanalı öz abunəçilərinin məlumatlarına istinadla Smolensk yaxınlığında, Razdorovo kəndindəki neft bazasına bir və ya bir neçə dron zərbəsi endirildiyini xəbər vermişdi.

RBK Ukraina agentliyi və Ukraynanın başqa mediaları Rosneft şirkətinin Yartsevo və Razdorovo məntəqələrində iki neft bazasına və yanacaq-yağlama materiallarının nasos stansiyalarına dronların hücum etdiyini yazıblar. Bu bazada 26 min kubmetr neftin olduğu xəbər verilir.

Ötən həftənin axırında Smolensk qubernatoru dron hücumdan sonra istilik-enerji kompleksinin obyektində yanğın baş verdiyini bildirmişdi.

Hadisənin vilayətin mərkəzi ərazilərində baş verdiyi bildirilirdi. Bu ərazidə Lukoil şirkətinin Kardımovo neft bazası yerləşir.

Yanacaq istehsalı 14 faiz azalıb

Ukrayna dronları bu ilin əvvəllərindən Rusiyada 18 neftayırma zavoduna hücum ediblər. Bu zərbələr nəticəsində Rusiyada yanacaq istehsalı 14 faiz azalıb.

Mart ayında Rosneftin Ryazandakı və Lukoil şirkətinin Nejeqorod vilayətindəki neftayırma zavodlarına hücum edilmişdi.

Hər iki müəssisə Rusiyanın ən böyük neftayırma zavodlarının ilk onluğuna daxildir. Bu müəssisələr habelə paytaxt Moskvanı yanacaqla təchiz edirlər.

Kiyev bir qayda olaraq Rusiyanın neft zavodlarına dron zərbələri üçün məsuliyyəti üzərinə götürmür və hadisələri şərh etmir.

Aprelin 24-ə keçən gecə Voronej, Belqorod, Kursk və Lipetsk vilayətlərinin qubernatorları dron hücumlarının olduğu barədə məlumat veriblər.

ABŞ prezidenti Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanunu imzalayıb

ABŞ Konqresi
ABŞ Konqresi

ABŞ prezidenti Co Bayden Ukraynaya 60 milyard dollardan çox yardım nəzərdə tutan qanun layihəsini imzalayıb.

Bayden bu barədə bəyanatı aprelin 24-də Ağ evdə keçirdiyi brifinqdə verib.

Ağ evdən verilən məlumatda deyilir ki, Ukraynaya silahların çatdırılmasına yubadılmadan, elə bu həftədən başlanacaq.

Hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri üçün sursat, artilleriya qurğuları, raket sistemləri və zirehli texnika daxildir.

ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqləyib

ABŞ Konqresinin yuxarı palatası olan Senat aprelin 23-ü axşam ABŞ-ın müttəfiqlərinə 95 milyard dollardan çox hərbi yardım ayırmağı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Ümumi yardım paketinin təxminən 61 milyard dolları Ukrayna üçün nəzərdə tutulub.

Qanun layihəsi böyük səs çoxluğu ilə qəbul edilib: 79 lehinə, 18 əleyhinə.

Senatda keçirilən səsvermə kompromis tapmaq üçün altı ay davam edən prosesə son qoydu. Mühafizəkar respublikaçılar Ağ evdən ABŞ-ın cənub sərhədində təhlükəsizliyi gücləndirməyi və başqa güzəştlərə getməyi tələb edərək Ukraynaya yardımın qarşısını alırdılar. Onlar istədiklərinə tam nail olmadılar, lakin keçən həftə Nümayəndələr Palatası Ukrayna, İsrail, Tayvan və ABŞ-ın digər müttəfiqlərinə yardımı təsdiqlədi.

Qanun layihəsi indi imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.

+++

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün teleqram kanalında yazıb ki, "Birləşmiş Ştatların Ukraynaya, İsrailə və Tayvana hərbi yardım ayırmaları dünya böhranlarını daha da dərinləşdirəcək".

Zaxarova Ukraynaya yardımı "terrorçu fəaliyyətə birbaşa dəstək" adlandırıb.

Spikerin cəsarəti

Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson Ukraynaya yardım layihəsi ilə bağlı istefa hədələri ilə üzləşmişdi.

Bir neçə respublikaçı konqresmen onun istefasının səsə qoyulacağı ilə hədələmişdi.

ABŞ Konqresi ötən ilin payızından bəri demokratlar və respublikaçılar arasında fikir ayrılığına görə Ukraynaya yardım paketini saxlamalı olmuşdu.

Ukrayna hazırda cəbhə xəttində kəskin silah-sursat çatışmazlığı ilə üzləşib.

Kitabları yoxlamağa şura yaradılıb

Moskvada "Vesna" beynəlxalq kitab sərgisi
Moskvada "Vesna" beynəlxalq kitab sərgisi

Rusiya Kitab İttifaqının (RKS) bazasında bu ölkədə çap, elektron kitab nəşrlərinin qanunvericiliyə uyğunluğunu qiymətləndirən və pozuntular aşkar edildikdə onların aradan qaldırılması üçün tövsiyələr verən ekspert mərkəzi fəaliyyətə başlayıb. Bu barədə "Vedomosti"də yazılıb.

Ekspert mərkəzi bir sıra məsələlərlə yanaşı, tədris, normativ və rəsmi kitablar istisna olmaqla, bütün kitablarda "LGBT təbliğatı" ilə bağlı qanun pozuntularının aşkarlanması ilə məşğuldur. Bu zaman kitabların müsadirəsi ilə bağlı yekun qərarı nəşriyyat özü verir.

Bundan əvvəl mərkəzin mütəxəssislərinin tövsiyəsi ilə AST nəşriyyatı Vladimir Sorokinin "İrs", Maykl Kanninqemin "Dünyanın sonundakı ev" və Ceyms Bolduinin "Covanninin otağı" romanlarının satışını dayandırıb.

Aprelin 23-də AST nəşriyyatı Hanya Yanaqiharanın "Kiçik həyat" və Madlen Millerin "Axill nəğməsi" romanlarını satışdan çıxarmaq qərarına gəlib. AST qərara əsas kimi bu kitablarda "LGBT təbliğatı" əlamətlərinin olmasını göstərib. AST saytında "Kiçik bir həyat" romanının yer aldığı səhifə indi əlçatan deyil.

Fevralın sonunda məlum olub ki, "Sber" bankına məxsus "Meqamarket" platforması "LGBT təbliğatı" səbəbindən 250-dən çox kitabı satışdan çıxarıb.

2022-ci ilin dekabrında prezident Vladimir Putin Rusiyada LGBT təbliğatını tamamilə qadağan edən qanun imzalayıb.

Əvvəllər belə qadağa yalnız yetkinlik yaşına çatmayanlar ilə bağlı idi. Yeni qanun, müəlliflərin fikrincə, homoseksuallıq, biseksuallıq, transseksualizm haqqında məlumatların mediada, internetdə, reklamda və sənət əsərlərində yayılmasının qarşısını almalıdır. Onu pozanlara böyük cərimələr nəzərdə tutulur - vətəndaşlara 400 min rubla (4 min 320 dollar), təşkilatlar üçün isə 5 milyon rubla (54 min dollar) qədər.

Ötən ilin noyabrında Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin tələbi ilə "beynəlxalq LGBT hərəkatı"nı qadağan etmək və onu ekstremist kimi tanımaq qərarına gəlib.

Rusiya müdafiə nazirinin müavini saxlanıb. Navalnı yazırdı...

Timur İvanov
Timur İvanov

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanıb. Bu barədə aprelin 23-ü axşam Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İdarə başqa təfərrüatları açıqlamır.

T.İvanovun 49 yaşı var. 2016-cı ilin mayında Rusiya prezidentinin fərmanı ilə o, müdafiə nazirinin müavini təyin edilib.

T.İvanov qoşunların mənzil təminatı, nazirlik obyektlərinin tikintisi və əsaslı təmiri, habelə hərbi ipoteka məsələlərinə nəzarət edir. O, Silahlı Qüvvələrin əsas məbədinin tikintisi ilə də məşğul idi.

Müdafiə nazirinin müavini ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyaları altındadır.

2022-ci ilin dekabrında müxalif siyasətçi Aleksey Navalnının (bu il həbsdə vəfat edib) komandası T.İvanovun ailəsi ilə bağlı araşdırma dərc edib. Bu materialda bildirilirdi ki, İvanovla xanımı Svetlana tətilə, villa və yaxtaların kirayəsi, zinət əşyaları, həmçinin paltarlar üçün 1 milyon avro xərcləyib. Məmurun xanımının şəxsi hesablarını isə Ukraynanın hərbi əməliyyatlar nəticəsində dağılmış Mariupol şəhərinin bərpası ilə məşğul olan şirkət ödəyib.

Paşinyan: 'KTMT bel bağlanası mexanizm deyil'

Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanı salamlayır.
Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanı salamlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalması ilə bağlı suala cavabı olmadığını deyib.

Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib ki, KTMT 2021 və 2022-ci illərdə Azərbaycanın Ermənistana hücumu zamanı (Azərbaycan bunu inkar edir) sərhədlərin delimitasiya olunmadığını əsas gətirərək cavab mexanizmlərini işə salmayıb: "Bu o deməkdir ki, onlar KTMT-nin mövcud olmadığını deyirlər, çünki, məsələn, Rusiya ilə Yaponiya arasında sərhəd delimitasiya olunmayıb".

Onun sözlərinə görə, KTMT üzv ölkələrin, Rusiya, Ermənistan və digərlərinin bel bağlaya biləcəyi mexanizm kimi mövcud deyil.

"Cəmiyyətimiz bizə deyir ki, niyə KTMT-nin üzvü olmağa davam edirsiniz? Düzünü desəm, bu suala cavabım yoxdur".– Paşinyan bildirib.

Paşinyan britaniyalı jurnalistlərə müsahibəsində Azərbaycandan Ermənistan ordusunun islahı və modernləşdirilməsi ilə bağlı bəyanatların ölkəsində yaratdığı narahatlıqdan danışıb. Baş nazirin sözlərinə görə, heç bir ölkə başqa ölkənin döyüşə hazır orduya malik olmaq hüququna etiraz edə bilməz: "Döyüşqabiliyyətli ordunun olması sülh, qüvvələr balansının düzgün formalaşması üçün də vacibdir".

"Biz müharibəyə hazırlaşmırıq, sülhə hazırlaşırıq, lakin digər tərəfdən, Ermənistan Respublikasının hücuma məruz qalmayacağına əmin olana qədər, təbii ki, müdafiə qabiliyyətimizi inkişaf etdirməliyik", - o, sözlərinə əlavə edib.

Baş nazir vurğulayıb ki, Ermənistan hazırda demarkasiya prosesinə daxil olur və bu, xüsusilə təhlükəsizlik risklərinin azaldılması baxımından son dərəcə vacibdir.

KTMT-ə Ermənistandan başqa Rusiya, Belarus, Tacikistan, Qazaxıstan və Qırğızıstan daxildir.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Kadırov xəstədir, onu Alaudinov əvəz edə bilər -KİV

Ramzan Kadırov və Apti Alaudinov
Ramzan Kadırov və Apti Alaudinov

Kreml, çox güman ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun varisi ilə bağlı qərar verib.

"Novaya Gazeta Europe" nəşrinin hazırladığı araşdırmaya görə, bu, xüsusi təyinatlı "Axmat"ın komandiri Apti Alaudinovdur.

Aprelin 16-da prezident Vladimir Putin Alaudinovun Rusiya Müdafiə Nazirliyi Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb. Nəşrin tədqiqatçıları bu təyinatı Alaudinovun gələcək "möhtəşəm" karyerasında pillə adlandırıblar.

Qəzet xatırladır ki, 2023-cü il dekabrın 18-də Moskvada "Vahid Rusiya"nın qurultayı keçirilib və orada nümayəndələr Putinin beşinci müddətə prezidentliyə namizədliyini dəstəkləyiblər. Qurultayda Alaudinov da çıxış edib. O, xüsusilə ənənəvi dəyərlərdən və dindən danışıb. A.Alaudinovun bu çıxışı onun sürətli karyera yüksəlişinin ilk mühüm siqnalı oldu, - "Novaya Gazeta Europe"də yazılıb.

Yanvarda Alaudinovun prezident seçkisində Putinin vəkili olması xəbəri yayıldı. Martda Alaudinov "Vaqner" özəl hərbi şirkətinin 3 min döyüşçüsünün rəhbərlik etdiyi "Axmat" xüsusi təyinatlı dəstəsinə köçürülməsi ilə bağlı danışıqları uğurla başa çatdırdı, apreldə isə Müdafiə Nazirliyi yanında "siyasi rəhbər" (politruk) təyin edildi.

"Novaya Gazeta Europe" iddia edir ki, həkimlərin mədəaltı vəzinin nekrozu diaqnozu qoyduğu R.Kadırovun səhhəti tam sağalmağa ümid vermir. Həmçinin bildirilir ki, 2023-cü ildə Kadırov şiddətli ağrı və yuxusuzluq səbəbindən qəbul etdiyi dərmanın həddindən artıq dozası səbəbindən medikamentoz komaya salınıb. Nəşrin mənbələri iddia edir ki, bundan sonra həkimlər Kadırovun vəziyyətini stabilləşdirə biliblər, lakin onun beyninin müayinəsinin nəticələri "Kadırovun qohumlarını sarsıdıb".

Çeçenistan rəhbərinin səhhətindəki problemlər rəsmən təsdiqlənmir.

Redaksiyada hesab edirlər ki, ötən ilin sentyabrından Rusiya Prezident Administrasiyası Çeçenistanda hakimiyyətin məcburi dəyişdirilməsi halında ssenari hazırlamağa başlayıb.

Rəsmi məlumatlara görə, Alaudinov Stavropol diyarının Novoselski rayonunda zabit ailəsində anadan olub. 2001-ci ildə (Çeçenistanda döyüşlər davam edərkən) o, Çeçenistan Dövlət Universitetində hüquqşünas diplomu alıb, sonra prokurorluqda işə düzəlib.

Alaudinov 29 yaşında Daxili İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi və nazir müavini vəzifələrinə qədər yüksəlib.

2021-ci ildə onun Kadırova sui-qəsddə iştirakına aid şayiələrə görə vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. 2022-ci ildə Ukraynaya qarşı müharibədə iştirakına görə Putin Alaudinova "Rusiya Qəhrəmanı" adı verib.

ABŞ İsrail batalyonuna sanksiya planlaşdırır

"Netzah Yehuda" batalyonunun əsgərləri
"Netzah Yehuda" batalyonunun əsgərləri

ABŞ Dövlət Departamentinin İsrail Müdafiə Ordusunun bölmələrindən biri "Netzah Yehuda"ya sanksiyalar tətbiq etmək niyyətində olduğu bildirilir.

Departamentin məlumatına görə, bu bölmənin əsgərləri İordan çayının Qərb sahilində fələstinli ərəblərin hüquqlarını pozur, - "Axios" mənbələrə istinadən yazır.

"Netzah Yehuda" batalyonunda ultradini icmalardan olan israillilər xidmət çəkirlər. Sanksiyalar o deməkdir ki, bölmə ABŞ-dan heç bir yardım və ya təlim ala bilməyəcək.

Nəşrin həmsöhbətləri deyiblər ki, bu qərar Dövlət Departamentinin xüsusi komissiyasının batalyonun fəaliyyəti ilə bağlı araşdırması əsasında qəbul edilib. Təhqiqat 2022-ci ilin sonlarında fələstinlilərə qarşı zorakılıqda hərbçilərin iştirakı ilə bağlı xəbərlərdən sonra başlayıb.

"Axios"un məlumatına görə, araşdırmanın səbəblərindən biri 2022-ci ilin yanvarında Fələstin əsilli 78 yaşlı amerikalı Ömər Əsədin ölümü olub. "Netzah Yehuda" əsgərləri onu İordan çayının Qərb sahilində bir kənddəki keçid məntəqəsində saxlayıblar. Bildirildiyinə görə, Ömər Əsəd yoxlamadan keçməkdən imtina edib, onun əllərini qandallayıb soyuqda saxlayıblar. Bir neçə saat sonra onun ürəktutmasından öldüyü, bundan sonra iki israilli zabitin işdən çıxarıldığı vurğulanır.

2022-ci ilin dekabrında İsrail "Netzah Yehuda" bölməsini İordan çayının Qərb sahilindən çıxarıb. Bundan sonra batalyon, əsasən, ölkənin şimalında olub və Qəzza zolağında döyüşlərdə iştirak edib.

"Axios" qeyd edir ki, ABŞ bununla ilk dəfə İsrail ordusunun bölməsinə sanksiya tətbiq etmiş olacaq. Bunun ardınca İsrail ordusu və polisinin İordan çayının Qərb sahilində fəaliyyət göstərən bölmələri ilə bağlı digər oxşar addımlar da atıla bilər.

İsrailin baş naziri Benyamin Netanyahu "Netzah Yehuda" batalyonuna mümkün sanksiyaları "absurdluğun zirvəsi" adlandırıb.

İsrailin İrana cavab hücumu...

İsfahandakı hərbi baza yaxınlığında partlayış səsləri eşidilib
İsfahandakı hərbi baza yaxınlığında partlayış səsləri eşidilib

İsrail aprelin 13-dən 14-nə keçən gecə hücuma cavab olaraq İranda bir obyektə raket zərbəsi endirib. Bu barədə aprelin 19-da səhər saatlarında "ABC News" ABŞ rəsmisinə istinadən məlumat yayıb.

İranın İsfahan şəhərindəki hava limanı və 8-ci Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında üç güclü partlayış səsi eşidilib.

İran kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan üzərində bir neçə dronu vurub.

İsrailin İran ərazisinə zərbəsi məhdud olub, - "Fox News" ABŞ-dakı hərbi mənbəyə istinadən yazıb.

İran rəsmisi də, öz növbəsində, İsrailin zərbə zamanı raketlərdən istifadə etmədiyini bildirib, partlayış səsləri isə hava hücumundan müdafiənin işi ilə əlaqədardır – "Reuters" xəbər verir.

"The New York Times" İran mənbələrinə istinadən hücumların hədəfinin İslam Respublikasının 8-ci Hərbi Hava Qüvvələrinin "Şəkəri" bazası olduğunu bildirib

"Bloomberg" məlumatlı mənbəyə istinadən yazır ki, İsrail İrana qarşı cavab tədbirləri planları barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib.

Eyni zamanda, ABŞ hakimiyyəti belə bir hücumu dəstəkləməyib, - Ağ Evdəki mənbə CNN-ə aydınlıq gətirib.

Ağ Ev: ABŞ İranla müharibəyə can atmır

Amerika Birləşmiş Ştatları (ABŞ) İsrailə özünü təhdidlərdən qorumağa kömək etməyə davam edəcək. Lakin İranla müharibə və ya Yaxın Şərqdə münaqişənin genişlənməsinə can atmır.

Bunu aprelin 14-də ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi İranın həmin günün gecəsi İsrailə yüzlərlə dron və raketlərdən istifadə etməklə həyata keçirdiyi hücumu dəyərləndirərkən deyib.

Tehran bu hücumun İranın Dəməşqdəki konsulluğuna endirilən zərbəyə cavab olduğunu və əməliyyatın məqsədlərinə çatdığını bildirir (Aprelin 2-də İranın Suriyadakı diplomatik missiyasının ərazisinə İsrailin ehtimal edilən hava hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 üzvü həlak olub). İran hazırda münaqişəni daha da gərginləşdirməyə çalışmadığını, əksinə, İsrailin onun ərazisinə hücumlar edəcəyi təqdirdə daha güclü zərbələrlə buna qarşılıq verəcəyini bəyan edib.

'Növbəti hədəf ola bilər' - İranın İsrailə hücumu. ABŞ müttəfiqləri toplayır
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Bundan əvvəl Amerika mediası Ağ Evdəki yüksək vəzifəli məmurlara istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində ölkəsinin İrana qarşı heç bir hücum əməliyyatında iştirak etməyəcəyini bildirib. Eyni zamanda o, Netanyahunu əmin edib ki, ABŞ İsraili qorumağa sadiqdir. ABŞ aprelin 14-ü gecə İsrailə hücumun dəf olunmasında iştirak edib.

İsrail Müdafiə Ordusunun məlumatına görə, İran tərəfindən buraxılan raketlərin və dronların 99 faizi, ümumilikdə 300-dən çoxu (əksəriyyəti də İsrail ərazisindən kənarda) vurulub. İsrail Neqev səhrasındakı bir hərbi bazaya cüzi ziyan dəydiyini bildirib.

İran isə öz növbəsində, İsraildə nəzərdə tutulan bütün hərbi obyektləri vurduğunu iddia edir.

"ABC News" bir ABŞ rəsmisinə istinadən İranın azı doqquz raketinin İsrailin hava hücumundan müdafiə sistemini keçərək iki hava bazasını vurduğunu xəbər verir. Bildirildiyinə görə, beş raket İsrailin "Nevatim" aviabazasına düşüb, C-130 nəqliyyat təyyarəsinə, uçuş-enmə zolağına və anbar obyektlərinə ziyan vurub. Dörd raketin isə İsrailin Neqev səhrasındakı hava bazasına düşdüyü vurğulanıb.

'Qorxuruq... İran böyük dövlətdir'. İsrailli sakinlərlə söhbət
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

"Uyğun gördüyü vaxt və şəkildə"

İsrail Nazirlər Kabineti İrana mümkün cavabları müzakirə edir. Medianın məlumatına görə, sərt xətt tərəfdarları İrandakı hədəflərə birbaşa zərbə endirilməsinin tərəfdarıdırlar. "The New Times" qəzetinin yazdığına görə, birbaşa zərbə hazırlanırdı, lakin Netanyahu ilə Bayden arasında telefon danışığından sonra, Vaşinqtonun rəyi nəzərə alınaraq, onun ləğv olunduğu və ya təxirə salındığı ehtimal edilir.

İsrail hərbi kabinetinin üzvü Benni Qants Tehrana qarşı "regional koalisiya"dan danışaraq qeyd edib ki, ölkəsi İrana "uyğun gördüyü vaxt və şəkildə" cavab verəcək. Bəzi fikirlərə görə, bu bəyanatlar onu göstərə bilər ki, İrana qarşı təcili cavab tədbirləri hazırda İsrailin prioriteti deyil.

Agentliklər aprelin 14-də bildiriblər ki, İran hücumdan əvvəl Birləşmiş Ştatların NATO müttəfiqi olan Türkiyəni bununla bağlı məlumatlandırıb və ABŞ da, öz növbəsində, Ankara vasitəsilə Tehrana zərbələrin "müəyyən hədləri" aşmayacağı barədə gözləntilərini çatdırıb. Söhbət diplomatik mənbələrdən alınan qeyri-rəsmi məlumatdan gedir. Onlar qeyd edirlər ki, İsrail ordusunun hava hücumundan müdafiə sistemləri ilə təchizat dərəcəsi və müttəfiqlərinin köməyi nəzərə alınmaqla, İran, ehtimal, hücumun, əsasən, nümayiş xarakteri daşımasını nəzərdə tuturdu.

Fransada Lyudmila Putinanın ərinin villası müsadirə edilib

"Süzanna" villası
"Süzanna" villası

Fransa hökuməti Lyudmila Putinanın hazırda əri olduğu bildirilən, rusiyalı işadamı Artur Oçeretnıya məxsus villanı müsadirə edib .

Fransanın "Challenges" nəşri aydınlaşdırıb ki, müsadirə qərarı "Transparency International" antikorrupsiya təşkilatının həmin əmlakın alındığı vəsaitin mənşəyinin yoxlanılması ilə bağlı müraciətindən sonra verilib.

Qeyd olunur ki, Biskay körfəzinin sahilində, Biarrits kurortunun yaxınlığında yerləşən "Süzanna" villası təxmini 5.4 milyon avro dəyərləndirilir. Malikanəyə bitişik ərazi ilə birlikdə onun ümumi sahəsi isə 5 min kvadratmetrdir.

Villanı Oçeretnı 2013-cü ildə, Lyudmila Putina və Rusiya prezidenti Vladimir Putin boşandıqlarını elan etdikləri vaxt alıb.

Amma Putinanın ikinci evliliyi rəsmi olaraq açıqlanmayıb. KİV-in məlumatına görə, o, 2015-ci ildə işadamı Oçeretnı ilə ailə həyatı qurub.

2022-ci ilin avqustunda Aleksey Navalnının tərəfdaşlarının dərc etdikləri araşdırmaya görə, A.Oçeretnı və L.Putina İspaniyanın Malaqa şəhərində toplam 2 milyon avro dəyərində iki, İsveçrənin Davos şəhərində isə 3 milyon yarım avro qiymətində bir mənzilə sahibdirlər. Bildirilir ki, bu cütlük Moskvanın mərkəzindəki yerlərin icarəyə verilməsindən də qazanc götürür və bu, onlara ildə 250 milyon rubl (2 milyon 660 min dollar) gəlir gətirir.

Qızını məktəbə buraxmamaqda günahlandırılan xadimə cərimələnib

Tacikistanda məktəb
Tacikistanda məktəb

Tacikistan paytaxtı Düşənbənin Firdovsi rayon Məhkəməsi 16 yaşlı qızının təhsilinə mane olduğu qərarına gələrək xadimə qadını 6 min 800 somoni (625 ABŞ dolları) məbləğində cərimələyib.

Məhkəmənin sədr müavini Gülruxsor Aslamzoda həftəlik "Hüquq və cəmiyyət" qəzetində dərc olunan məqaləsində qeyd edib ki, 57 yaşlı Firuzə Saynuriddinova qızının icbari təhsil almasına "qəsdən" mane olub.

Saynuriddinovanın deyilənlərə münasibəti məlum deyil.

Bilinmir ki, ayda min somonidən bir qədər çox qazanan xadimə qadın 6 min 800 somoni cəriməni necə ödəyə bilib?

Əvvəllər Tacikistanda 9-cu sinfə qədər təhsil icbari sayılıb. Bu il fevralın 20-də Tacikistan parlamenti "Təhsil haqqında" Qanuna dəyişiklikləri qəbul edib. Bu dəyişikliklərə əsasən, 10-11-ci siniflərdə təhsil icbari xarakter alıb.

Dubayda son 75 ilin ən güclü yağışı

Birləşmiş Ərəb Əmirlikləri. 16 aprel
Birləşmiş Ərəb Əmirlikləri. 16 aprel

Omanda leysan nəticəsində 18 nəfər ölüb, qonşu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) isə rekord həddə yağış yağıb.

Omanda ölənlər arasında sel altında qalan avtobusda 10 məktəbli və bir yaşlı var. Orada səlahiyyətlilər güclü küləklə müşayiət olunan tufan və dolunun ən azı aprelin 18-dək davam edəcəyini proqnozlaşdırırlar.

BƏƏ-də də yağışın davam edəcəyi gözlənilir. Son iki gündə ölkəyə adətən bir ildə yağdığından daha çox yağıntı düşüb. Dünyanın ən yüklənmiş hava limanının yerləşdiyi Dubayda 142 millimetr yağış qeydə alınıb. (İllik norma 95 millimetrdir)

Dubaya uçan təyyarələr başqa şəhərlərə yönləndirilib. Rusiyada 2 min 500-ə yaxın turist hava ilə əlaqədar BƏƏ-yə uça bilmir. Dubay hava limanına gedən yollar, uçuş-enmə zolaqları da su altında qalıb.

BƏƏ Milli Meteorologiya Mərkəzi bildirib ki, hazırkı yağışlar 1949-cu ildən (bu ərazidə hava monitorinqinin başlandığı vaxtdan) bəri ən güclü leysandır. Əsas magistralların hissələrini su basıb, məktəblər distant, dövlət qurumları isə uzaqdan iş rejiminə keçirilib. BƏƏ sakinlərinə evdə qalmaq və yalnız zəruri hallarda çölə çıxmaq tövsiyə edilib.

Rusiyanın iki regionunda miqrantlara taksi sürücülüyü qadağan edilib

Moskva küçələrində taksilər
Moskva küçələrində taksilər

Rusiyanın Novosibirsk vilayətində miqrant işçilərə taksi sürücüsü, içki və tütün satıcısı kimi işlər qadağan edilib.

Qubernator Andrey Travnikovun aprelin 15-də imzaladığı fərmana əsasən, bu sahələrdə fəaliyyət göstərən müəssisələr "işə götürülən xarici işçilərin sayını fərmanın tələblərinə uyğunlaşdırmalıdır".

Bunun təhlükəsizlik və Novosibirsk vilayətinin əhalisinin sağlamlığını təmin etmək məqsədi güddüyü vurğulanır.

Aprelin 16-da Kamçatka diyarının qubernatoru Vladimir Solodov da patent alan miqrantlara bütün regionda taksilərdə işləməyi qadağan edib. Diyar rəhbəri bu qərarını onunla izah edib ki, "bir çox hallarda ərazidə müxtəlif cinayətlər törədən qeyri-qanuni miqrantlar taksidə çalışırlar".

"İnanıram ki, görülən tədbir və ümumilikdə miqrasiya siyasətinin sərtləşdirilməsi taksi ilə sərnişindaşıma bazarını daha təhlükəsiz edəcək", - Solodov Telegram kanalında yazıb .

Ötən ilin oktyabrında Dövlət Dumasına xarici vətəndaşların məktəblərdə, əczaçılıq sektorunda, dövlət tibb müəssisələrində, taksi və yük daşımalarında işləməsini qadağan edən qanun layihəsi təqdim olunub.

Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Rusiyanın miqrantlara qarşı "passiv" mövqeyindən təəssüfləndiyini bildirmişdi. O, bəzi postsovet respublikalarından olan insanların kuryer, taksi sürücüsü və satıcı kimi işləməsinə qadağa qoyulmasını təklif edib.

Martın 22-də Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilən terror aktından sonra Rusiyada miqrantlara qarşı ksenofobiya hissləri güclənib.

Rəsmi versiyada bu terroru Tacikistan vətəndaşlarının törətdiyi iddia edilir.

Ölkənin müxtəlif bölgələrində hüquq-mühafizə orqanlarının əməkdaşları xarici işçilərin yaşadıqları və işlədikləri yerlərdə reydlər keçirməyə başlayıblar. Bəzi hallarda miqrantlar hərbi komissarlıqda qeydiyyata alınıblar.

WSJ: Tərəfdaşları olmasa idi, İsrail İranın hücumuna tab gətirə bilməzdi

'Növbəti hədəf ola bilər' - İranın İsrailə hücumu. ABŞ müttəfiqləri toplayır
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

İsrail Amerika Birləşmiş Ştatları (ABŞ), digər Qərb və regional hərbi tərəfdaşların köməyi olmadan İranın aprelin 13-də gerçəkləşdirdiyi əməliyyatına dayana bilməzdi.

Bu, "The Wall Street Journal"da (WSJ) yazılıb.

Nəşrin məlumatına görə, İsrail dövləti, əsasən, ABŞ və digər müttəfiqlərin verdiyi hava hücumundan müdafiə sistemləri, başqa silahlar sayəsində dronların, raketlərin əksəriyyətini tuta bilib.

WSJ-nin vurğulamasına görə, ABŞ, Britaniya və İordaniya döyüş təyyarələri dronların vurulmasında "böyük rol oynayıb".

Qəzetdə yazılır ki, amma İsrailin müttəfiqlərinin dəstəyi ilə belə bir təcrübəni "total müharibə şəraitində" təkrarlayacağı, xüsusən də "Arrow" və "Patriot" kimi sistemlərin yüksək qiyməti nəzərə alınsa, təkbaşına hücumlara tab gətirəcəyi bəlli deyil. Nəşrdə yazılanlara görə, bu məsələ İsrailin İranın zərbəsinə cavab verməyə hazırlığı fonunda əsas amil olaraq qalır.

WSJ qeyd edir ki, İsrail dövlətinin sərt cavabı regionda dağıdıcı nəticələrə gətirib çıxaracaq, əks hal isə onu və müttəfiqlərini "daha zəif" edəcək. Bundan əlavə, İsrail Yaxın Şərqdəki tərəfdaşlarının, o cümlədən onu kəşfiyyat məlumatları ilə təmin etmiş, habelə hava məkanını açmış İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin maraqlarını nəzərə almalıdır.

WSJ daha əvvəl bildirmişdi ki, İsrail tezliklə İranın onun hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər. Nəşr bunun gününü dəqiq göstərməyib. Qəzetin mənbələri ABŞ-ın İsrailin belə hücum əməliyyatının heç birində iştirak etməyəcəyini vurğulayıb. Vaşinqton israr edir ki, İsrail dövləti gərginliyin daha da artmasına səbəb ola biləcək heç bir şey etməməlidir.

Astana Ermənistan-Azərbaycan danışıqlarında platforma təqdim etməyə hazırdır - Tokayev

Nikol Paşinyan Kasım-Jomart Tokayev ilə görüşür. 15 aprel 2024
Nikol Paşinyan Kasım-Jomart Tokayev ilə görüşür. 15 aprel 2024

Astana Yerevanla Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

Bunu aprelin 15-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi brifinqdə deyib.

"Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır", - o bildirib.

Tərəflər iqtisadi və investisiya əməkdaşlığı məsələlərini də müzakirə edərək ixrac-idxal məhsullarının siyahısının artırılmasının vacibliyini vurğulayıblar.

"Qazaxıstan Ermənistana mal ixracını 350 milyon dollara çatdırmağa hazırdır, onların da fəallığına ümid edir", - deyən Tokayev Yerevanı Cənubi Qafqazda "etibarlı tərəfdaş" adlandırıb.

Onun sözlərinə görə, Ermənistan və Qazaxıstan üçün nəqliyyat, logistika zəncirlərinin inkişafı vacibdir.

Qazaxıstan lideri Ermənistanın Cənubi Qafqazda nəqliyyat əlaqələrini gücləndirmək istəyini yüksək qiymətləndirdiyini bildirib. "Astana Paşinyanın regionda "Sülh yolayrıcı" təşəbbüsünü alqışlayır. Həmçinin iki ölkə arasında hava nəqliyyatını stimullaşdırmaq lazımdır", - o əlavə edib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistana ilk rəsmi səfəri kimi aprelin 15-də Yerevana gəlib.

2023-cü il oktyabrın 26-da Tbilisidə keçirilən "İpək Yolu" forumuna qatılan N.Paşinyan "Sülh yolayrıcı" layihəsi vasitəsilə regiona baxışını bölüşüb. Onun deməsinə görə, ölkəsi Qara, Xəzər və Aralıq dənizlərinə, habelə Fars körfəzinə çıxışlar əldə edəcək: "Bir şərtlə: yeni transmilli və beynəlxalq logistika marşrutlarının Ermənistan ərazisindən keçəcək hissələrinə bilavasitə rəsmi Yerevanın müvafiq qurumları nəzarət etməlidir".

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla işğal edilmiş ərazilərinə (o cümlədən Qarabağa) nəzarəti bərpa edib. Tərəflər (Azərbaycan və Ermənistan) sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.

'Bloomberg': İranın İsrailə zərbələri qaçılmazdır

İranın 2000 km mənzilli "Xeybar" yer-yer tipli ballistik raketi
İranın 2000 km mənzilli "Xeybar" yer-yer tipli ballistik raketi

"İran və onun müttəfiqlərinin İsrailə zərbələri qaçılmazdır", - "Bloomberg" bir sıra Qərb mənbələrinə istinadən belə yazır və bunun yaxın günlərdə həyata keçiriləcəyini iddia edir.

ABŞ nəşrinin yazdığına görə, İran və Tehranın Yaxın Şərqdəki müttəfiqləri İsraildəki hərbi hədəflərə, hökumət binalarına hücum edə bilərlər. "Bu zərbələr zamanı pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli raketlərdən istifadə edilə bilər", - vurğulayan "Bloomberg" mənbələri rəsmi Tehranın İsrailə zərbə endirmək üçün artıq prinsipial qərar verdiyini iddia edir.

"Qeyri-müəyyənlik zərbələrin baş vermə ehtimalı deyil, onların tarixi ilə bağlıdır", - Amerika güc strukturlarından birinin adının çəkilməsini istəməyən nümayəndəsi nəşrə bildirib.

İran hakimiyyəti bu iddiaları təkzib etmir.

"İsrail aprelin əvvəlində İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsinə hücum edərkən səhv edib və bu hücuma görə cəzalandırılacaq". Bunu İran İslam Respublikasının ruhani lideri ayətullah Əli Xamenei Fitr bayramı münasibətilə müraciətində deyib. Aprelin 2-də İranın Dəməşqdəki konsulluğuna edilən hücumda ölkənin ən nüfuzlu qüvvəsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun bir qrup zabiti öldürülüb.

O xatırladıb ki, konsulluq və səfirliklər harada yerləşməsindən asılı olmayaraq, təmsil etdikləri dövlətin ərazisi hesab olunur. "Onlar konsulluğumuza hücum edəndə ərazimizə hücum ediblər", - o əlavə edib.

Qəzzada ötən ildən başlayan hərbi əməliyyatların dayandırılması ilə bağlı İsrail hökuməti ilə fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton İran məsələsində Netanyahu hökumətini şəksiz dəstəkləyəcəyini bəyan edir.

Çərşənbə günü, aprelin 10-da ABŞ prezidenti Co Bayden Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında İranın Dəməşqdəki konsulluğuna hücumla bağlı xəbərdarlıqları fonunda İsraili qorumaq üçün hər şeyi etməyə hazır olduğunu açıqlayıb. İsrailin müdafiə naziri Yoav Qalant da hər hansı dövlətin hücumu gerçəkləşərsə, "qətiyyətli hücum hərəkətləri" ilə "çox tez" cavab veriləcəyini vəd edib.

Bu arada "Axios" portalı iki İsrail rəsmisinə istinadən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurillanın İrandan mümkün hücum zamanı hərəkətləri əlaqələndirmək üçün aprelin 11-də onların ölkələrinə gələcəyini xəbər verib.

'Fransanın hamının istədiyi hərbi texnikası var, Paris Ermənistana verir' - səfir

Olivye Dekotinyi
Olivye Dekotinyi

"Fransanın hər kəsin əldə etmək istədiyi hərbi texnikası var. Fransa onu Ermənistana verir", - Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi özünün X səhifəsində yazıb.

Səfir postuna "Politico" qəzetində "Thales" şirkətinin (Fransa) radar istehsalı ilə bağlı məqaləyə keçid də əlavə edib.

Məqalədə şirkətin 2008-ci ildən bəri dünyanın 32 ölkəsinə 200, təkcə 2023-cü ildə isə 40 GM radarı satdığı bildirilir.

Həmçinin qeyd edilir ki, Paris son aylar Ermənistana üç, Moldovaya bir GM200 sistemi satıb. Moldova onlardan Avropa İttifaqının Avropa Sülh Fondunun maliyyələşdirdiyi daha bir yenisini almağa hazırlaşır.

Payızda Ermənistan və Fransa hərbi əməkdaşlıq haqqında saziş imzalayıblar. Artıq fevralda Fransa müdafiə naziri Ermənistanın zirehli texnikanın ilk partiyasını aldığını açıqlayıb.

Paris dəfələrlə bəyan edib ki, Ermənistana ancaq müdafiə texnikası verir. Yerevanda Ermənistanın müdafiə naziri Suren Papikyan ilə keçirdiyi birgə mətbuat konfransında Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu bu regionda prioritet məsələnin həm əhalinin, həm də sərhədlərin qorunması olduğunu bildirib. O vurğulayıb ki, heç kim Ermənistan ordusunu müdafiə imkanlarını gücləndirdiyinə görə tənqid edə bilməz.

"Bu səylər sizə özünüzü ən yaxşı şəkildə müdafiə etməyə imkan verəcək", – Lekornu deyib.

Ermənistanın yeni aldığı deyilən antidron sistemləri necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Rusiya uzun müddət Ermənistanın əsas silah və sursat təchizatçısı olub. Ancaq ikitərəfli münasibətlərin pisləşdiyi bir vaxtda Yerevan digər silah təchizatçıları axtarmağa başlayıb. 2022-ci ilin sentyabrından bəri Hindistanla da azı 400 milyon dollarlıq müdafiə müqavilələrinin imzalandığı bildirilir.

Atmosferdə istixana qazları yeni rekorda 'imza atıb'

Kömürlə işləyən elektrik stansiyası
Kömürlə işləyən elektrik stansiyası

2023-cü ildə Yer atmosferində qlobal istiləşməyə kömək edən istixana qazlarının - karbon qazı, metan və azot oksidin konsentrasiyası müşahidələr tarixində yenidən rekord səviyyəyə çatıb.

Bu barədə ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) məlumat yayıb.

Məlumatda bildirilir ki, qalıq yanacaqların yandırılması, heyvandarlığın inkişafı və meşələrin qırılması səbəbindən karbon qazının səviyyəsi indi kütləvi sənayeləşmədən əvvəlki vaxtdan 50 faiz yüksəkdir.

Metan atmosferə neft, qaz quyularının qazılması zamanı, həmçinin inəklərin və digər gövşəyən heyvanların təbii tullantılarından daxil olur. İndi onun atmosferdə konsentrasiyası sənayedən əvvəlki dövrlə müqayisədə 160 faiz yüksəkdir.

Azot gübrələrindən geniş istifadə, kanalizasiya sularının təmizlənmə və yanacağın yanması nəticəsində havada azot oksidinin miqdarı təxminən əsr yarımda 25 faiz artıb.

NOAA alimlərinin habelə hesablamalarına görə, hazırda atmosferdəki karbon qazının konsentrasiyası təxminən 4.3 milyon il əvvəlki ilə müqayisə edilə bilər. "O zaman insanlar yox idi, dəniz səviyyəsi, demək olar ki, 23 metr yüksək idi və Arktika tundrasında ağaclar bitirdi", - məlumatda bildirilir.

Eyni zamanda vurğulanır ki, istixana qazları qlobal istiləşmənin əsas amillərindən biridir. Qlobal temperaturun artması səbəbindən daşqınlar, quraqlıqlar, meşə yanğınları, tufanlar, soyuq-isti dalğaları daha tez-tez baş verir və daha da şiddətlənir.

Qəzzada danışıqlar dalana dirənib, 'Rəfaha hücumun tarixi bəllidir' deyilir

İsrail quru qüvvələrini Qəzza zolağının cənubundan çıxardıqdan sonra Xan Yunisdə insanlar dağılmış binaların yanından keçirlər.
İsrail quru qüvvələrini Qəzza zolağının cənubundan çıxardıqdan sonra Xan Yunisdə insanlar dağılmış binaların yanından keçirlər.

Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatlarının (AB) terror təşkilatı kimi tanıdığı HƏMAS hərəkatının nümayəndələri İsrailin atəşkəs təklifini rədd ediblər.

Ötən bazar günü, aprelin 7-də İsrail və HƏMAS Misirə nümayəndə heyətləri göndərib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də danışıqlarda iştirak etmək üçün Misirə gəlib.

Qahirədəki danışıqlarda HƏMAS ilə İsrail arasında müqavilə imzalanacağı gözlənirdi. Buna əsasən, İsrailin girovların azad edilməsi əvəzində atəşi dayandıracağına ümid edilirdi.

HƏMAS-ın adının çəkilməsini istəməyən rəsmisi deyib ki, İsrailin mövqeyində dəyişiklik görməyiblər, ona görə də "Qahirədəki danışıqlarda yeni heç nə yoxdur".

Fələstin tərəfinin açıqlamalarından sonra İsrailin baş naziri Benyamin Netanyahu danışıqlarla bağlı ətraflı məlumatlandırıldığını bildirib.

"Qələbə üçün Rəfaha daxil olmaq və orada yerləşən terrorçu batalyonları məhv etmək lazımdır. Bunun nə vaxt baş verəcəyi ilə bağlı artıq tarix var", – vurğulayan Netanyahu bu tarixi açıqlamayıb.

Rəfah şəhəri son aylar Qəzza zolağında gedən döyüşlərdən qaçan fələstinlilər üçün son sığınacaq olub.

Ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının gözlənilmədən yəhudi yaşayış məntəqələrinə hücum etməsi ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Həmin hücumlar nəticəsində min 200-ə yaxın israillinin öldürüldüyü, 250-dən çoxunun girov götürüldüyü bildirilir.

Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı isə 32 mini keçib.

İsrail hökuməti Qəzza zolağının HƏMAS-dan tamamilə təmizlənəcəyini açıqlayıb. Çoxlu sayda ölkə İsrailin cavab addımlarını qeyri-mütənasib hesab edir.

Rus Dili İnstitutunun əməkdaşları saxlanıb

Rus dilini bilmək barədə sertifikat
Rus dilini bilmək barədə sertifikat

Moskvada Puşkin adına Dövlət Rus Dili İnstitutunun beş əməkdaşı saxlanıb. İstintaq Komitəsi onları xaricilərə yaşayış icazəsi almaq üçün rus dilini bildikləri barədə saxta sənədlər verməkdə şübhəli sayır.

"CurrentTimeTV" xəbər verir ki, şübhəlilərin evlərində, iş yerlərində axtarışlar aparılıb, bundan sonra onlar qeyri-qanuni miqrasiyanın təşkilində və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunublar.

Martın 22-də Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında baş verən terror aktından sonra bu cür ittihamların və cinayət işlərinin kəskin artdığı bildirilir. Həmin terror nəticəsində 150-ə yaxın şəxsin həlak olduğu, mindən çox insanın isə xəsarət aldığı açıqlanıb. İstintaq terroru törətməkdə miqrant işçiləri şübhəli sayır.

Martın sonunda Sankt-Peterburqda 30 nəfər, o cümlədən yerli universitetlərin müəllimləri saxlanıb. İstintaqın versiyasına görə, onlar "miqrantlara rus dilini, tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilmələri barədə sertifikatların verilməsi üçün qanunsuz sxem təşkil ediblər". İddiaya görə, bu da onlara ayda 7.5 milyon rubl (81 min 150 ABŞ dolları) qazandırıb.

Kütləvi həbslər Krasnoyarsk və Çeboksarıda da aparılıb.

Prezident Zurabişvili 'xarici agent' qanununa veto qoyacaq

Gürcüstan prezidenti Salome Zuuravbişvili
Gürcüstan prezidenti Salome Zuuravbişvili

Gürcüstan prezidenti Salome Zuravbişvilinin parlamentin “xarici agent” qanununu qəbul edəcəyi təqdirdə ona veto qoyacağı bildirilir.

Bu məlumatı prezidentin parlamentdəki nümayəndəsi Giorgi Msxiladze deyib.

Msxiladzenin sözlərinə görə prezident özünün konstitusiya hüququndan istifadə edərək “Xarici Təsirin Şəffaflığı” adlı qanuna veto qoyacaq.

Mahiyyət etibarilə Rusiyanın bədnam xarici agent qanununa bənzəyən bu qanunvericilik aktının layihəsi 2023-cü ilin yazında hakim “Gürcü arzusu” partiyasının dəstəyi ilə parlamentə təqdim olunmuşdu.

İctimaiyyətin geniş kütlələri və Avropa təsisatları bu təşəbbüsə sərt tənqidi münasibət ifadə etmişdilər.

Gürcüstanda bir neçə gün davam edən küçə etirazları və toqquşmalardan sonra hakimiyyət qanun layihəsini geri götürməli olmuşdu.

Gürcüstan iqtidarı indi nə deyir?

Amma indi, Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd statusu aldıqdan sonra iqtidar bu məsələni yenidən gündəmə gətirməyi planlaşdırır.

Bunu bu partiyanın parlamentdəki fraksiyasının lideri Mamuka Mdinaradze demişdi.

O vurğulayıb ki, qanun layihəsinin yeganə tələbi xaricdən maliyyə alan təşkilatların illik maliyyə hesabatlarını dərc etmələridir. Fraksiya lideri deyib ki, layihədə bu tələbin pozulmasına görə yalnız cərimə nəzərdə tutulur:

"Keçən il bizim yeganə günahımız ünsiyyətlə bağlı problemlər idi... Ola bilsin, çoxları bunu indi eşidirlər, mən yalnız bəyan etmək öhdəliyindən danışıram".

Onun sözlərinə görə, qanun layihəsi parlamentin yaz sessiyası başa çatana qədər hər üç oxunuşda qəbul olunacaq.

Qırğızıstan rəhbərliyinə sui-qəsddə ittiham olunanlar Azərbaycana verilib

Mütəşəkkil cinayətkar dəstənin üzvləri olduğu bildirilən Azərbaycan vətəndaşlarının saxlanılması
Mütəşəkkil cinayətkar dəstənin üzvləri olduğu bildirilən Azərbaycan vətəndaşlarının saxlanılması

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) əvvəllər Bişkekdə saxlanan və kəşfiyyat xidmətinin transmilli mütəşəkkil cinayətkar qrupun (MQ) üzvləri adlandırdığı şəxsləri Azərbaycan hakimiyyətinə təhvil verib. Bu barədə MTDK-nın Mətbuat xidmətindən məlumat verilib.

Həmin Azərbaycan vətəndaşları martın 22-də Bişkekin mərkəzində 261-ci (Mütəşəkkil dəstə yaratma və ya orada iştirak) maddə ilə açılmış cinayət işi çərçivəsində saxlanıblar. Ümumilikdə beş nəfərdirlər. Kəşfiyyat xidmətinin məlumatına görə, onlar martın 20-də kriminal təsirlərini gücləndirmək üçün Qırğızıstana gəliblər.

"Həmin şəxslər... Azərbaycanın hüquq-mühafizə orqanları ilə əvvəllər bağlanmış müqaviləyə uyğun olaraq onların sorğusu ilə aprelin 7-də "Manas" Beynəlxalq Hava Limanında Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib", - MTDK-dan bildirilib.

Həmin şəxslərin həbsindən sonra Dövlət Komitəsi onların keçmiş gömrük məmuru Rayımbek Matraimov ilə əlaqəli olduqlarını bildirib. Bundan əlavə, MTDK mütəşəkkil cinayətkar dəstənin saxlanılan üzvlərinin Qırğızıstan rəhbərliyinə qarşı sui-qəsd hazırlaması barədə məlumat yayıb.

Matraimovun özünü daha üç şəxslə birlikdə xüsusi xidmət orqanları martın 26-sı axşam saatlarında Azərbaycandan Qırğızıstana aparıb. (Onların dördü də Qırğızıstan vətəndaşı olub) Ertəsi gün məhkəmə onun aprelin 26-dək həbsdə saxlanmasına qərar verib.

Matraimov Cinayət Məcəlləsinin 169-cu (Qanunsuz olaraq azadlıqdan məhrum etmə) və 222-ci (Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması)) maddələri ilə başlanmış cinayət işi üzrə şübhəli bilinir.

İstər R.Matraimovun, istərsə də sui-qəsdə hazırlıqda ittiham edilən şəxslərin və yaxınlarının ittihamlara münasibətini ayrılıqda öyrənmək mümkün olmayıb.

İran qisas alacağını bir daha bəyan edib

Builki anti-İsrail mitinqləri həm də briqada generalı Məhəmməd Rza Zahedinin və başqa İİKK zabitlərinin dəfn mərasimi kimi keçirilir
Builki anti-İsrail mitinqləri həm də briqada generalı Məhəmməd Rza Zahedinin və başqa İİKK zabitlərinin dəfn mərasimi kimi keçirilir

İran aprelin 5-də İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) 7 üzvünün ölümünə görə qisas alacağını bir daha bəyan edib.

İnqilab keşikçilərinin İsrailin Suriyaya hava zərbələri nəticəsində həlak olduğu düşünülür.

İranın Dəməşqdəki səfirliyinin konsul şöbəsi olduğu deyilən bina aprelin 1-də endirilmiş hava zərbələri nəticəsində dağılıb. Tehran bu zərbələrə görə İsraili ittiham edir.

İsrail isə bir qayda olaraq belə hava zərbələri barəsində şərh vermir.

İİKK-nin baş komandanı general-mayor Hüseyn Səlami Tehranda keçirilən “Qüds (Yerusəlim-red) günü” mitinqi zamanı deyib:

“Bizim müqəddəs sistemimizə qarşı hər hansı düşmənin hərəkəti cavabsız qalmayacaq”.

Ramazanın son cüməsi

İranda Ramazan ayının son cümə günündə ənənəvi olaraq Fələstinə dəstək anti-İsrail mitinqləri keçirilir.

Xəbər verilir ki, builki mitinqlər həm də briqada generalı Məhəmməd Rza Zahedinin və başqa İİKK zabitlərinin dəfn mərasimi kimi keçirilir.

İran televiziyası bu mitinqlərin fasiləsiz canlı translyasiyasını verir.

Nümayiş iştirakçıları mitinqə İİKK zabitlərinin portretləri və “İsrailə ölüm!” və “Amrikaya ölüm!” plakatları ilə çıxıblar.

İranın dövlət mediasında Amerika bayraqlarının və İsrailin baş naziri Binyamin Netanyahunun müqəvvasının yandırılması videoları dərc olunub.

“Qərar qəbul olunub”

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi bu həftənin əvvəllərində demişdi ki, İsrail “bizim cəsur oğullarımız tərəfindən cəzalandırılacaq”.

Bəzi təhlilçilərin yozumuna görə bu, o deməkdir ki, İran İsrailə regional müttəfiqləri və proksilərinin əli deyil, özü cavab vermək niyyətindədir.

İİKK-nin keçmiş baş komandanı Mohsen Rezayi aprelin 5-də mühafizəkar Təsnim xəbər agentliyinə deyib ki, İsrailə cavab məsələsində “qərar qəbul olunub” və “mütləq həyata keçiriləcək”.

Rezayi məsələnin detallarını açıqlamayıb.

Şərhçilər deyirlər ki, İslam respublikasının mühafizəkar dəstəkçiləri öldürülmüş zabitlərin qisasının alınmasını tələb edirlər.

Ötən dekabrdan bəri Suriyada İsrailin endirdiyi deyilən hava zərbələri nəticəsində, generallar da daxil İİKK-nin azı 18 zabiti həlak olub.

Murmansk qubernatoru bıçaqlanıb

Andrey Çibis
Andrey Çibis

Rusiya Federasiyasının Murmansk vilayətinin qubernatoru Andrey Çibisə aprelin 4-ü axşam saatlarında Apatiti şəhərində hücum edilib. Naməlum şəxsin qubernatoru bıçaqlayaraq yaraladığı bildirilir.

"İnterfaks"ın həmsöhbəti əlavə edib ki, hücumdan sonra Çibis təkbaşına özü maşına tərəf gedib və Apatitı-Kirov Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumata görə, naməlum şəxs qubernatora şəhər mədəniyyət mərkəzində yerli sakinlərlə görüşünü bitirdikdən sonra hücum edib.

Çibis qarnından bıçaqlanıb.

"RİA Novosti" xəstəxananın baş həkimi Yuri Şiryayevə istinadən xəbər verir ki, qubernatorun vəziyyəti ağırdır, reanimasiyadadır, əməliyyat olunub.

Hücum edən şəxsin dərhal saxlandığı qeyd edilir. Saxlananın 42 yaşlı Apatiti şəhər sakini olduğu üzə çıxıb. Bəzi məlumatlara görə, hücum edən şəxsi Rosqvardiyanın əməkdaşı odlu silahla yaralayıb.

A.Çibisin siyasi karyerası 2004-cü ildə başlayıb. Ryazan vilayətinin qubernatorunun müşaviri, sonra isə Çuvaşiya Prezident Administrasiyasının ekspert şöbəsinin müdiri olub.

2019-cu ilin martında prezident Vladimir Putinin fərmanı ilə Çibis Murmansk vilayətinin qubernatoru vəzifəsini icra edib. 2019-cu ilin sentyabrında 60 faiz səslə qubernator seçkilərinin birinci turundan qalib çıxıb. Onun səlahiyyət müddəti 2024-cü ilin sentyabrında başa çatmalıdır.

Aİ Ermənistana 'atəş açmayan' silahlar verəcək

Vasilis Maraqos
Vasilis Maraqos

Avropa İttifaqı (Aİ) öldürücü olmayan silahlarla Ermənistan Silahlı Qüvvələrinə dəstək vermək niyyətindədir.

Bu barədə Aİ-nin səfiri Vasilis Maraqos aprelin 4-də Milli Assambleyada "Ermənistanın Avropaya inteqrasiyası üçün yeni perspektivlər və çağırışlar" adlı dinləmələrdə bildirib.

Onun sözlərinə görə, söhbət mövcud potensialın gücləndirilməsinə kömək edəcək zəruri dəstəkdən gedir. "Bu, Avropa Sülh Fondu çərçivəsindədir", – Maraqos açıqlayıb.

O, həmçinin əlavə edib ki, Aİ Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsi və nizamlanmasına sadiqdir.

Noyabrda Aİ Avropa Sülh Fondu çərçivəsində Ermənistana öldürücü olmayan silahlarla dəstək imkanlarını əlavə araşdıracağını bəyan etmişdi.

Səfir Maraqos AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, Aİ Ermənistan silahlı qüvvələrinə dəstək vermək üçün konkret təkliflər hazırlamaq niyyətindədir.

Qeyd edilən qəbil silahlar atəş xüsusiyyətlərinə malik olmayan silahlardır. Bura daha çox mina axtaran qurğular, hava hədəflərini aşkar edən sistemlər, radioelektron vasitələr, qoruyucu jilet və dəbilqələr daxildir.

KTMT ondan çıxmaqla bağlı Yerevandan bildiriş almadığını bildirir

Son vaxtlar Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyinin işində iştirak etməyib. Lakin o, təşkilatdan çıxmaqla bağlı heç bir bildiriş göndərməyib.

Bu barədə "Kommersant"a müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bəhs edib.

"Katiblik Yerevandan KTMT üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama almayıb", - deyən Tasmaqambetov həmçinin qeyd edib ki, qurumun katibliyi qəbul olunan qərarlar barədə Yerevanı məlumatlandırır.

Eyni zamanda, KTMT-nin baş katibi quruma yeni ölkələrin də qoşula biləcəyini istisna etməyib. Tasmaqambetov söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.

"KTMT böhranlı vəziyyətlərin həllinin siyasi və diplomatik üsullarına üstünlük vermək də daxil, iştirak üçün çox əlverişli şərtlər təklif edir", - KTMT-nin baş katibi bildirib.

Ermənistanın Rusiya və KTMT ilə münasibətləri 2022-ci ilin sentyabrında sonra soyuyub. Ermənistan hesab edir ki, tələblərinə baxmayaraq, KTMT blokun üzvü olan ona qarşı Azərbaycanın hücumunu hələ də pisləməyib və ərazilərinin işğalı faktını təsbit etməyib.

Azərbaycan isə, öz növbəsində, Ermənistana hücum və onun ərazisini işğal etməsini təsdiqləmir.

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına 'yox' dedi
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Buna cavab olaraq Yerevan sərhəddə KTMT müşahidəçilərinin yerləşdirilməsi təklifini rədd edib. 2024-cü ildə baş nazir Nikol Paşinyan bəyan edib ki, Yerevanın alyansdakı üzvlüyü de-fakto dondurulub və müttəfiqlərin mövqeyi dəyişməsə, de-yure də dondurula bilər.

Paşinyan bu yaxınlarda da bildirib ki, əgər "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir" sualının cavabı onların ideyalarına uyğun olarsa, bu, hərbi ittifaq ilə bağlı problemlərin həlli demək sayılacaq. Əks halda, baş nazir bir daha xəbərdarlıq edib ki, Ermənistan alyansdan çıxacaq.

Moskva buna cavabında bildirib ki, onlar öz praktiki addımlarını planlaşdırarkən Ermənistan rəhbərliyinin açıqlamalarını izləyəcəklər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Yerevanı KTMT-dəki statusu ilə bağlı yekun qərar verməyə çağırıb.

Hazırda KTMT-nin altı üzvü var: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan. Qurumun əsası 1992-ci ildə qoyulsa da, indiki formada 2002-ci ildə təşkil edilib.

İranın cənubunda baş vermiş toqquşmalarda çox sayda ölən olduğu xəbər verilir

İranın Sistan-Bəlucistan ostanında hökumət qüvvələri ilə Ceyş əl-Ədl silahlıları arasında toqquşmalarda 20-dən çox zabit və yaraqlı həlak olub.

Ceyş əl-Ədl İranda, habelə ABŞ da daxil bir neçə Qərb ölkələrində terrorçu təşkilat kimi tanınıb.

Reuters agentliyinin yazdığına görə hüquq-mühafizə rəsmiləri yerli mediaya Rask, Sərbaz və Çabahar şəhərlərində 14 saat davam edən döyüşdə 11 hökumət hərbçisinin və 18 silahlının həlak olduğunu bildiriblər.

İranın Daxili İşlər Nazirliyi bu məlumatı təsdiq edib və bildirib ki, hər iki tərəfdən ölü sayı hələ arta bilər.

Ceyş əl-Ədlin muxtariyyət mübarizəsi

Sistan-Bəlucistan hüquq-mühafizə qüvvələrinin komandanı Əlirza Dəliri deyib ki, toqquşmadan əvvəl girov götürülənlər olub, amma hadisə hücum edənlərin məhv edilməsi ilə başa çatıb.

Reuters yazır ki, həmin hadisədə ölənlərin hüquq-mühafizə orqanlarının verdiyi ölü sayına daxil olub-olmadığı məlum deyil.

İranda bəluc etnik azlığına daha geniş muxtariyyət verilməsi uğrunda döyüşən Ceyş əl-Ədl əsasən İranda və bəzi məlumatlara görə qonşu Pakistanda fəaliyyət göstərir.

Təhlükəsizlik orqanlarının məlumatına görə İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) və yerli polis qüvvələrinin Rask və Çabahardakı bazalarına hücum nəticəsində azı 5 təhlükəsizlik əməkdaşı həlak olub.

Bəluclar

IRNA agentliyi xəbər verir ki, hökumət qüvvələrinin verdiyi itkilər arasında bir əsgər, bir İİKK, bir Bəsic üzvü və iki polis var.

İİKK quru qoşunları komandanı Məhəmməd Pakpur deyib ki, hücum edənlər eyni vaxtda bir neçə məntəqəni hədəfləyiblər.

Bundan əvvəl, yanvarın 20-də Rask polis məntəqəsinə hücuma görə də məsuliyyəti öz üzərinə Ceyş əl-Ədl götürmüşdü.

Şiə ölkəsi olan İranda bəluclar sünni azlığı təmsil edirlər və onlar uzun müddət hakimiyyət orqanlarının zorakılıq və diskriminasiyası ilə üzləşiblər.

Bu da xəbər verilir ki, Əfqanıstan və Pakistanla həmsərhəd olan bu bölgə həm də Əfqanıstandan Qərbə nəql olunan narkotiklərin əsas marşrutu sayılır.

Davamı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG