“Amnesty International” hüquq-müdafiə təşkilatı Rusiyanın üztanıma sistemlərinin istifadəni genişləndirmək planlarını tənqid edib. Qurum bildirir ki, ictimai toplantılar zamanı bu sistemlərin tətbiqi etirazçılara “mütləq buxovlayıcı təsir” göstərəcək.
Londonda mənzillənən insan haqları təşkilatı bu çağırışla yanvarın 31-də çıxış edib. Bu arada Moskva məhkəməsi belə texnologiyadan dinc etirazların dağıdılmasında istifadəyə qarşı şikayətə baxmalıdır.
Üztanıma texnologiyası “dərin müdaxilə xarakterlidir”, – Amnesty International-ın Rusiya direktoru Natalia Zviagina bəyanatında deyib.
“Rusiyanın onsuz da zorakı davranan hakimiyyətinin əlində, belə sistemlərin şəffaflıq və hesabatlılığının olmadığı bir şəraitdə bu, dinc etirazçıya qarşı qisası tamamilə yeni səviyyəyə çatdırmağın alətidir”, – o xəbərdarlıq edib.
Məhkəmə fəalların iddiasına baxmağa başlayıb
Son illər Rusiya üztanıma texnologiyasının inkişafında aparıcı qüvvəyə çevrilib. Eyni zamanda Kremlin tənqidçiləri və insan haqları fəalları Prezident Vladimir Putinə qarşı narazı səslərin və vətəndaş cəmiyyətinin susduruldurulduğunu bildirirlər.
Yanvarın 31-də Moskvanın Tverskoy Rayon Məhkəməsi insan haqları fəalı Alyona Popova və müxalif siyasətçi Vladimir Milov-un iddiasına baxmağa başlayıb. Onlar üztanıma texnologiyasından yürüşlərdə istifadənin yasaqlanmasını, daha öncə toplanmış şəxsi informasiyanın silinməsini istəyirlər.
Ötən ilin noyabrında Moskvada başqa bir məhkəmə Popova-nın iddiasını icraata götürməkdən imtina edib. O, şəhərdə video-nəzarət sisteminin qurulması ilə özünün gizlilik hüququnun pozulduğunu iddia edirdi.
Moskvada vəkil kimi çalışan, tanınmış qadın hüquqları fəalı olan Popova deyib ki, 2018-ci ildə etiraz zamanı onun kimliyinin müəyyənləşdirilməsi üçün üztanıma kameralarından istifadə olunduğunu bilincə belə bir iddia qaldırmaq qərarına gəlib.
O, sonradan cərimələnib, məhkəmə onun Rusiyanın ictimai toplantılarla bağlı qanunvericiliyini pozması qərarına gəlib.
Moskvanın metro şəbəkəsini əhatələyən üztanıma sistemi sentyabrdan tam işə düşməlidir.