Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 04:46

Bu yazını oxuyan Hollivudun ən gəlirli filmini biləcək


«Küləklə sovrulanlar»

Hollivudun ən çox gəlir gətirən filmi hansı filmdir? Hollywood Reporter saytı yazır ki, gəlir deyərkən, istehsal xərclərinin kassa gəlirlərinə nisbəti anlaşılırsa, 1999-cu ildə çəkilmiş «Blair Witch Project» (Blerdən olan cadugər) və 2007-ci ildə ekranlara çıxmış «Paranormal Activity» (Paranormal hadisə) filmləri önə çıxır. «Blair Witch Project»in real büdcəsi 200 min dollar olsa da, «Bill Block» şirkəti filmi 1 milyon dollara alıb. Şirkət təkcə ABŞ-da 6-8 milyon dollar xərcləyib. Bundan sonra filmin bütün dünyada gətirdiyi gəlir 249 milyon dollar olub.

«Paranormal Activity» filmi isə əvvəlcə 15 min dollara başa gəlib. Ancaq sonradan onun səsinin üzərində yenidən işləyiblər və buna 150 min dollar vəsait xərclənib. Son nəticədə filmin ümumi büdcəsi 215 min dollara çatıb. «DreamWorks» studiyası bu filmi 350 min dollara satın alıb. Ölkədaxili bazarlamaya 18 milyon dollar xərclənib. Filmin bütün dünyadakı kassa gəlirləri 193 milyon dollar olub.

Bu iki film tarixdə ən uğurlu film investisiyaları sayılır. Ancaq qazanılan pulun məbləğinə görə onları ən gəlirli filmlər saymaq olarmı? Əlbəttə, yox.

3 filmin müqayisəsi

Sözügedən sayt müqayisə üçün 3 filmi -1939-cu ildə çəkilmiş «Küləklə sovrulanlar»ı (Gone With the Wind), 1997-ci ildə çıxmış «Titanik»i (Titanic) və 2009-cu ildə çəkilmiş «Avatar»ı misal göstərir.

«Küləklə sovrulanlar» 4 milyon 250 min dollara (indiki pulla 78 milyon 600 min dollara) başa gəlsə də, onun gəlirlərini hesablamaq daha çətindir.

Film ölkə daxilində 200 milyon dollar gəlir gətirib, amma 80 il boyunca dəfələrlə yenidən ekranlara çıxarıldığından, gəlirləri hesablamaq çox çətindir. Üstəlik, onun xaricdə qazandığı məbləği də hesablaya bilməyiblər.

2014-cü ildə - Ginnessin Rekordlar Kitabının gəldiyi nəticəyə görə, inflyasiya nəzərə alınmaqla və bugünkü hesabla filmin toplam gəliri 3 milyard 750 milyon dollar olub.

Ekranlara çıxdığı zaman tarixin ən bahalı filmi sayılan «Titanik» bugünkü hesabla 337 milyon dollara başa gəlib və bütün dünyada təxminən 3 milyard 330 milyon dollar gəlir qazandırıb.

«Avatar» hansı filmlərdən geri qalır?

«Avatar»ın istehsal və reklamı 387 milyon dollara başa gəlib. Ancaq prosesin içində olan mənbələr bu məbləğin 50 milyon dollar daha çox olduğunu deyir. Sayt yazır ki, inflyasiya da nəzərə alınanda toplam məbləğ bugünkü pulla 464 milyon dollar aşır.

James Cameron-un bu filmi o zaman 2 milyard 800 milyon – bugünkü pulla 3 milyard 360 milyon dollar kassa gəliri gətirmişdi. İstehsal və bazarlama xərclərini çıxanda təkcə kinoteatrlardan toplanan gəlir 1 milyard 200 milyon dollara çatır. Bu, istər «Titanik»dən, istərsə «Küləklə sovrulanlar»dan azdır.

Ancaq yuxarıdakıların heç birində kabel televiziyası və bu kimi vasitələrdən gələn gəlir nəzərə alınmayıb. «Titanik»in bu kanallardan topladığı məbləğ təxminən kirayədən topladığı məbləğə - bugünkü pulla 2 milyard dollara yaxın olub. Beləliklə, filmin toplam gəliri 3 milyard yarım-4 milyard dollar arasında olub. «Avatar»ın kabel televiziyaları, striminq və videokirayə kimi vasitələrdən nə qədər gəlir götürdüyü dəqiq məlum deyil. Ancaq «Fox» studiyasına yaxın mənbələr sayta bu məbləğin «Titanik»in əlavə vasitələrdən götürdüyü gəliri xeyli aşdığını deyib.

«Küləklə sovrulanlar» birinciliyi qoruyur?

Həm «Titanik», həm də «Avatar» «Küləklə sovrulanlar»dan daha çox gəlir gətirib. Burada bir məsələni ayrıca nəzərə almaq lazımdır: «Küləklə sovrulanlar»ın ekranlara çıxdığı dövrdə nə videokirayə, nə kabel televiziyaları, nə ümumiyyətlə televiziya, nə də striminq vardı. Sayt yazır ki, o zaman «əlavə qazanc» deyərkən, filmin xarici ölkələrdəki nümayişindən götürülən gəlir nəzərdə tutulurdu. Məqalədə göstərilir ki, «Ulduz savaşları» (Star Wars) filmi tarixdə ən çox gəlir gətirən film olsa da, «Küləklə sovrulanlar» təkcə kinotetrlarda nümayişdən topladığı mütləq gəlirə görə birinciliyi saxlamaqdadır.

XS
SM
MD
LG