Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:15

Rəhman Bədəlov: 'Xalq yaxşı yaşamaq istəyir, amma prosesdə iştirak etmək istəmir...'


Rəhman Bədəlov
Rəhman Bədəlov

Rəhman Bədəlov: ‘Siz istəyirsiniz ki, deyim hakimiyyət pisdir, xalq yaxşıdır?’

“...Ümid eləyirəm ki, hakimiyyət tez-gec başa düşəcək ki, bizim iştirakımız olmadan heç bir islahat mümkün deyil. Ümid eləyirəm ki, heç birimis inamımızı itirməyəcəyik, “bizdə heç nə mümkün deyil” deməyərək, total skepsisdən - şübhədən xilas ola biləcəyik. Bizdə də mümkündür, inanıram”.

Professor, kulturoloq Rəhman Bədəlov yeni ilin ilk günlərində “Facebook”da .belə yazıb.

AzadlıqRadiosu onunla söhbətə elə bu mövzudan başlayıb.

- Rəhman müəllim, yeni ildən gözləntiniz nədir? Bugünlərdə sosial mediada yazmışdınız: “Bizdə də mümkündür”. Hardan qaynaqlanır bu ümid?

- Hakimiyyətdə və cəmiyyətdə müəyyən dəyişikliklər var. Bu hara qədər gedəcək, necə olacaq, mən deyə bilmərəm. Amma deyə bilərəm ki, bu dəyişiklikləri hamımız gözləyirdik və onun nəticə verməsini arzulayırıq. Yəni dəyişikliklər dayanmasın. Birdən-birə başqa ölkə olmayacağıq. Mənim üç sözüm var, onu həmişə cavanlara deyirəm: “dayanmadan, tələsmədən, ardıcıl”. Yəni bu, ardıcıllıq olacaqsa, normaldır. Biz elə bilirik ki, indi pis yaşayırıq, sonra yaxşı yaşayacağıq, - elə olmur. Hərəkət olanda, daim dəyişiklik olanda normaldır. Deputatlığa namizədlər var ki, adamlarla tək-tək görüşürlər. Məsələn, Cavid Qara. Onun varlığı o deməkdir ki, cəmiyyətdə nəsə dəyişir. Amma hara qədər dəyişəcək bilmirəm, mən proqnoz verməkdın çəkinirəm.

- Siz prosesin “dayanmadan, tələsəmədən, ardıcıl” getməsini istəyirsiniz. Yəni...

- Biz bir tərəfdən görürük ki, hakimiyyətdə dəyişiklik istəyi var. Amma müəyyən məsələlər var ki, onu çəkindirir. Məsələn, mənzillərin icbari sığortası ilə bağlı tələsirlər, cərimədən danışırlar və s. O biri tərəfdən görürəm ki, cəmiyyətdə “Bizdə bu mümkün deyil” fikri var. Bunlar hamısı maneədir. Biz ondan nə dərəcədə, nə qədər vaxta qurtaracağıq onu da söyləyə bilmərəm. Ona görə hər iki tərəfdə ardıcıllıq olmalıdır.

- Hakimiyyətin addımlarında nə dərəcədə ardıcıllıq görürsünüz?

- Hələlik, ardıcıllıq görmürəm. Hələlik, yanlışlıqlar görürəm. Onlar elə bilir texnokratik üsullarla nəsə etmək mümkündür. Doğrudan da, texnokratik dəyişikliklərdən başlamaq olar, ancaq müəyyən addımlardan sonra bəlli olacaq ki, bu yetməz və gərək bütün cəmiyyət buna qatılsın. Cəmiyyətin etimadı olmalıdır, cəmiyyətin iştirakı, dəstəyi olmalıdır və s. Ancaq ilk addımlar texnokratik ola bilər. Yəni hakimiyyət ilkin addımları ata bilər, yəni aşağıdan yox, yuxarıdan bəzi addımların atılması mümkündür. Başqa ölkələrin təcrübəsi göstəriri ki, belə də olar.

- Bəs hakimiyyət, sizin dediyiniz kimi, cəmiyyətlə işləməyə hazırdır?

- Onu deyə bilmərəm. Bunu seçki göstərəcək. Ancaq görürəm ki, dünən müraciət olunmayan adamlara bu gün müraciət edilir. Nə dərəcədə bu ardıcıl olacaq deyə bilmərəm, seçki göstərəcək bunu. Azərbaycanın problemi tək hakimiyyətin problemi deyil, hamımızındır. Biz elə bilirik yaxşı hakimiyyət olsaydı, hamımız parlaq yaşayacaqdıq. Yox, o hakimiyyət də bizik. Biz necəyik, hakimiyyət də elədir. Heç kim deyə bilməz ki, xalq hakimiyyətdən üstündür, ziyalılar hakimiyyətdən üstündür. Proses isə başlayıb.

- Deyirsiniz: “Hakimiyyət də bizik - xalqdır”. Amma xalq daha yaxşı yaşamaq, daha ədalətli məhkəmə, daha yaxşı təhsil istəyir, axı...

- Xalq yaxşı yaşamaq istəyir, amma prosesdə iştirak etmək istəmir. Bizim xalq istədiyindən yaxşı yaşayır. Biz havayı pulların – neft pullarının hesabına yaşayırıq. Biz niyə bundan daha yaxşı yaşamalıyıq? Biz nə edə bilirik, məsələn, xaricə nə çıxara, dollara nə sata bilirik? Biz əmək bölgüsündə nəyi bacarırıq? Sovetlərdən bir aldanış qalıb: “Biz çox inkişaf etmiş xalqıq”. Biz inkişaf etmiş millət deyilik. Ona görə deyirəm: Biz istədiyimizdən çox yaxşı yaşayırıq. Bundan pis yaşamalıyıq. Bundan pis yaşadıqca biz yavaş-yavaş oyanacaq və dəyişəcəyik. Xalq istəyir ki, neft pulundan ona daha çox verilsin. Adətən, bizim adamlar deyir: “İmkan ver yaşayım”. Yəni bu o deməkdir ki, “imkan ver mən qazanım”. Xalq istəyir ki, hakimiyyət onu himayə etsin. Mən heç vaxt hakimiyyətdən bir manat almamışam, təqaüd almamışam, güzəştlərə getməmişəm. Əsas ziyalılar elə yaşamır. Onlara bir manat verincə qaçırlar.

- Siz ziyalılarla bağlı müşahidənizi bölüşürsünüz. Ancaq bunu bütün xalqa şamil etmək nə dərəcədə doğrudur? Yəni xalq yaxşı yaşamaq istəmir? Axı heç kim məktəbdə, xəstəxanada rüşvət vermək istəməz...

- İstəyər. Rüşvət rahatdır. O sizə elə gəlir. Niyə istəmirlər? Siz düşmən axtarırsınız, təqsirkar axtarırsınız. Təqsirkar hamımızın qafasıdır. İnsanlar işləmək istəmir. İstəyir daha rahat yaşasın. Elə olmur. Siz istəyirsiniz deyim hakimiyyət pisdir, xalq yaxşıdır? Hakimiyyət də, xalq da bizik. Hakimiyyət bəlkə bizdən bir addım irəlidədir. Yəni pis-yaxşı məsuliyyət daşıyır, 20 ildir pis-yaxşı nəsə edə bilir. Açıq deyirəm, bu millətin səviyyəsi çox aşağıdır. Ancaq çox istəyir ki, sabah Fransa olsun. Bu, niyə Fransa olsun? Bunun müəllimi yoxdur, 100 il qabaq təhsili yox idi. Biz özümüzdən çox şeyi uydurmuşuq, istəyirik hər şey birdən-birə dəyişsin. Dəyişməyəcək. Çox yaxşı ki dəyişiklik başlayıb və biz orda iştirak etməliyik.

- Cavid Qara adlı gənci örnək gətirdiniz. Bu cür gənclərin artması sayəsində dəyişikliklər mümkün olacaq?

- Azərbaycan potensialına görə Avropa ölkələrindən geri qalmır. Ola bilsin dəyişiklik olsun, ola bilər olmasın. Mən futuroloq deyiləm, peyğəmbər deyiləm. Amma dünən o yoxuydu, bu gün var və bu, çox yaxşıdır.

- Gənclər bələdiyyə seçkilərində daha fəal iştirak etməyə çalışdılar, indi parlament seçkilərinə hazırlaşırlar. Yeni bir dalğa yaratmaq cəhdi var. Sizcə, gənclərə bu impulsu verən nədir?

- Səbəb çoxdur. İnternet var, dünya var, açıqlıq var. Bizdə ağıllı adamlarla bağlı problem olmayıb. Problem mühit problemidir. Məsələn, şəhər mühiti yetərincə eybəcərdir. O adamlar yaranırsa, gərək təəccüblənək. Adicə bir şey deyim, bizim Azərbaycanda məişətimiz şadlıq evləridir, toylardır. Gündəlik məişətimiz çox eybəcərdir. Bu cür adamlar yaranırsa, çox yaxşı. Sadəcə, sayca çox azdırlar. Sabah arta da bilərlər, artmaya da. Sabah hakimiyyətə fərqli qüvvələr də gələ bilər. Amma yaxşıdır ki, bu gün proses var. Bunun olması ümid doğurur. Necə olacaq? Bu sualı verməyin, onu dəyişib soruşun: “Prosesqə qatılacağıq, yoxsa kənarda duracağıq”.

- Bəlkə də demək olar ki, prosesdə cəmiyyətin iştirak etmək istəyi zəif də olsa, duyulmaqdadır, tələsmədən addımlar atır sanki...

- Düzdür. Cəmiyyətin müəyyən təbəqəsi proseslərdə iştirak edir.

- Bugünlərdə bir məsələ çox müzakirə edilməkdədir. Tovuzda 10 yaşlı qızın qətlə yetirilməsindən sonra ölüm hökmünün bərpası gündəmə gəldi və artıq 40 min adam bununla bağlı müraciətə imza atıb. Sizcə, ölüm hökmünün bərpası tələbi cəmiyyətin geriləməsinin əlamətidir, ədalətə inamsızlıqla bağlıdır, yaxud başqa səbəb var?

- Gerilik səbəbi deyil. Mən düşünürəm ki, Rusiya ziyalılarına görə bizdən güclüdür. Amma sabah orda məsələ qaldırsan ki ölüm hökmü bərpa edilsin, ya yox, camaatın 50 faizi “hə” deyəcək. Bu, çox mürəkkəb məsələdir. Çox adam elə bilir ki, cəza sərt olarsa nəticə verəcək. Bu yanaşma tədricən dəyişməlidir. Bizdə heç kim anlamır ki, qadın problemi çox ciddidir, ailə problemi çox ciddidir... Ancaq geriləmə görmürəm. 50 il qabaq da camaat deyirdi: “ölüm cəzası olsun, sərt olsun, əli kəsilsin və s”. Kişilərin əksəriyyəti düşünür ki, nə qədər sərt olarsa, ailədə o qədər çox uğur qazanar. Bu baxış bir gündə dəyişməz.

- Yaxın 20 ildə qadınlarla, ailə ilə bağlı stereotiplərin, qəlib təsəvvürlərin dəyişməsi nə dərəcədə gözləniləndir?

- Belə bir ehtimal var. Biz işləməliyik, iştirak etməliyik, tənqid etməliyik, qorxmamalıyıq, havayı pullardan qaçmalıyıq, müstəqil olmalıyıq. Heç olmasa, ziyalılarımız belə davranmalıdır. O da hələ yoxdur. Ali məktəb müəllimlərinə baxın, onların 90 faizi kölədir. Onlar bir gündə dəyişməyəcək. Bunun üçün hər birimiz dəyişməliyik, özümüzdən başlamalıyıq. Sovet vaxtı mən istədiyimi yaza bilmirdim, indi yazıram. Bu dəyişikliyi görməliyik. Mən Azərbaycanla əlaqədar bədbin deyiləm. Yanıla da bilərəm, əlbəttə...

XS
SM
MD
LG