Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:23

R.Bədəlov: ''Xalqla söhbət' çox primitiv söhbətdir, inkişaf etməmiş ölkələrə aiddir'


R.Bədəlov
R.Bədəlov

Son zamanlar prezident və ailəsi tez-tez xalq arasında görünməyə çalışır. Bu zaman yerli media onların əhali ilə qısa dialoqları, daha çox da çəkdirdikləri fotolarla dolub-daşır. Dialoqlarda isə minnətdarlıq, təşəkkür sözləri, məmnunluq ifadə edən fikirlər yer alır. Narazılar, ürəyi dolu insanlar gözə dəymir...

Bu görüşləri keçirməkdə məqsəd nədir, effekti nədir? Dövlət başçısı xalqda özü və ailəsi haqda rəyi dəyişməyə çalışır? AzadlıqRadiosunun suallarını professor Rəhman Bədəlov cavablandırır.

- «Effekti nədir» deyəndə nə nəzərdə tutulur? Xalq üçün effekti, cəmiyyət üçün, ya prezident üçün? Təbii ki, bu cür görüşlər Azərbaycanda prinsipial olaraq heç nəyi dəyişə bilməz. Amma insanlar gəlir prezidenti görür, şəkil çəkdirir, ondan çəkinmir-ürkmürsə, bu mənada ona normal baxıram. Yenə deyirəm, bütün bunlar prinsipial olaraq heç nəyi dəyişə bilməz. Bizim problemlərimiz daha dərindədir. Daha çox ictimai azadlıqlar verilməlidir, insanlar daha çox dövlətin işlərində iştirak etməlidir və s. Bu populist addımların isə bəlkə cüzi təsiri ola bilər.

- Bəs prezidentlə bağlı rəyi dəyişə, hansısa formada təsir göstərə bilərmi?

- Məncə, bu gün normal seçki keçirilsə, indiki dövlət başçısı prezident seçiləcək. Mən buna sevinmirəm, söhbət bundan getmir. Məsələ ondadır ki, camaatın gözündə müxalifətin çoxdan nüfuzu yoxdur. Amma bu da başlıca məsələ deyil. Söhbət ondan gedir ki, bizim xalq ata sevir, prezidentə ata kimi baxır. Bu, dərin problemdir. Məsələn, o gün maşında yazıblar ki, «Hökm Allahındır». Biz həmişə ata axtarırıq, Allah axtarırıq. Biz istəyirik prezident himayəçimiz olsun. Özümüz taleyimizi həll etmək istəmirik. Əlbəttə, bunu istəyənlər də var, amma əhalinin cüzi hissəsidir deyə, həlledici təsiri yoxdur. Bax, bu, mənim üçün bədbin haldır. Ona görə bədbin deyiləm ki, prezident də pisdir, xalq da pisdir, ya hər ikisi yaxşıdır, yox. Sadəcə, biz beləyik. Ona görə sizin dedikləriniz bu sistemin içində normal haldır.

- Prezidentin xalqla görüşlərində müşahidə edilən bir hal var: o, camaatla sanki elə şəkil çəkdirməyə, onların təşəkkürünü dinləməyə çıxır, onların dərdi-səri, problemləri ilə maraqlanmır. Bəlkə ikinci halda bu görüşlər daha çox effekt yaradardı?

- Onda da effekt yaratmazdı. Biz bunu (SSRİ-nin sonuncu lideri Mixail) Qorbaçovun vaxtında görmüşük. Normal, sivil ölkələrdə, yəni müxtəlif təşkilatlar olan, müxtəlif qrupların imkanları olan yerdə təbii ki, belə hallar olmur. Bu, bizim kimi ölkələrə aiddir. Prezident həmin insanlara qulaq assaydı, nə olacaqdı? Nə dəyişəcəkdi? Küçədə rastına çıxan adamlar ona nə deyəcəkdilər? «Məni işdən qovublar», «maaşım azdır», yaxud «pis yaşayıram» deyəcəkdilər? Bununla nə dəyişəcəkdi? Ümumiyyətlə, «xalqla söhbət» çox primitiv söhbətdir. Necə deyim, inkişaf etməmiş ölkələrə aiddir. Ona görə siz təəccüblənməyin, buna normal baxın. Əksəriyyətimiz ona görə narazıyıq ki, neft pulları yaxşı bölünmür. «Payımız çox olsun» - budur camaatın başlıca istəyi. Mən bunu həmişə deyirəm, 2003-cü ildəki Azərbaycan xalqı ilə indiki arasında böyük fərq var. «Mallar» var, insanlar əşyabaz olub, istehlakçı psixologiyası yaranıb. Həmin əhali azadlıq istəmir, o sadəcə, yaxşı yaşamaq, normal güzəran istəyir. Ona görə deyirəm, şikayət edilsə, nə olacaq? Məsələn, Rusiya prezidenti Vladimir Putin saatlarla camaatla söhbət edir. Nə dəyişir? O, populist hərəkətdir. Amerika prezidenti belə hərəkət edirmi, ya Fransa prezidenti? Prezidentlər yaxşıdır, pisdir, dəxili yoxdur, sadəcə, orda sistem var, cəmiyyət var. Amma burda sistem yoxdur. Camaata da bu ləzzət edir.

- Siz dediniz ki, bu gün seçki keçirilsə, müxalifət nüfuzunu itirdiyinə görə seçilməz, İlham Əliyev yenidən seçilər. Yəni İlham Əliyevin xalq arasında nüfuz sahibi olduğunu düşünürsünüz?

- Bizim əhali fərd olmaq istəmir. Onu kiminsə dolandırmasını istəyir. Kim dolandıracaqsa, ona səs verəcək. Bilir ki, bu, pis- yaxşı dolandırır. O biri necə olacaq, onu düşünmür. Halbuki prezidentin vəzifəsi dolandırmaq deyil. 200 il əvvəl Avropa deyib ki, dövlət başçısını ata kimi sevən xalq pisdir. Bizə bu, ayıb gəlmir. Bəlkə 200 il sonra bu fikrə gələcəyik. Prezident icraçıdır. Amma biz ona icraçı kimi baxmırıq. Qurtardı da bununla söhbət. Prezidenti seçmişik ki, qanuni fəaliyyət göstərsin, qanunları icra etsin. Amma bizdə qafalarda bu yanaşma yoxdur. Qafalarda bu yoxdursa, haradan gələcək?

- Azərbaycan bir gün öncə Cümhuriyyətin 101 yaşını qeyd etdi. Mayın 28-də politoloq Hikmət Hacızadə də sosial mediada yazmışdı ki, «Cümhuriyyət» sözü var, amma Cümhuriyyət özü yoxdur. Sizcə, o ideyaların, dəyərlərin beyinlərdə oturuşmasına nə qədər vaxt lazımdır?

- Əzizim, çox adam bu sualı verir: «Nə qədər vaxt lazımdır?». Vaxt bizik. Bizdən kənarda vaxt yoxdur. O vaxt ərzində biz necə hərəkət edəcəyik, ondan asılıdır. Mən artıq qocalmışam. Amma mənim səviyyəmdə adamlar, ziyalılar cəmiyyətdən kənarda qalacaqlarsa, bu, heç vaxt olmayacaq. Vaxt bizdən asılıdır. Bir ilə də ola bilər, heç bir vaxt olmaya da bilər.

XS
SM
MD
LG