Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:30

ABŞ-İran təhdidlərinin axırı necə olacaq – Qərb mediası


İranda nümayişçilər Soleimani-nin şəklini qaldırır
İranda nümayişçilər Soleimani-nin şəklini qaldırır

Yanvarın 3-də İranın Qüds qüvvələrinin komandiri Qassem Soleimani-nin İraqın paytaxtı Bağdadda vurulması Qərb mediasının aparıcı mövzusudur.

Bu qətl müharibə aktı idimi? Eləydisə, onda Birləşmiş Ştatlar və İran bu müharibəyə çoxdan qoşulublar. “The New York Times” qəzetində Ryan C. Crocker belə yazır. Cənab Crocker vaxtilə BMT-nin İraq, Suriya və Livan üzrə səfiri olub.

Trump administrasiyasına tövsiyələr

“Bu müharibənin tarixi 1980-ci illərin əvvəlindəki Livana gedib çıxır. Orada General Soleimani-nin sələfləri Hezbollah qruplaşmasını yaratdılar. İran Suriyanın köməyilə 1983-cü ildə Beyrutda Amerika səfirliyi və dəniz piyadaları kazarmalarını bombaladı və sülhməramlı missiyada iştirak edən 241 amerikalı öldürüldü. Həmin bomba zərbələrindən salamat çıxmış gənc Xarici İdarə məmuru kimi gördüm ki, İran terrorçuluq vasitəsilə Birləşmiş Ştatları Livandan qüvvələrini çıxarmağa necə məcbur etdi”, – müəllif yazır.

Məqalədə qeyd olunur ki, İran ABŞ-ın regiondakı müttəfiqlərini təhdid edə, müəyyən addımlar ata bilər, Körfəzdə tanker nəqliyyatına, eləcə də Birləşmiş Ştatların regiondakı obyektlərinə birbaşa hücumlar təşkil edə bilər. Ancaq İran və havadarlarının seçimləri təkcə kinetik deyil. Hətta Soleimani-yə hücumdan öncə belə, İrandakı siyasi partiyalar İraq parlamentinin ABŞ qüvvələrinin ölkədən çıxarılmasını tələb edəcək qanunvericiliyin mümkünlüyündən danışırdılar. Bazar günü deputatlar belə bir qətnamə qəbul edib və baş nazir çox güman onu imzalayacaq.

“Trump administrasiyası təzəcə qızışdırdığı münaqişənin tam mürəkkəbliyini anlamalı, müttəfiqləri ilə sıx işləməlidir... Bu atributlar indiyədək Trump prezidentliyində müşahidə olunmayıb”, – məqalədə deyilir.

Mümkün addımlar

“İranlı komandir Qasem Soleimani-nin qətli Donald Trump-ın prezidentlik dövründə indiyədək verdiyi ən ciddi xarici siyasət qərarı sayıla bilər. Onun nəticələri günlərlə, aylarla, hətta illərlə hiss olunacaq – nəticələrin nə olacağı isə Trump administrasiyasının bundan sonra nə edəcəyindən asılıdır”. Bunu isə “Foreign Affairs” dərgisində Emma Sky yazır.

Müəllif qeyd edir ki, İranın cavab tədbirləri zamanla gələcək, bəzən heç kəsin gözləmədiyi məqamda və təkcə İraq, yaxud Yaxın Şərqlə məhdudlaşmayacaq. “Trump administrasiyası bir sıra fövqəladə hallara hazır olmalıdır: kiberhücumlara, xaricdə və ABŞ torpağında terror hücumlarına, ABŞ rəsmilərinə sui-qəsd cəhdlərinə, Səudiyyədə neft yataqlarına əlavə hücumlara. İran nüvə proqramıyla bağlı da daha təhrikedici addımlar ata bilər...”, – məqalədə deyilir.

“Trump-a təkcə İranın taktiki addımlarını cavablayacaq strategiya gərək deyil. O, böhranı necə həll etmək istədiyini qərarlaşdırmalıdır... İndiki məqamda ABŞ-ın məqsədi gərginliyi azaltmaq, daha böyük müharibədən qaçmaq, həm də bunu amerikalıları daha uzun müddətə təhlükəsiz saxlayacaq yolla etmək olmalıdır. Bundan ötrü administrasiya gərəksiz yerə provokativ olmayan aydın, davamlı mesajlar göndərməli, eyni zamanda ABŞ diplomatik postlarının təhlükəsizliyini sakitcə təmin etməlidir. Vaşinqton ABŞ-ın müttəfiqləri ilə koordinasiya etməli, Tehranla diplomatik kanal açmağa çalışmalıdır, gərəkərsə, lap üçüncü tərəfin köməyilə olsa belə. Bunlar olunmasa, Birləşmiş Ştatlar Yaxın Şərqdə daha bir bahalı avantüraya sürüklənə bilər”, – müəllif yazır.

XS
SM
MD
LG