Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:49

Trump-ın İranın mədəniyyət obyektlərini vurmaqla hədələməsi həyəcan yaradır


Donald Trump
Donald Trump

Prezident Donald Trump-ın İranın mədəniyyət və tarixi yerlərinin vurula biləcəyi barədə hədələri İranda və bütün dünyada həyəcan yaradıb.

Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı bildirib ki, belə bir hərəkət hərbi cinayət sayıla bilər.

İranın nüfuzlu komandanlarından biri olan Qassem Soleimani-nin öldürlüməsindən sonra yaranmış gərginlik şəraitində, yanvarın 4-də Trump yazdığı tvitdə bildirmişdi ki, ABŞ-ın İranda vurmağı planlaşdırdığı 52 hədəf arasında bu ölkənin “mühüm mədəniyyət abidələri də” var.

Bloomberg yanvarın 6-da yazır ki, ABŞ prezidentinin bu bəyanatının ardınca Twitter istifadəçiləri İranın görməli yerlərinin və tarixi abidələrinin fotolarını paylaşıblar.

HRW bildirir ki, “hərbi məqsədlər üçün istifadə edilməyən mülki obyektlərə bilərəkdən edilən hücumlar qadağandır”.

Nyu Yorkda mənzillənmiş insan haqları təşkilatı qeyd edir ki, Cenevrə Konvensiyasının I protokolunun 53-cü maddəsi mədəniyyət obyektlərinə qarşı hərbi əməliyyatları qadağan edir.

Təşkilatın bəyanatında deyilir ki, belə hərəkəti Amerika qanunları da qadağan edir.

HRW-nin Vaşinqton direktoru Andrea Prasow deyib ki, ABŞ-ın Müdafiə Nazirliyi İranda belə obyektlərin vurulmayacağına təminat verməlidir.

Parisdə BMT-nin mədəniyyət və təhsil agentliyi UNESCO-nun başçısı Audrey Azoulay tarix və mədəniyyət abidələrinin bəşəri olduğunu vurğulayan bəyanat verib.

İranda eramızdan əvvəl 518-ci ilə aid Persepolis xarabalıqları, 17-ci əsrin memarlıq incisi olan İsfahan məscidi və Tehrandaklı Gülüstan sarayı da daxil, UNESCO-nun “dünya mədəni iris siyahısında” olan 22 mədəniyyət abidəsi var.

***

ABŞ Prezidenti Donald Trump 17 gün Floridadakı iqamətgahında qalandan sonra yanvarın 5-də Vaşinqtona qayıdıb. Ağ evin məlumatına görə, Trump İraqı sanksiyalarla hədələyib, İranın mədəniyyət obyektlərini bombalamaq hədəsini bir daha dilə gətirib, İran hərbi komandir Qasem Soleimani-nin qətlinə görə intiqam almağa çalışarsa, “böyük cavab tədbiri” atılacağını vəd edib.

“İraqda xeyli pul xərcləmişik”

İraq parlamenti Soleimani-nin ötən həftə öldürülməsinə cavab olaraq ABŞ əsgərlərinin ölkədən çıxarılmasına qərar verib. Trump deyib ki, “bizə bunun əvəzinə ödəməyincə çıxmayacağıq”. İraqda ABŞ-ın hava bazası yerləşir.

“Biz İraqda xeyli pul xərcləmişik. Bizim orada çox qeyri-adi hava bazamız var. Onu qurmaq milyardlarla dollara başa gəlib”, – Trump təyyarədə jurnalistlərə deyib.

Tehran Soleimani-nin qətlinə görə cavab addımı atarsa, ABŞ prezidenti İranın mədəniyyət obyektlərini vurmağı istisna etməyib. O, belə bir addımın beynəlxalq hüquq çərçivəsində hərbi cinayətə bərabər olacağı sarıdan öz administrasiyasının narahatlığını rədd eləyib.

İrana “bizim adamları öldürməyə imkan verilir, onlara bizim adamlara işgəncə verərək şikəst etməyə imkan verilir, yol kənarına bombalar qoyaraq bizim adamları partlada bilirlər, amma biz onların mədəniyyət obyektlərinə toxuna bilmərik? Belə olmaz”, – Trump vurğulayıb.

Prezidentin sözlərinə görə, İran tərəfdən cavab addımı “böyük cavab addımı” ilə nəticələnə bilər.

Trump deyir ki, İraq ABŞ qüvvələrindən ölkədən çıxmağı xahiş edirsə və bunu səmimi etmirsə, “onlara əvvəllər heç vaxt görmədikləri sanksiyalar tətbiq edəcəyik. Bu, İrana sanksiyaları kölgədə qoya bilər”, – o vurğulayıb.

Pompeo da hədələyir

İraqlı deputatların yanvarın 5-də qəbul etdiyi qətnaməyə görə hökumət İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına qarşı savaşan beynəlxalq koalisiyadan yardım istəməklə bağlı xahişini və bu, İraqda hərbi əməliyyatların başa çatması və qələbə əldə olunması ilə izah edilir.

Deputatlar qətnamədə deyirlər ki, Baş nazir Adil Abdul-Mahdi hökuməti “İraq torpağında xarici əsgərlərin mövcudluğuna son qoymalı, onların istənilən səbəblə bu ölkənin torpağından, hava məkanından, suyundan istifadəsini qadağan etməlidirlər”.

Hazırda Birləşmiş Ştatların İraqda 5 minədək hərbi personalı var, əsasən müşavirlərdir.

ABŞ-ın dövlət katibi Mike Pompeo isə deyib ki, Tehran Soleimani-nin qətlinə görə qisas alarsa, İranın daha çox lideri hədəfə alınacaq.

Həftəsonu çoxsaylı televiziya şoularına çıxan Pompeo deyib ki, İran ABŞ hədəflərini vurmaqdan ötrü İraq, Suriya, Yəmən, Livan və başqa yerlərdəki proksi qüvvələrindən istifadə edərsə, buna cavab ancaq həmin qüvvələrlə məhdudlaşmayacaq.

“Onun yükünü İran və rəhbərliyi də daşıyacaq. Bunlar İran rəhbərliyinin növbəti qərarlarını çıxararkən nəzərə almalı olduğu vacib məsələlərdir”, – Pompeo deyib.

İranın İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) xarici qanadı olan Qüds qüvvələrinin komandiri Soleimani yanvarın 3-də Bağdad aeroportundan çıxarkən öldürülüb. O, regional səfərə çıxmışdı.

Bu hücum İranla Birləşmiş Ştatların münasibətlərində kəskin eskalasiya yaradıb, Tehran “ağır intiqam” vəd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG