Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Rəsmilər noyabr etirazlarında cəmi 170 nəfərin öldürüldüyünü deyir


İranda etirazçılar, noyabr, 2019-cu il
İranda etirazçılar, noyabr, 2019-cu il

İranın təhlükəsizlik rəsmiləri parlamentə deyib ki, noyabr etirazlarında cəmi 170 etirazçı öldürülüb. Bunu İranın islahatçı deputatı yanvarın 2-də bildirib. O tələb edib ki, əgər bu rəqəm rəsmi ölü sayıdırsa, ictimaiyyətə açıqlansın. Bu haqda AzadAvropa/AzadlıqRadiosunun fars xidməti yazır.

Mardomsalari (Demokratiya) Partiyasının Baş katibi Mostafa Kavakebian yanvarın 2-də partiyasının 18-ci qurultayında çıxışı zamanı ölü sayının açıqlanmasının yubanmasını tənqid edib. Onun sözlərinə görə, hakimiyyət parlamentin milli təhlükəsizlik komitəsinə 170 etirazçının öldürüldüyünü bildirib.

“Ədliyyə deyir ki, noyabr etirazlarında rəsmi ölü sayını Ali Milli Təhlükəsizlik Şurası açıqlamalıdır. Bəs niyə açıqlamırlar? Milli təhlükəsizlik komitəsində bizə bunun 170 olduğunu dedilər”, – söyləyən Kavakebian “hətta 17 belə çoxdur” deyə sözlərinə əlavə edib.

Digər mənbələr daha yüksək ölü sayı göstərir

Təhlükəsizlik rəsmilərinin açıqladığı rəqəm insan haqları təşkilatının dediyindən xeyli azdır. “Amnesty International” etirazlarda 304, İran İnsan Haqları təşkilatı isə azı 324 nəfərin öldürüldüyünü bildirir.

İslahatçı müxalif “Kalemeh” vebsaytı ilkin olaraq ölü sayını 366 göstərirdi, yanvarın 2-də bu rəqəmi 631-ə qaldırıb, rejimin təhlükəsizlik qüvvələrinin “məxfi bülletenlərinə əsaslandığını” bildirib.

“Reuters” agentliyi isə mənbələrinə əsasən bildirib ki, noyabrın 15-də başlanan, bir həftədən az çəkən iğtişaşlarda 1500-dək öldürülən olub. Agentlik adını çəkmədiyi üç fərqli mənbəyə istinadla yazırdı ki, Ali dini lideri Ali Khamenei “etirazçıları nəyin bahasına olursa-olsun dayandırmaq” göstərişi verib.

Yanacağın bahalanmasına qarşı başlanan etirazlarda iki aya yaxın vaxt keçir, amma hələ də qurbanların cəsədləri tapılmaqdadır. Etirazlarda itkin düşmüş Hashem Moradi-nin cəsədi yanvarın 1-də Kirmanşah vilayətində çayda tapılıb. Şahidlər meyidin üzərində işgəncə izlərinin olduğunu deyiblər. Digər vilayətlərdə də çaylarda cəsədlər aşkarlanıb.

Tehran İnqilab Məhkəməsinin başçısı Mousa Ghazanfar-Abadi, digər rəsmilər “Reuters”in açıqladığı ölü sayını təkzib ediblər. Ancaq indiyədək iğtişaşlarda ölənlər, xəsarət alanlar, həbs olunanlar barədə rəsmi statistika açıqlanmayıb. Beynəlxalq ictimaiyyət, iranlı fəallar isə bununla bağlı çağırışlar səsləndirib.

Avropa Birliyinin yeni təyin olunmuş xarici siyasət rəhbəri Josep Borrell Fontelles dekabrın 18-də deyib ki, İran hakimiyyəti “ölənlərin və həbs olunanların sayına aydınlıq gətirmək üçün şəffaf və etibarlı araşdırma təmin etməlidir və biz zorakılıq edənlərin hamısının məsuliyyətə cəlb olunmasını gözləyirik”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG