Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

İranda öldürülmüş etirazçıların qırxını keçiriblər


Pouya Bakhtiari-nin 40 mərasimi
Pouya Bakhtiari-nin 40 mərasimi

Noyabrda hökumətə qarşı etiraz aksiyalarında öldürülmüş iranlıların ailə üzvləri və tərəfdarları bir neçə qəbiristanlıqda onların 40 mərasimini keçiriblər.

Dekabrın 26-da Kərəc, İsfahan, Behbəhan və digər şəhərlərdə yas mərasimlərinə yığışanlar hökumətin gördüyü tədbirlərdən – həbslərdən, təhlükəsizlik qüvvələrindən çəkinməyiblər. Bir neçə vilayətdə internet də kəsilib.

Kərəc qəbiristanlığında bir neçə nəfərin saxlandığı bildirilir. Burada etirazların ən tanınmış qurbanlarından olan Pouya Bakhtiari uyuyur.

1500 nəfər öldürülüb?

“Reuters” agentliyinin dekabrın 23-də yaydığı araşdırmada Daxili İşlər Nazirliyinin adı çəkilməyən məmurlarına istinadla bildirilirdi ki, təxminən iki həftə çəkən etirazlarda 1500-dək etirazçı öldürülüb. İran rəsmiləri bu rəqəmi şişirdilmiş adlandırıb.

“Reuters”in yazmasına görə, Ali dini lideri Ali Khamenei hakimiyyətə nümayişləri dayandırmaqdan ötrü “lazım olanı etmək” göstərişi verib.

Noyabrın 15-də yanacağın bahalandırılması İranın 100-dək şəhər və məntəqəsində nümayişlərə səbəb olmuşdu.

27 yaşlı Pouya Bakhtiari noyabrın 16-da Kərəcdə etiraz aksiyasında güllələnərək öldürülüb. Onun valideynləri və bəzi qohumlarını da təhlükəsizlik qüvvələri həbs edib, çünki övladları üçün Kərəc qəbiristanlığında planlaşdırdıqları ənənəvi yas mərasimini təxirə salmaqdan imtina ediblər.

Dekabrın 26-da BBC-yə göndərdiyi videoda Bakhtiari-nin nənəsi deyir ki, təhlükəsizlik qüvvələri ona nəvəsinin məzarı başında dua oxumağa imkan verməyiblər.

“Çox adam gəlmişdi, onlara təşəkkür edirəm, amma təhlükəsizlik qüvvələri onları içəri buraxmadı”, – o, əlində Bakhtiari-nin şəklini tutaraq danışır.

İnternetdə yerləşdirilmiş videoda da təhlükəsizlik qüvvələrinin adamları qəbiristanlıqdan uzaqlaşdırdığı görünür.

Dekabrın 26-da Kərəcdə yas mərasiminə yığışanlardan bəziləri Khamenei-nin adını çəkib, “illər boyu davam edən cinayətlər”ə görə ona ölüm arzulayıb.

İnternet bağlantısı 5 faizə düşüb

“Amnesty International” təşkilatı ötən aykı etirazlarda azı 304 nəfərin öldürüldüyünü, minlərlə adamın xəsarət aldığını bildirir.

İsfahan şəhərində 21 yaşlı tələbə Arsham Ebrahimi-nin qırxı keçirilib.

Cənubdakı Behbəhan şəhərində isə 27 yaşlı Farzad Ansarifard üçün böyük anım mərasimi təşkil olunub.

Yas mərasimlərindən qabaq İranın yarırəsmi ILNA xəbər agentliyi bildirib ki, beş vilayətdə “təhlükəsizlik orqanları”nın göstərişi ilə mobil internet kəsilib.

Dünyada internetdə kəsintiləri monitorinq edən NetBlocks dekabrın 26-da müəyyən şəbəkələrdə mobil internet əlaqəsinin adi səviyyənin 5 faizinə düşdüyünü açıqlayıb.

Hakimiyyət noyabr etirazları vaxtı da interneti bir həftəyədək bağlamışdı.

Rəsmilər etirazlara görə xaricdəki düşmənlərə bağlı “xuliqanları”, həmçinin Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanını ittiham edir.

İran mediası iğtişaşlarla bağlı 100-dən artıq şübhəli “şəbəkə lideri və təşkilatçı”nın saxlandığını xəbər verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG