“Avropa Birliyi 2019-cu ili ən böyük problemlər qarşısında köməksiz və tabe durumda başa vurur. Bu durğunluq davam etsə, yeganə sual odur ki, Avropa Birləşmiş Ştatlarınmı peykinə çevriləcək, yoxsa Çininmi”. “Project Syndicate” portalında Sławomir Sierakowski yazır ki, dünyanın iki ən böyük iqtisadiyyatı sayılan Çinlə ABŞ davamlı rəqabətin yeni erasına daxil olublar. Bu münasibətin necə təkamül edəcəyi isə daha çox Amerikanın siyasi liderliyindən asılıdır ki, bu da yaxşı bir şey vəd eləmir.
Müəllifin fikrincə, 19-cu əsrlə müqayisədə Avropa və Çin arasında rolların dəyişdiyi müşahidə olunur. 1800-cü illər Çindən ötrü “alçalma dövrü” idi, Fransa, Britaniya, Almaniya imperiyalarının, eyni zamanda Rusiya və Birləşmiş Ştatların təsiri altında idi. Xarici güclər Çini istismar edir, ona alçaldıcı ticarət sazişləri tətbiq edir, siyasi baxımdan nəzarət edirdilər.
Rollar dəyişib...
“Bu gün AB getdikcə daha çox 19-cu əsr Çininə oxşayır: bu zəngin imperiyanı başqaları işğal edə bilməz, amma o qədər zəifdir ki, onda kök salıb istismar etmək mümkündür. Çin isə bu arada Avropanın əvvəlki rolunu icra edir, şirkətləri və investorları Avropa iqtisadiyyatına girərək nüfuz dairələrini genişləndirirlər”, – məqalədə deyilir.
Müəllif qeyd edir ki, çinli investorlar Avropanın ən yaxşı zavodlarını, ən böyük limanlarını alırlar, qeyri-bərabər iqtisadi razılaşmalar imzalayırlar və tədricən AB-ni zəbt edirlər.
“Ən pisi odur ki, Brüssel buna səssiz qalır. Avropanın sənaye çempionlarını qurmaq kimi bir plan mövcud olsa da AB-nin rəqabətlilik qaydalarını pozmaq qorxusu onun həyata keçirilməsinə imkan vermir. AB nə edəcəyini bilmir, Çin şirkətlərinin qurduğu 5G infrastrukturu da buraya daxildir”, – müəllif yazır.
Məqalədə Avropa liderlərinin insan haqları məsələlərində sükutu “qulaqbatırıcı” adlandırılır. ABŞ Konqresi Honq Konqdakı etirazçıları dəstəkləyir, mümkün sanksiyalarla hədələyən qanun qəbul edir, Avropa isə “hər iki tərəfi aqressiyadan çəkinməyə çağırır”.
Müəllif qeyd edir ki, Avropanın Birləşmiş Ştatların, yaxud Çinin peykinə çevriləcəyinə də blokdan kənarda qərar veriləcək. “Əgər Amerikada təcrid siyasəti qalib gələrsə, Avropa Çinin peykinə çevriləcək. Əgər ABŞ Çinlə qarşıdurma mövqeyini saxlayarsa, Avropa Amerikadan daha asılı duruma düşəcək”, – deyə yazır.
Birləşmiş Ştatlar və Çin arasında son vaxtlar vüsət almış ticarət müharibəsi nisbətən səngiyib, tərəflərin ilkin razılığa gəldikləri bildirilib.