Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:10

Çinlə ticarət sazişinin şərtləri ‘razılaşdırılıb’


Arxiv fotosu

Vaşinqton Çinin bəzi məhsullarına rüsumları ləğv edəcək, bəzi rüsumları isə azaldacaq. Əvəzində Pekin ABŞ-dan daha çox kənd təsərrüfatı məhsulu alacaq. “Reuters” agentliyi yazır ki, bu haqda ABŞ mənbələri dünən – dekabrın 12-də məlumat veriblər. Ancaq tərəflərdən heç biri hələlik, bu informasiyanı rəsmi təsdiqləməyib.

İkitərəfli danışıqlardan xəbərdar mənbə deyib ki, Birləşmiş Ştatlar 160 milyardlıq Çin məhsuluna tarifi ləğv edəcək və bu, bazar günündən qüvvəyə minəcək.

Əvəzində Pekin 2020-ci ildən ABŞ-dan 50 milyard dollarlıq kənd təsərrüfatı məhsulu almağa razılaşıb. Bu, 2017-ci ildə alınandan iki dəfə çoxdur. Tərəflər arasında ticarət münaqişəsi də elə həmin il başladı.

Nə Vaşinqton, nə də Pekin hələlik, rəsmi bəyanatla çıxış ediblər.

“Yekun təklif”?

Bu məlumatdan qabaq danışıqlardan xəbərdar iki nəfər demişdi ki, Vaşinqton Çin məhsullarına mövcud tarifləri 50 faizədək azaltmağı, bazar günü qüvvəyə minəcək yeni tarifləri isə təxirə salmağı təklif edib. Ancaq bu haqda yazılı razılaşma varmı, yaxud Pekin buna razılıq veribmi – bəlli deyil.

“Mənim üçün çox qaranlıqdır: bu, prinsipcə razılaşmadır, yoxsa razılaşmadır?” – Vaşinqtondan bir mənbə agentliyə deyib.

Cümə günü bu xəbər yayılan kimi Çin yuanı ABŞ dollarına qarşı son 4 ay yarımda ən yüksək həddə çatıb, Çin səhmləri bahalanıb.

Pekində mənzillənən ABŞ biznes icmasının təmsilçisi agentliyə deyib ki, söylənənləri Trump tərəfindən təsdiqlənmiş, ancaq hələlik, Pekinin təsdiqləmədiyi “yekun təklif” hesab edir.

Bəzi təhlilçilər də Çinin kənd təsərrüfatı məhsullarının alışında belə kəskin artıma gedəcəyinə şübhə edirlər.

Məsələn, Çinin donuz təsərrüfatında Afrika Donuz Qızdırması yayılandan ABŞ-dan idxal olunan soya paxlasına tələbat kəskin azalıb. Bu azalma qarğıdalı alışını artırmağı da çətinləşdirir.

Gərginlik aradan qalxmayıb

Bu arada ikitərəfli münasibətlərdə gərginlik qalmaqdadır. Çinin aparıcı diplomatı Wang Yi Vaşinqtonu Honq Konq, müsəlman uyğurlarla rəftarla bağlı Pekinlə münasibətləri pisləşdirməkdə ittiham edib.

“Biz birtərəfli sanksiyaları, hansısa qorxutma hərəkətlərini heç vaxt qəbul etməyəcəyik”, – o, cümə günü deyib.

17 aydır davam edən ticarət müharibəsində atəşkəs elan olunmasa, ABŞ-ın Çindən video-oyun qurğularına və kompüter monitorlarına tarifləri bazar günü qüvvəyə minməlidir. Çin isə buna qarşılıq olaraq qarğıdalı və buğdadan tutmuş, kiçik təyyarələrədək bir sıra məhsullara tariflər tətbiq edəcək.

Pekin həmçinin dekabrın 15-dən ABŞ istehsalı olan maşınlara əlavə 15%, avtohissələrə isə 5 faizlik tarifləri yenidən tətbiq etməlidir. Bu tariflər 2019-cu ilin əvvəlindən təxirə salınıb.

Çin rəsmiləri və ticarət ekspertləri xəbərdarlıq edirlər ki, qarşılıqlı tariflərin daha bir raundu ticarət danışıqlarını məhv edər, mübahisəni dərinləşdirir. Bəzi ekspertlərin gümanınca, danışıqların ABŞ-dan 2020-ci il noyabr prezident seçkisindən sonraya təxirə salınması da mümkündür.

XS
SM
MD
LG