Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Qubadlıda məskun: ‘Boş torpaq qalmayıb’


Ermənistanın Baş naziri Nikol Pashinian Dağlıq Qarabağda, 30 noyabr, 2019-cu il
Ermənistanın Baş naziri Nikol Pashinian Dağlıq Qarabağda, 30 noyabr, 2019-cu il

Ermənistanla Azərbaycan çevik hərəkətə keçsələr, Dağlıq Qarabağ danışıqlarında çıxılmaz durumdan çıxarlar. Onlar ağrılı məsələləri – məskunlaşma, sülhməramlılar və yekun statusla bağlı sakit danışıqlar apara, eyni zamanda bunları bir paket halında deyil, ayrıca müzakirə edə bilərlər. Beynəlxalq Böhran Qrupu (BBQ) dekabrın 20-də yaydığı hesabatda belə deyir.

Qurum bildirir ki, Bakı il Yerevanın Dağlıq Qarabağ danışıqlarını yenidən başlatması üçün fürsət yaranıb. Tərəflər bir-birindən çox uzaqda olsalar da, danışıqlar durumun yenidən qızışmasını önləyər, münaqişənin yekun həllinə yol açar.

Qarabağ münaqişəsi 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

BBQ təklif edir ki, Dağlıq Qarabağ ətrafında yeni yaşayış yerlərinin tikintisi müvəqqəti dondurulsun və bunun əvəzində Azərbaycan hüququ hərəkətdən, yaxud yeni sanksiyalardan çəkinsin. Sülhməramlılar məsələsində ATƏT-in Yüksəksəviyyəli Planlaşdırma Qrupu variantları dəyərləndirsin. Dağlıq Qarabağın statusuna gəlincə, tərəflər bir-birindən nə qədər uzaq olsalar da, qeyri-rəsmi danışıqlar aparmağa dəyər.

“Həyat şəraiti çətindir”

Hesabatda diqqətçəkən məqam Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşmanın artması ilə bağlı yazılanlardır. Bu gün Ermənistanla Dağlıq Qarabağ arasındakı ərazilərdə 17 min etnik erməninin yaşadığı bildirilir. Onlardan 4 mini uşaqları və 1994-cü ildən bu yana dünyaya gəlmiş gənclərdir. Hesabatda bu, Dağlıq Qarabağın özüylə müqayisədə belə daha sürətli artım kimi dəyərləndirilir.

“Yaşayış məntəqələrində həyat şəraiti çətindir. Sakinlər su, elektrik xətlərini bərpa ediblər, ancaq məntəqələr arasında ictimai nəqliyyat demək olar mövcud deyil. Məskunlaşmış ərazilərə Xankəndindən, yaxud Ermənistanın yaxın şəhərlərindən dağılmış yollardan keçərək getmək bir gün çəkə bilər. Dövlət xəstəxanaları uzaqdadır, bərbad yollar təcili tibbi yardıma çıxışı məhdudlaşdırıb və insanlar buna öyrəşib. Məsələn, evdə doğuş geniş yayılıb”, – hesabatda deyilir.

Qurum məskunlaşdırılmış ərazilərdə kənd təsərrüfatının çiçəkləndiyini qeyd edir. Bu isə həyat şəraitini yaxşılaşdırıb, yeni sakinlər cəlb edib. Sahibkarlar böyük ərazilər icarəyə götürüb, orada işləməyə digər sakinləri cəlb edib. Sonradan sakinlər öz təsərrüfatlarını qurublar.

“Doqquz il qabaq, biz təzə gələndə cəmi 150 hektar ərazidə işləyirdik. İndi isə bir qarış da olsun boş torpaq qalmayıb”, – Qubadlıda məskunlaşmış bir nəfər deyib.

Üç məsələ

BBQ qeyd edir ki, son aylar son aylar Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı qarşılıqlı iddiaları münasibətlər yenidən soyudub. “Tərəflər 2019-cu ildə əsası qoyulmuş təməl prinsipləri irəli apara bilməsələr, nisbi sakitlik çox çəkməyə bilər”, – hesabatda deyilir.

Qurum təklif edir ki, Ermənistan Dağlıq Qarabağın de-fakto hakimiyyətini yeni yaşayış məntəqələrinin salınması planlarını ertələməyə inandırsın. Bunun qarşılığında isə Azərbaycan yaşayış məntəqələri ilə bağlı beynəlxalq məhkəmələrdə iddialar qaldırma planlarını dayandırsın.

İkinci məsələ potensial sülhməramlı, yaxud monitorinq missiyasının tərkibi və mandatını nəzərdən keçirməkdir. “Belə bir missiya zorakılığı minimuma endirər, sülh razılaşmasına şərait yaradar, belə razılaşma əldə olunarsa onun qüvvəyə minməsinə nəzarət edər”, – hesabatda vurğulanır.

Üçüncü məsələ isə Dağlıq Qarabağın müstəqillik iddiasıdır. Ermənistanda və Xankəndi ayrıca dövlətçilikdə israr edir, Bakı isə Dağlıq Qarabağa Azərbaycan daxilində özünüidarəçilik verə biləcəyini deyir.

Xatırlatma

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də Rusiyanın Soçi şəhərində «Valday» Beynəlxalq Diskussiya Klubunda Dağlıq Qarabağ münaqişəsinə toxunub, Ermənistanı işğalçılıqda günahlandırıb. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamə 25 ildən çoxdur yerinə yetirilmir.

Prezident İ.Əliyev Ermənistanın baş naziri Nikol Pashinian-ın bir müddət öncə «Qarabağ Ermənistandır. Nöqtə.» bəyanatının yalan olduğunu vurğulayaraq deyib: «Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi».

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin dinc yoluyla həllinə tərəfdar olduğunu bildirir, ancaq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpasını, işğalçı Ermənistan qüvvələrinin Qarabağdan çıxarılmasını tələb edir.

Azərbaycan danışıqlarda Dağlıq Qarabağın iştirakına dair Ermənistanın təklifini rədd edir, bunu düzgün saymır. Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağdakı mövcud qurumlar separatçı qüvvələrdir. Azərbaycanın mövqeyinə görə, danışıqlara Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bərabər tərəf kimi qatıla bilərlər.

XS
SM
MD
LG