Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:36

Ermənistanlı nazir: ‘Azərbaycandan ismarıc gözləyirik’


Zohrab Mnatsakanian (ortada solda) və Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov (ortada sağda) Nyu Yorkda görüşür, 23 sentyabr, 2019-cu il
Zohrab Mnatsakanian (ortada solda) və Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov (ortada sağda) Nyu Yorkda görüşür, 23 sentyabr, 2019-cu il

Ermənistanda məxməri inqilab nəticəsində hökumət xalqdan və ictimaiyyətdən geniş mandat aldı və göstərdi ki, siyasi iradə varsa, nəticələrə çox sürətlə nail olmaq olar. Bunu Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanian BBC-nin “Hard Talk” proqramına müsahibəsində deyib.

“İnqilabın geosiyasəti yoxdur”

Gələcəkdə Qərblə Rusiya arasında strateji seçimlə bağlı suala cavabında Mnatsakanian deyib ki, məxməri inqilabın geosiyasəti yoxdur, bu, sırf erməni məsələsidir. İnqilab dəyərlərin, demokratiyanın, insan haqlarının, hüququn aliliyinin inqilabı idi, o deyib.

“Qütbləşmiş dünyanı heç bir formada qəbul etmirik. Həm də bunu qəbul etmirik: demokratiyamız haqda geosiyasi qərarlara əsasən mühakimə yürütməyin”, – Mnatsakanian deyib.

Aparıcı Stephen Sackur nazirə Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinə dair bir neçə sual verib. Soruşub ki, məxməri inqilab nəticəsində həqiqətən də dəyişikliklər baş veribsə, onda Qarabağ məsələsində dəyişiklik, yeni ideyalar, yanaşmalar gözlənirmi. Tanınmış jurnalist deyib ki, əgər Ermənistan sülh istəyirsə, onda Baş nazir Nikol Pashinian-ın “Qarabağ – Ermənistandır, nöqtə” bəyanatını necə izah etmək olar.

Zohrab Mnatsakanian deyib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın təhlükəsizliyi, erməni xalqı və Qarabağdakı 150 min erməni üçün böyük problemdir. Onun sözlərinə görə, yeni hökumət münaqişənin dinc yolla həlli prosesinə dərhal, yubanmadan girişib. Nazir deyir ki, Pashinian həqiqətən sülh istəyir və bu səbəbdən daim qeyd edir ki, münaqişənin həlli həm Ermənistan, həm Qarabağ, həm də Azərbaycan xalqı üçün qəbuledilən olmalıdır.

“Biz Azərbaycandan da bizim maraqlarımıza, Dağlıq Qarabağ xalqının təhlükəsizliyi ilə bağlı narahatlığımıza müraciət olunan bəyanatlar gözləyirik. Onlar bunu etməkdən imtina edirlər”, – Mnatsakanian vurğulayıb.

“Hər bir tərəf konstruktiv davranmalıdır. Baş nazir ‘hamı üçün qəbuledilən qərar’ deməklə bunu nəzərdə tutub. Azərbaycandan ismarıc gözləyirik ki, bu ruhda irəli getməyə əsas yaransın”, – nazir bildirib.

Azərbaycanın mövqeyi

Qarabağ münaqişəsi 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də Rusiyanın Soçi şəhərində «Valday» Beynəlxalq Diskussiya Klubunda Dağlıq Qarabağ münaqişəsinə toxunub, Ermənistanı işğalçılıqda günahlandırıb. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamə 25 ildən çoxdur yerinə yetirilmir. Prezident İ.Əliyev Ermənistanın baş nazirinin bir müddət öncə «Qarabağ Ermənistandır. Nöqtə.» bəyanatının yalan olduğunu vurğulayaraq deyib: «Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi».

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin dinc yoluyla həllinə tərəfdar olduğunu bildirir, ancaq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpasını, işğalçı Ermənistan qüvvələrinin Qarabağdan çıxarılmasını tələb edir.

Azərbaycan danışıqlarda Dağlıq Qarabağın iştirakına dair Ermənistanın təklifini rədd edir, bunu düzgün saymır. Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağdakı mövcud qurumlar separatçı qüvvələrdir. Azərbaycanın mövqeyinə görə, danışıqlara Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bərabər tərəf kimi qatıla bilərlər.

XS
SM
MD
LG