Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

İ.Əliyev: 'Qarabağ Azərbaycandır və nida işarəsi'


İ.Əliyev
İ.Əliyev

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində «Valday» Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev də sessiyada iştirak edib.

Rusiya prezidenti Vladimir Putin, İordaniya kralı II Abdulla sessiyada çıxış edərək gündəlikdə duran məsələlərin Asiyaya aid olduğunu deyiblər.

Sonra Azərbaycan prezidenti İ.Əliyev çıxış edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı plenar sessiyaya dəvətə görə Rusiya prezidentinə minnətdarlığını bildirib. Daha sonra o, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb.

Dağlıq Qarabağ münaqişəsindən danışan İ.Əliyev Ermənistanı işğalçılıqda günahlandırıb. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamə 25 ildən çoxdur yerinə yetirilmir. Prezident İ.Əliyev Ermənistanın baş nazirinin bir müddət öncə «Qarabağ Ermənistandır. Nöqtə.» bəyanatının yalan olduğunu vurğulayaraq deyib: «Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi».

Sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Filippin prezidenti Rodriqo Roa Duterte də çıxış etdilər.

Prezident İ.Əliyev «Valday» Beynəlxalq Diskussiya Klubunun XVI iclasında iştirak etmək məqsədilə oktyabrın 2-də Rusiyaya səfər etmişdi. O, Klubun toplantısından öncə Rusiya prezidenti ilə görüşmüşdü.

«BMT tribunasından demək lazımdır»

««Qarabağ Azərbaycanındır, nida» sözünü Soçidə «Valday» Beynəlxalq Diskussiya Klubunun 100-nəfərlik toplantısında deyil, Nyu-Yorkda 134 dövlət və hökumət başçısının iştirak etdiyi BMT Baş Assambleyasının 74-cü sessiyasının tribunasından demək lazımdır, cənab Əliyev!».

Bunu AzadlıqRadiosuna prezident İlham Əliyevin çıxışını dəyərləndirən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlu vurğulayıb ki, Pakistanın baş naziri İmran Xan həmin toplantıda çıxış edib, Kəşmirə görə haray çəkib. «Bu çıxışın 4.3 milyon nəfərdən çox izləyicisi olub», - o qeyd edib.

«Gec də olsa…»

Müsavat Partiyasının başqanı Arif Hacili isə AzadlıqRadiosuna deyib ki, N.Paşinyan «Qarabağ Ermənistandır» deməklə yalan danışmışdı: ​«Bu onun özünün də inanmadığı yalan idi. Hətta Qarabağı Ermənistan belə tanımayıb. Bu onun populist siyasətinin göstəricisidir».

A.Hacılının fikrincə, o, Qarabağ münaqişəsindən öz reytinqini qaldırmaq üçün istifadə etməyə çalışır: «Nikol Paşinyanın cavabı verilməli idi, təəssüf ki çox gec verildi. Amma gec də olsa, bu cavab verildi».

Amma A.Hacılı bu bəyanatın hansısa yeni situasiya yaradacağını düşünmür.

«Qarabağın Azərbaycan torpağı olmasını bütün dünya qəbul edir. Sadəcə, Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirərək Qarabağ ərazisində Azərbaycanın suveren hüquqlarını təmin etməlidir», - Müsavat Partiyası başqanı bildirib.

«Artsax adlı nə xalq, nə də ərazi olub»

«Azərbaycan prezidenti «Valday» görüşündə çox ciddi və sərt formada siyasi iradə ortaya qoydu. Nikol Paşinyanın indiyə qədərki sayıqlamalarına çox ciddi cavab verdi».

Bunu politoloq Qabil Hüseynli söyləyib. O daha sonra da əlavə edib: «Əvvəla Paşinyanın Xankəndində «Qarabağ (O, «Artsax» ifadəsini işlətmişdi) Ermənistandır. Nöqtə» ifadəsinə Azərbaycan prezidenti cavab verdi ki, heç zaman Artsax adlı nə xalq, nə də ərazi olub. Vaxtilə həmin ərazilər Böyük Qarabağ xanlığının dağlıq hissəsini təşkil edib. İndi Ermənistan tərəfi müəyyən qüvvələrin köməyi ilə əraziləri işğal ediblər, etnik təmizləmə aparıblar. Dünya ictimaiyyəti də diqqətini bu məsələyə səfərbər etməli və təcavüzkarın bu işğal olunmuş ərazilərdən geri çəkilməsinə yardım etməlidir».

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG