Dekabrın 17-də Fransada müəllimlər, həkimlər, Eyfel qülləsinin işçiləri dəmiryolçuların tətilinə qoşulub. Onlar təqaüd yaşının artırılmasına etiraz edir, sosial müdafiə sistemini qorumağa çalışırlar, biznesin dostu hesab etdikləri prezidentin bu sistemi dağıtmağa çalışmasından ehtiyatlanırlar.
Mövcud pensiya sistemi bəzi sektorlarhətta yaş 50-ni keçəndən az sonra təqaüdə çıxmağa imkan verir.
“The Associated Press” agentliyi yazır ki, sərnişinlər və turistlər artıq 13-cü gündür nəqliyyatda problemlərlə üzləşirlər. Valideynlərin məktəblərin qapısını bağlı görür, tələbələrin imtahanları təxirə salınır.
Xəstəxanalar işçilərdən əsas xidmətlərin göstərilməsini yazılı şəkildə tələb edib.
Bu gün günortadan sonra Parisdə yeni etiraz planlaşdırıldığından polis Prezident Emmanuel Macron-un Yelisey sarayını mühasirəyə alıb. İqtisadi ədalətsizlikdən qəzəbli sarı-jiletli fəalların və digər radikal nümayişçilərin zorakılığa əl ata biləcəyi sarıdan əndişələr var.
Prezidentə təzyiqlər artır. Dünən isə onun pensiya islahatının əsas memarı iddia olunan maraq toqquşması səbəbindən istefa verib.
Hökumətin geri çəkilmək fikri yoxdur
İndiliksə hökumət pensiya yaşını 64-ə qaldırmaqda israrlıdır, amma ötən həftə güzəştə gedərək bu islahatın tətbiqini ertələyib, yeni danışıqlar üçün əlyeri qoyub.
Hökumətin sözçüsü Sibeth Ndiaye BFM televiziyasına deyib: “İslahat qüvvədə qalır… onu ləğv edən deyilik”.
Avropanın bir sıra ölkələri son illər ömür həddinin uzanması və iqtisadi artımın yavaşıması ilə ayaqlaşmaq üçün pensiya yaşını qaldırıb, yaxud pensiyaları azaldıb. Macron deyir ki, Fransa da belə etməlidir.
Həmkarlar ittifaqları adamların az pensiya üçün çox işləməli olacağından narahatdır. Rəy sorğuları fransalıların azı yarısının tətilləri dəstəklədiyini üzə çıxarıb.
Ancaq tətillərin doğurduğu qarışıqlıq məyusluq yaradır. Bu gün Paris metrosunda 16 xətdən yalnız ikisi işləyib. Yüksək sürətli qatarların isə sadəcə 25 faizi çalışıb. Tətil beynəlxalq reyslərə də təsirini göstərib.
Agentlik yazır ki, dəmiryolçuların həmkarlar birlikləri Milad bayramında da tətili davam etdirməyi planlaşdırır, hökumətsə həll yolları axtarır.