Rusiyanın TNT televiziyası Ukrayna Prezidenti Volodymyr Zelenskiy-nin baş rolda çəkildiyi “Xalqın xidmətçisi” serialının yayımını dayandırıb. Dekabrın 11-də serialın üç seriyası göstəriləndən sonra yayım kəsilib.
Yayımın dekabrın 12-13-də davam edəcəyi bildirilsə də, həmin saatlarda telekanalda başqa komediya serialları göstərilir.
Zelenskiy serialda tarix müəllimi rolundadır, qəfildən prezident seçilir.
TNT Gazprom Media şirkətinə məxsusdur. Gazprom-Media dövlətin nəzarətində olan Gazprom qaz nəhənginin media qoludur, özündə aparıcı televiziya kanalları, radio stansiyaları, çap mediasının olduğu holdinqləri birləşdirir.
Bu addımdan iki gün qabaq Rusiya Prezidenti Vladimir Putin Kiyevlı münasibətdə buzların “ərimə”sindən danışıb. Bundan öncə isə Kiyevdə Zelenskiy ilə bir araya gələrək Ukraynanın şərqindəki münaqişənin həlli yollarını müzakirə edib.
Putin seriala baxıbmı
Kremlin sözçüsü Dmitry Peskov Putinin seriala baxacağı ilə bağlı suala cavabında deyib ki, prezidentin televizora baxmağa “vaxtı yoxdur”.
Serialın reklamında telekanal 35 milyonluq həftəlik izləyicisinə deyib ki, “şou utopiyadır və Zelenskiy-nin Ukraynası ilə heç bir əlaqəsi yoxdur”.
Yayım kəsilməmişdən, Uzaq Şərqdəki rusiyalı tamaşaçılar sosial mediada yazıblar ki, komediya şousunun kəsilməmiş versiyasına baxa biliblər.
Günün sonuna yaxın Rusiyanın Moskva daxil Avropa hissəsindəki tamaşaçılar serialdan bir hissəsinin kəsildiyini müşahidə ediblər. Zelenskiy-nin oynadığı obraz bahalı İsveçrə qol saatının adını çəkir, həmin brendin tələffüzü rusca bəzi tənqidçilərin Putin-lə bağlı işlətdiyi ədəbsiz sözü xatırladır.
TNT-dən yerli mediaya bildirilib ki, şounun bütün seriyalarını göstərməyi planlaşdırmayıblar və qərarı “marketinq hiyləsi” adlandırıblar. Amma reklamda bu haqda bir söz deyilmirdi.
Dekabrın 12-də “Xalqın xidmətçisi” Rusiyanın onlayn “Premier” yayım platformasında yayımlanmalıdır.
Kremlin sözçüsü Dmitry Peskov dekabrın 12-də jurnalistlərə deyib ki, Kremlin bu şounun yayımının dayandırılmasında heç bir rolu yoxdur.
Şounun birinci hissəsi 2015-ci ildə buraxılıb. Zelenskiy bu ilin aprelində prezident seçilib. Onun “Xalqın xidmətçisi” partiyası daha sonra parlament seçkisində üstünlüyü əldə edib.