Ukraynada müstəntiqlər keçmiş prezident Petro Poroshenko-nun 2015-ci ildə Minsk razılaşmasını imzalayarkən vətənə xəyanətə yol verib-vermədiyini araşdırır. 13 bənddən ibarət bu yol xəritəsinin hədəfi Ukraynanın şərqindəki münaqişənin həllidir.
Dövlət Təhqiqat Bürosunun (DBR) sözçüsü Anzhelika Ivanova dekabrın 10-da AzadAvropa/AzadlıqRadiosu-na təsdiqləyib ki, “Poroshenko tərəfindən mümkün vətənə xəyanət”lə bağlı cinayət işi açılıb.
Minsk razılaşması 2015-ci ilin fevralında Belarusun paytaxtında Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri arasında bir gecəlik danışıqların nəticəsində əldə olunub.
Sənəd 2014-cü ildə əldə olunmuş eyniadlı atəşkəs razılaşmasını canlandırmalıydı. Həmin ilin yayında Rusiya qüvvələri Ukraynanın şərqindəki separatçılara köməyə gedərək oranı zəbt edib, hücuma keçən Kiyev qüvvələrini geri oturdub.
Razılaşmada qeyri-müəyyənlik var
Qəfildən Rusiya-separatçı birgə qüvvələrinin daha çox ərazi ələ keçirmək təhlükəsi yaranıb və Ukrayna, Rusiya və separatçılar arasında tələsik atəşkəs əldə olunub.
İkinci Minsk razılaşması cəbhə xəttindən ağır silahları çıxarmağa çağırır. ATƏT bu prosesi müşahidə edir.
Digər maddələrdə isə məhbus mübadiləsi, Ukraynanın şərqində yerli seçkilər, döyüşçülərə amnistiya verməyi nəzərdə tutur.
Ancaq razılaşmanın dili, addımların ardıcıllığı qeyri-müəyyəndir. Məsələn, Kiyevin Rusiyayla sərhədlərinə nəzarəti nə vaxt ələ alacağı qarışıq mətnlə verilib.
Dekabrın 9-da Parisdə Ukrayna, Fransa, Almaniya liderləri ilə dördtərəfli danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putin deyib ki, Minsk razılaşmasını icra etməyin alternativi yoxdur.
Hazırda DBR-də Poroshenko-nun adı keçən azı 13 cinayət işi var, ya şübhəli, ya şahid, ya da maraqlı tərəf kimi adı hallanır.
Postsovet Ukraynasının 5-ci prezidenti, hazırda parlament üzvü olan Poroshenko deyib ki, bu işlər “bu gün Ukraynada xərçəng şişi kimi yayılmağa çalışan revanşizmin canlı təsdiqi”dir.