Dekabrın 9-da Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodymyr Zelenskiy 2019-cu ilin sonunadək şərqi Ukraynada “tam və hərtərəfli” atəşkəsə nail olunması barədə razılığa gəliblər.
Səkkiz saatdan çox çəkən dördtərəfli və ikitərəfli danışıqlardan sonra bütün tərəflər ilin sonunadək “bütün məhbusların” dəyişdirilməsi barədə razılıq əldə edibər.
Bu danışıqlarda Ukrayna və Rusiyadan başqa Fransa və Almaniya da iştirak edirdi.
Danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putin Moskva və Kiyev arasında münasibətlərin “istiləşdiyini” qeyd edib.
Ukrayna prezidenti Volodymyr Zelenskiy isə deyib ki, “dialoq kilidini açmaq çox yaxşıdır”.
Buna baxmayaraq ilk dəfə üz-üzə görüşən Putin və Zelenskiy Ukraynanın şərqində, separatçıların nəzarətində olan ərazilərdə seçki keçirilməsinin vaxtı barədə razılığa gələ bilməyiblər.
Bu görüşdən sonra Almaniya kansleri Angela Merkel bildirib ki, ATƏT-in monitorinq qrupunun səlahiyyətləri genişləndirilməlidir.
Razılaşmaya görə habelə 30 gün ərzində cəbhə xətti boyunca mülkilərin hərəkəti üçün yoxlama-buraxılış məntəqələrinin sayı artırılmalıdır.
Görüşün sonunda danışıq tərəfləri indiki danışıqlar heyətinin “dörd ay ərzində” görüşərək vəziyyəti bir daha müzakirə etməsi barədə razılıq əldə edilib.
Buna baxmayaraq Zelenskiy danışıqlar ərzində Donbasdakı münaqişənin həllinə yönəlik çox az tərəqqiyə nail olunduğunu vurğulayıb.