Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

ABŞ Yaxın Şərqə minlərlə əlavə əsgər göndərə bilər


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatlar Yaxın Şərqə minlərlə əlavə əsgər göndərməyi nəzərdən keçirdiyini, bunun İranın regiondakı hərəkətləri ilə bağlı olduğunu deyir.

Müdafiə nazirinin siyasət üzrə müavini John Rood dekabrın 5-də Konqresdə deyib ki, Vaşinqton “İranın davranışını narahatlıqla izləyir”.

5 min -7 min əsgər göndərilə bilər

Rood nəzərdən keçirilən hərbçi sayını açıqlamayıb. Ancaq ifadəsi zamanı “The Wall Street”in yazdıqlarını təkzib edib. Qəzet yazmışdı ki, Pentaqon regiona 14 min yeni qüvvə göndərməyi nəzərdən keçirir.

Pentaqonun sözçüsü Alyssa Farah Müdafiə naziri David Esperin də bu rəqəmi təkzib etdiyini söyləyib.

Bir rəsminin ABŞ mediasına söyləməsinə görə, 5 min- 7 min civarında əsgər göndərilən bilər. Maydan regiona 14 min əsgər yerləşdirilib.

Rəsmi əsgərlərin haraya yerləşdiriləcəyini, yaxud bundan ötrü zaman çərçivəsi açıqlamayıb. Ancaq o, AFP-yə deyib ki, İrana bağlı qrupların ABŞ hədəflərinə son hücumları əsgər sayına yenidən baxılmasını zəruri edib.

“Reuters” rəsmilərə istinadla yazır ki, son bir ayın kəşfiyyat məlumatı Tehranın qüvvə və silahlarının yerini dəyişdirdiyini göstərir.

Senatın Silahlı xidmətlər komitəsində ifadə verən Rood deyib ki, “həmin təhdidin yaratdığı mənzərəyə baxırıq və qüvvələrimizin mövqeyini dinamik şəkildə dəyişmək bacarığımız var”.

Xatırlatma

ABŞ Prezidenti Donald Trump 2018-ci ilin mayında İranla nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. O vaxtdan tərəflər arasında gərginlik daha da dərinləşib. 2015-ci ildə imzalanmış nüvə sazişi İranın nüvə fəaliyyətini azaltması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Səudiyyə Ərəbistanında Abqaiq neft emalı mərkəzinə hücuma görə Birləşmiş Ştatlar İranı ittiham edib. Tehran isə ittihamı rədd edib.

Vaşinqton və onun Yaxın Şərq müttəfiqləri mayda Hörmüz boğazı yaxınlığında dörd gəminin ziyan gördüyü hücuma görə də İranı suçlayır. İran qüvvələri bundan sonra ABŞ dronunu vurub, onun İranın hava məkanına girdiyini bildirib.

İran o vaxtdan boğazda bir neçə beynəlxalq neft tankerini ələ keçirib, orada nəqliyyata nəzarət hüququnu təsdiqləməyə çalışıb. Regiondan ixrac olunan neftin böyük hissəsi boğazdan keçir.

Bütün bunlara cavab olaraq ABŞ ordusu Fars Körfəzi regionunda gəmiçilik xətlərinə nəzarət məqsədilə koalisiya yaradıb. Yanvarda Fransanın başçılığı ilə ayrıca bir missiya gözlənir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG