Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

İran liderlərini şahla müqayisə edirlər – Qərb mediası


Məhəmməd Rza Şah Pəhləvi həyat yoldaşı Fərəh Diba ilə Panamada, 15 dekabr, 1979-cu il
Məhəmməd Rza Şah Pəhləvi həyat yoldaşı Fərəh Diba ilə Panamada, 15 dekabr, 1979-cu il

İranda son etiraz aksiyaları dünya mediasının aparıcı mövzularındandır. “The Times” yazır ki, vaxtilə İranda hakimiyyət təmsilçisi olmuş şəxs böyük bir tabunu qıraraq islam rejimini devrilmiş şahla müqayisə edib.

Qəzet Məhəmməd Rza Şah Pəhləvi hakimiyyətinin son illərinin repressiya, polis qəddarlığı, “yoxaçıxmalar”, gizli təhlükəsizlik agentliklərinin işgəncəsi ilə yadda qaldığını qeyd edir. 1979-cu ildə şahın devrilməsi ilə nəticələnən inqilabı təkcə dini mühafizəkarlar deyil, İran cəmiyyətinin bir çox sektorları dəstəkləyirdi.

1980-ci illərdə İslam Respublikasının baş naziri olmuş Mir Hüseyn Musəvi İrandakı son etirazlarda əhaliyə divan tutulmasını şahın agentlərinin 1978-ci ildə törətdikləri qırğınla müqayisə edir. 2009-cu ildə prezidentliyə namizəd olmuş müxalifət lideri Musəvi 2011-ci ildən İranda ev dustağıdır. O, nadir hallarda açıqlama verir. Şənbə günü isə bir müxalifət vebsaytı onun bəyanatını yayıb.

“1978-ci ilin qatilləri qeyri-dini rejimin təmsilçiləri idi. 2019-cu ilin noyabrındakı agentlər və atəş açanlar isə dini hökuməti təmsil edirlər. Onda ali baş komandan şah idi, bu gün isə mütləq hakimiyyəti olan ali dini liderdir”, – Musəvi deyib.

Etirazların arxasında kim durur

Noyabrın 15-də İran hökuməti yanacağı bahalandırandan sonra ölkəni etirazlar bürüyüb, azı 160 nəfərin öldürüldüyü bildirilir. Ancaq etirazları zorakılıqla yatırmış hakimiyyət hələlik, ölü sayını açıqlamayıb. Etirazlar baş verən günlərdə ölkədə internet də kəsilib.

Qeyd edək ki, İranda inqilab ərəfəsində, 1978-ci ilin yanvarında Qumda altı nəfər ilahiyyat tələbəsi öldürülüb, səkkiz ay sonra isə – sentyabrda Tehranda Jalə meydanında yüzlərlə etirazçının qətlə yetirildiyi bildirilir. Nəzarəti ələ keçirə bilməyən şah 1979-cu ilin yanvarında sürgünə yollanmağa məcbur olur, fevralın ilk günündə isə Ruhulla Xomeyni inqilaba rəhbərlik etmək üçün İrana dönür və İslam respublikasını qurur. Tarixçi Ervand Abrahamian baş verənləri “şahla xalq arasında qan dənizi” adlandırır.

“The Financial Times” yazır ki, iranlıların çoxu hələ də ölkədə nə baş verdiyini sorğulayırlar.

“İranda əvvəllər də vətəndaş itaətsizliyi baş verib: 2009-cu ildə Yaşıl Hərəkat, 2017 və 2018-ci illərin etirazları. Ancaq şahidlərin deməsinə görə, son nümayişlər elə sürətlə iğtişaşa çevrilib ki, İran 1979-cu il inqilabından bəri belə zorakılıq görməyib”, – qəzet yazır.

“Elə bil, bir banda idi, üzləri bağlı küçələrdə gəzir, banklar kimi spesifik obyektləri dağıdırdılar”, – teatr aktyoru Hamed deyib.

Ancaq iranlıların bəziləri duruma daha skeptik yanaşır. Onlar bu hücumların intensivliyi, koordinasiya səviyyəsinə əsasən belə bir fikir irəli sürürlər ki, etirazların bir hissəsinin arxasında elə İslam İnqilab Keşikçiləri Korpusu dayanıb. “Səudiyyəlilər bu boyda sabotajı edə bilməzdilər. Bunu rejimin agentləri həyata keçirir. Keşikçilərə təhlükəsizlik tədbirlərini sərtləşdirməyə bəhanə lazım idi”, – evdar qadın Fatimə deyib.

Qeyd edək ki, İran rejimi etirazlara görə həmişəki kimi xarici qüvvələri – Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanını, mühacirətdən fəaliyyət göstərən müxalifət qruplarını ittiham edib.

Misli görünməmiş zorakılıq

“The New York Times” qəzeti də İranın 40 il qabaqkı islam inqilabından bəri ən çox ölümlə nəticələnmiş siyasi itaətsizliklə üzləşdiyini yazır. Qəzet azı 180 nəfərin öldürüldüyünü, ancaq ölü sayının bundan bir neçə yüz daha artıq ola biləcəyini vurğulayır.

“Ölkə boyunca adamlara qarşı öldürücü gücdən istifadə indiyədək görünməmiş həddə oldu, bu hətta İslam Respublikası, onun yol verdiyi zorakılıqla müqayisədə belə misilsizdir”, – Nyu Yorkda mənzillənən İranda İnsan Haqları Mərkəzinin direktor müavini Omid Memarian deyib.

Beynəlxalq insan haqları qrupları, müxalifət təşkilatları, yerli jurnalistlər dörd gün çəkən zorakılıqlarda 180-450 nəfərin öldürüldüyünü, azı 2 min nəfərin yaralandığını, 7 min nəfərin saxlandığını bildirir, qəzet yazır.

“Son partlayış təkcə İran liderlərindən məyusluğu ortaya çıxarmadı, həmçinin onların üzləşdiyi ciddi iqtisadi, siyasi çətinlikləri vurğuladı – ölkə bir tərəfdən Trump administrasiyasının ağır sanksiyaları altındadır, digər tərəfdən də getdikcə daha qeyri-sabit hala gələn Yaxın Şərqdə qonşularının ona hiddəti artır”, – məqalədə deyilir.

ABŞ Prezidenti Donald Trump 2018-ci ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxıb, Tehrana iqtisadi sanksiyaları bərpa edib. İran isə bu ildən nüvə sazişi öhdəliklərini məhdudlaşdırmağa başlayıb.

XS
SM
MD
LG