Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:26

İran ‘MKİ-yə bağlı’ 8 nəfərin saxlandığını deyir


İranda etiraz
İranda etiraz

İranın dövlət mediası küçə etirazları zamanı ABŞ-ın “Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlı” səkkiz nəfərin saxlanması barədə xəbər yayıb. Noyabrın 15-də İran hökumətinin yanacağı bahalandırması qərarı kütləvi nümayişlərə səbəb olub.

“Son iğtişaşlar barədə informasiya toplamağa və ölkədən çıxarmağa çalışan bəzi elementlər... müəyyənləşdirilərək həbs olunub”, – IRNA dövlət xəbər agentliyi yazıb. Agentlik kəşfiyyat nazirliyi rəsmisinə istinad etsə də adını çəkməyib.

Həbs olunanlardan 6-nın “iğtişaşlara qatılaraq əmr yerinə yetirdiyi” bildirilir, ikisi isə informasiya yığaraq onu xaricə ötürməkdə ittiham olunur, IRNA noyabrın 27-də axşam bildirib.

Xəbər agentliyi saxlananların hamısının “vətəndaş jurnalist kimi informasiyası necə yığmaqla bağlı müxtəlif ölkələrdə təlim keçdiyini” bildirir.

Bu məlumatdan az öncə Ali dini lider Ayətulla Ali Khamenei ölkədəki iğtişaşları Birləşmiş Ştatlar tərəfindən idarə olunan “təhlükəli qəsd” adlandırıb.

İnsan haqları qrupları ötən həftə İranın 100-dən artıq şəhərində etirazlar zamanı 140-dan çox adamın öldürüldüyünü, 7 minədək etirazçının saxlandığını bildirir.

Noyabrın 25-də etirazçılara divan tutulmağa başlanıb, ancaq hakimiyyət bir neçə gündür interneti kəsdiyindən itkilərin miqyası bəlli deyil. Hakimiyyət ölü sayına dair rəsmi rəqəm açıqlamayıb.

ABŞ Dövlət katibi Mike Pompeo noyabrın 26-da bildirib ki, iranlılar Vaşinqtona Tehranın etirazları yatırdan zaman yol verdiyi “insan haqları pozuntuları”nı əks etdirən 20 minədək “mesaj, video, şəkil və qeyd” göndərib.

XS
SM
MD
LG