Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:14

15 milyon yeniyetmə qız seksə məcbur edilib


Bakıda qadına şiddətə etiraz aksiyası, 20 oktyabr, 2019-cu il
Bakıda qadına şiddətə etiraz aksiyası, 20 oktyabr, 2019-cu il

Noyabrın 25-də qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günüdür. BMT bu il keçirdiyi 16 günlük maarifləndirmə kampaniyasını cinsi zorakılıqla mübarizəyə həsr edib.

Bu gündən – noyabrın 25-dən başlayaraq dünyada yürüşlər, incəsənət müsabiqələri, velosiped yarışları, marafonlar keçiriləcək, hər 3 qadından birinin məruz qaldığı zorakılıqla mübarizə tədbirləri görməyə çağırışlar səslənəcək.

“Dünyanı Narıncıya Boyayaq”

BMT builki kampaniyanın rəngi kimi narıncını seçib, bunun ümid, qadınlara qarşı zorakılığın olmadığı daha parlaq gələcəyin simvolu olduğunu bildirir. “Dünyanı Narıncıya Boyayaq: Nəsillərin Bərabərliyi Zorlamaya qarşı!”– kampaniyanın devizi belədir.

Dünyada son illər qadınlara qarşı zorakılığın bir sıra qurbanları və fəallar dünyanın diqqətini bu problemə yönəldə biliblər, #MeToo, #TimesUp, #Niunamenos, #NotOneMore, #BalanceTonPorc kampaniyaları başladıb. Ancaq BMT cinsi zorakılığın getdikcə cəmiyyətdə normal bir hala çevrildiyini vurğulayır.

Qurum bildirir ki, zorlama və cinsi təcavüz qurbanlarının dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki çox vaxt qurbanlar bu barədə danışmağa qorxurlar. Ancaq dünyada təxminən 15 milyon yeniyetmə (15-19 yaşlı) qızın həyatının bir məqamında seksə məcbur edildiyi bəllidir. Bundan başqa, 3 milyard qadın və qız nikahdaxili zorlamanın kriminallaşdırılmadığı ölkələrdə yaşayır.

“Zorlama və cinsi qısnamanı önləmək və kökünü kəsməkdə əsas problemlərdən biri intim əlaqəyə razılıq məsələsi, yalnız ‘bəli’ halında baş verməli olmasının dərk edilməməsidir. Eyni zamanda razılığın da xoşluqla alınması vacibdir, fırıldaq, qorxutma, zorakılıq, zorakılıq təhdidi ilə deyil…”, – qurum bildirir.

Müharibələrdə necə yayılıb

Cinsi zorakılıq və zorlama bir sıra münaqişələrdə qadınlara və qızlara qarşı məqsədli də istifadə edilib. Məsələn, Bosniya-Herseqovina münaqişəsində belə hallar geniş yayılıb. Yarım milyondan artıq rohinca müsəlmanının tərk etdiyi Myanmada əhalini yerindən didərgin salmaqdan ötrü cinsi zorakılıq və zorlamaya əl atılıb. Suriyada cinsi zorakılıq vasitəsilə qadınlardan informasiya qopardılıb, kişi qohumları təslim olmağa məcbur edilib.

Son vaxtlar qadınlara qarşı zorakılıq problemini Azərbaycanda da tez-tez qaldırırlar. İnsan hüquqları fəalları bunu ölkədə “intensiv hal alan” qadın qətlləri, məişət zorakılıqları, psixoloji və fiziki zorakılıqlarla izah edirlər. Oktyabrın 20-də Bakının mərkəzində qadına şiddətə etiraz aksiyasına da cəhd edilmişdi.

Rəsmilərsə bildirirlər ki, insan hüquq və azadlıqlarının müdafiəsi, zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması hökumətin əsas prioritetləridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG