Nyu York şəhərinin keçmiş meri Michael Bloomberg 2020-ci il prezident seçkisi yarışmasında demokratlardan namizəd olmağı nəzərdən keçirir. “Reuters” agentliyi ilkin praymeriz seçkisinə üçcə ay qalmış bu addımın meydanı qarışdıracağını yazır.
Milyarder media maqnatı və xeyriyyəçi Bloomberg Amerikanın ən böyük şəhərinin meri postunda üç dönəm çalışıb. Sözçüsü Howard Wolfson deyib ki, o, demokratlardan mövcud namizədlərin gələnilki seçkidə respublikaçı Prezident Donald Trump-ı məğlub edəcəyinə skeptik yanaşır.
77 yaşlı Bloomberg-in Alabama ştatından praymeriz seçkisinə qatılmaq üçün bu həftə sənədlərini verəcəyi gözlənir.
Hazırda Demokratlardan 17 nəfər namizəd olmağa iddialıdır. Son rəy sorğuları onlardan dördünün öndə getdiyini göstərir: partiyanın proqressiv qanadını təmsil edən senatorlar Elizabeth Warren və Bernie Sanders; daha mötədil qanadın təmsilçiləri – keçmiş vitse prezidenti Joe Biden və İndiana ştatından mer Pete Buttigieg.
Seçkiyə gedən yolu satın almaq
Bloomberg L.P.-nin təsisçisi və direktoru Bloomberg 2002-2013-cü illərdə Nyu Yorkun meri olub. O, iqlim dəyişikliyi, silah zorakılığı məsələləri üzrə aparıcı fəal, xeyriyyəçidir.
“Mike Trump-la mübarizə apararaq onu uda bilər”, – Wolfson söyləyib.
Ağ evin sözçüsü Stephanie Grisham “Fox News Channel” televiziyasına müsahibə verərkən ondan Bloomberg barədə soruşulub. O deyib ki, Trump “Amerika xalqı üçün böyük işlər görür, nəticələr ortadadır və ona qarşı kimin namizəd olacağının fərqi yoxdur – prezident qalib gələcək”.
Bloomberg Warren-in, prezident olacağı halda, super-zənginlərə əlavə vergi tətbiq etmək planını tənqid edib. Warren bu vergi hesabına səhiyyədən tutmuş pulsuz kollec təhsilinədək bir sıra proqramları maliyyələşdirmək istəyir. “Reuters” yazır ki, Bloomberg seçkiyə gedərsə, o, Biden və Buttigieg kimi namizədlərlə rəqabət aparmalı olacaq. Onlar Warren-in populist proqressivliyinə mötədil alternativ kimi görünürlər.
Ancaq o, partiyanın liberal qanadı ilə çətin bir yolda üzləşməli olacaq. Bu qanad siyasətə axıdılan korporasiya pullarından, Amerikada gəlir bərabərsizliyindən narahatdır.
Kaliforniyadan Tom Steyer iqlim dəyişikliyini kampaniyasının əsas mövzusu edib və kampaniyaya milyonlar xərcləyib. Rəqibləri onun seçkiyə gedən yolu satın almağa çalışdığını deyirlər.
“Milyarderlərin getdikcə daha artıq siyasi gücə can atması Amerikaya lazım olan dəyişiklik deyil”, – Sanders-in seçki kampaniyasının meneceri Faiz Shakir deyib.
“Forbes” Bloomberg-i Amerikanın səkkizinci zəngini hesab edir, varidatını 53,4 milyard dollar dəyərləndirir.
Milyardları olsa da...
“The Associated Press” agentliyi yazır ki, demokratlardan tarixən ən çox namizədin seçkiyə getməsinə baxmayaraq onlar Trump-ı məğlub etmək üçün başqa variantlar da axtarırlar. Keçmiş Baş prokuror Eric Holder və Massaçusets ştatının keçmiş qubernatoru Deval Patrick-in tərəfdarları onları namizəd olmağa çağırır, ancaq heç biri buna meylli görünmür.
Əvvəl respublikaçı, daha sonra müstəqil, ötən ildənsə demokrat olan Bloomberg 2016-cı ildə də seçki yarışına qoşulmaq istəyib, sonradan geri çəkilib. Həmin il o, Hillary Clinton-u dəstəklədi.
Agentlik keçmiş merin şəxsi sərvətinin ölkəboyunca sürətli kampaniya qurmasını mümkün etdiyini yazır. Ancaq seçkiyə gec qoşulması Ayova və Nyu Hempşir kimi bir ilə yaxındır namizədlərin ayaqdan saldığı ştatlarda yarışmanı ondan ötrü çətinləşdirə bilər.
Demokratların bəziləri isə keçmiş merə marağın güclü olacağına skeptik yanaşır.
“Demokrat Partiyasının bəzi ağıllı və nüfuzlu üzvləri Bloomberg kimi namizədin gərəkdiyini düşünürlər. Ancaq erkən praymeriz keçirilən Ayova və Nyu Hempşirdə sıravi seçicilərin də belə düşündüyünə heç bir dəlil yoxdur”, –2016-cı il seçki kampaniyasında Clinton-un müşaviri olmuş Jennifer Palmieri deyib.