Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:47

Ərəb baharının yeni dalğası başladımı – Qərb mediası


Kərbəla Universitetinin tələbələri etiraz edir, 3 noyabr, 2019-cu il
Kərbəla Universitetinin tələbələri etiraz edir, 3 noyabr, 2019-cu il

“Karnegi” fondunun əməkdaşı Michael Young bu sualla Yaxın Şərq və Şimali Afrika üzrə bir neçə ekspertə müraciət edib.

Parisdə Ecole Normale Supérieure təhsil ocağının professoru Ishac Diwan bu fikri təsdiqləyir, 2020-ci ilin qışında xalq narazılığının digər ölkələri də əhatələyəcəyini düşünür. Onun fikrincə, 2011-ci ildəki birinci dalğayla ən böyük fərq iqtisadi şərtlərdədir. 2011-ci ildə neft qiyməti pik həddə idi, iqtisadiyyatlar son onillər ərzində ən böyük sürətlə artırdı. 2014-cü ildə neft ucuzlaşandan iqtisadi durum xeyli çətinləşib, artım yavaşıyıb, dövlətlərin borcu artıb, işsizlik yüksəlib.

“Bugünkü etirazların səbəbi aclıqdır”

“Hakim rejimlərin daha ailə klanlarını maliyyələşdirməyə resursları böyük deyil. İlkin üsyanları əsasən şərəf məsələsi doğurmuşdusa, bugünkü etirazların səbəbi aclıqdır”, – o deyir.

“İkinci dalğa birincidən dərsini alıb: Qocalan avtokratların devrilməsinə qane olmayan etirazçılar dərin dövləti hədəfə alırlar. Onlar mənsubiyyət xətləri üzrə bölünməməyə çalışırlar; əsl yeni seçki tələb edirlər. Hər bir ölkənin qarşısında küçəni məmnun edəcək siyasi və iqtisadi keçidə doğru yolu tapmaqdır. İndiyədək hətta Tunisin demokratikləşməsi belə irəliyə doğru yolu aşkarlamayıb. Tarix irəli gedir, ancaq sonra nə olacağını heç kəs bilmir”, – Diwan deyir.

“Irfaa Sawtak” nəşrinin baş redaktoru, Xarici Siyasi Araşdırmalar İnstitutunun əməkdaşı Rasha al-Aqeedi bu il İraqda baş vermiş sporadik nümayişlərin və oturaq aksiyaların əsas səbəbini işsizlikdə görür. Təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı qəddar davranışı isə yeni nəsli status kvonun bitməli olmasına inandırdı.

“2003-cü ildə qəddar Saddam Hussein diktatorluğundan sonrakı dövrdə ciddi neft gəlirlərinə baxmayaraq İraq sabit, təhlükəsiz və çiçəklənən bir ölkəyə çevrilmədi. Yeni İraq yalnız demokratiyanın bir aspekti ilə fəxr edirdi – etiraz etmək hüququyla. İranın məsləhəti və xeyir-duasıyla yerləşdirilən snayperlər onlarla silahsız etirazçını öldürəndə artıq göstərməyə bir şey qalmadı”, – o deyir.

Qonşuya qəzəb

Təhlilçinin fikrincə, bu etirazlar “Ərəb baharı”, yaxud regional üsyanın bir hissəsi deyil. Onlar Tunis, Əlcəzair, Misirdə mövcud olmayan çox spesifik İraq kontekstini ortaya qoyur. “Etirazlar ilkin olaraq İranın İraqdakı nüfuzuna qarşı başlamayıb, ancaq qonşuya qəzəbin cəsarətli ifadəsi üsyanın fərqləndirici xüsusiyyətinə çevrilib, ya vətəndaş münaqişəsi, yaxud qəddar divantutmanın barıt çəlləyinə çevrilə bilər”, – o vurğulayır.

Birləşmiş Ştatlarda Sülh İnstitutunun Suriya, Yaxın Şərq və Şimali Afrika üzrə aparıcı müşaviri Mona Yacoubian isə Ərəb baharının heç vaxt ölmədiyini, Suriya, Liviya, Yəmən və Misirdəki qəddarlıqdan sonra “yuxuya getdiyini” vurğulayır.

“Etirazlar nəhəng xalq dəstəyi yığıb, Misirdəki kimi bölücü ideologiya, siyasi rəqabət, hətta gücdən istifadənin təsiri altına düşməyib. Etirazların yeni mövsümünün daha davamlı, dinc dəyişikliyə səbəb olacağı, zorakılıq və xaos qarşısında duruş gətirəcəyi bəlli deyil. Ancaq 2019-cu il üsyanların ‘ilkin işartıları’ ümidlənməyə əsas verir”, – təhlilçi vurğulayır.

XS
SM
MD
LG