Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

MKİ-yə bağlı qüvvələr Əfqanıstanda ‘vəhşiliklər törədir’


Helmand vilayətində Əfqanıstan xüsusi qüvvələrinin növbəti reydindən sonra, 23 sentyabr, 2019-cu il
Helmand vilayətində Əfqanıstan xüsusi qüvvələrinin növbəti reydindən sonra, 23 sentyabr, 2019-cu il

Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dəstəklədiyi əfqan qüvvələr məhkəməsiz qətllər, digər ağır pozuntular törədir və buna görə məsuliyyətə cəlb olunmur. Bunu “Human Rights Watch” insan haqları təşkilatı oktyabrın 31-də yaydığı hesabatında bildirir.

Hesabatda qeyd olunur ki, bu xüsusi dəstələr gecə reydləri zamanı dinc şəxsləri qətlər yetirir, saxlananlar zor gücünə yoxa çıxır, yaraqlıların müalicə aldığı iddia olunan tibb obyektlərinə hücumlar edilir. Son iki ildə bu reydlər və hava əməliyyatları nəticəsində dinc sakinlər arasında ölüm hallarının kəskin artdığı vurğulanır.

“Bu hərbi birləşmələr buraxılsın”

50 səhifəlik hesabatda 2017-ci ilin sonundan 2019-cu ilin ortasınadək 14 hal sənədləşdirilib. MKİ-nin dəstəklədiyi əfqan dəstələrin törətdiyi ağır pozuntuların bəzi hallarda hərbi cinayətlərə bərabər olduğu qeyd olunur.

“Birləşmiş Ştatlar Əfqanıstan hökuməti ilə işləyərək hərbi komandanlıqdan kənar fəaliyyət göstərən bütün hərbi birləşmələri dərhal buraxmalı, tərksilah etməlidir. Hərbi cinayətlər və digər insan haqları pozuntuları iddialarını araşdıran müstəqil istintaqlarla əməkdaşlıq edilməlidir”, – qurum tövsiyə edir.

Hesabat bir sıra bölgələrdə 39 yerli sakin və gecə reydlərinin digər şahidləri ilə müsahibələrə əsaslanır. Əfqanıstanın insan haqları fəalları da bu reydləri sənədləşdirib.

2001-ci ildən MKİ Əfqanıstanda ABŞ-ın hərbi əməliyyatlarında ayrıca antiterror əməliyyatı aparır. Al-Qaeda və Taliban qüvvələrin qarşı hərbi birləşmələrə üzvlər yığır, onları təchiz edir, təlim keçir. 2014-cü ildən İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı mübarizədə də həmin qüvvələrdən istifadə olunur.

“Ölüm dəstələri”

“Human Rights Watch” bildirir ki, bu qüvvələrin yaraqlılara qarşı gecə əməliyyatları əsasən Talibanın nəzarətində olan kənd yerlərində həyata keçirilir. Qüvvələr yaşayış məkanlarının divarlarını aşır, evləri axtarır, sakinləri sorğu-sual edirlər. Bəzi kişilərin saxlanmasından ailə üzvlərinin xəbəri olmur. Bəziləri məhkəməsiz güllələnir.

2019-cu ilin avqustunda Paktiya vilayətində Qurban bayramında ailələrinə baş çəkən səkkiz kişi və eyni kənddə daha 3 nəfər güllələnib. Şahidlər onlardan heç birinin güllələnməzdən öncə müqavimət göstərmədiyini deyib. Sözügedən qüvvələr 60 yaşlı bir tayfa ağsaqqalını 20 yaşlarında bacısı oğlunun gözləri qarşısında ağzından güllələyib.

Əfqan icmalarının ağsaqqalları, tibbi işçiləri, digərləri bu reydlərin gündəlik həyat tərzinə çevrildiyini deyiblər. Bu əməliyyatlarla tanış bir diplomat onları “ölüm dəstələri” adlandırıb.

“Human Rights Watch” bildirir ki, Taliban qüvvələri tez-tez insan haqları pozutunlarına yol verirlər. Ancaq bu vəhşiliklər Əfqanıstan, yaxud ABŞ hökumətinin yol verdiyi pozuntuları əsaslandırmır. Qurum Əfqanıstan hökumətini bütün bu iddiaları qərəzsiz şəkildə araşdırmağa çağırır. ABŞ hökumətindən pozuntulara yol vermiş personalın mühakimə olunması, sözügedən əfqan dəstələrə dəstəyin kəsilməsi istənilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG