Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:14

Vladimir Bukovsky vəfat edib


Vladimir Bukovsky, 2016-cı il

Sovet dissidenti və yazarı Vladimir Bukovsky Böyük Britaniyada 76 yaşında dünyasını dəyişib. “Son illər o çox ağrıyırdı”, – ölümü haqda açıqlanmış məlumatda deyilir.

ABŞ-da mənzillənən Bukovsky Mərkəzi könüllü təşkilatının bildirməsinə görə, oktyabrın 27-də axşam Kembricdə xəstəxanada onun ürəyi dayanıb.

Bukovsky 1942-ci ildə Başqırdıstanın Bələbəy şəhərində anadan olub, onun ailəsini müharibə illərində həmin şəhərə köçürmüşdülər. Daha sonra ailə Moskvaya qayıdır. 1959-cu ildə gələcək dissidenti əlyazma jurnalının təsis olunmasında iştirakına görə məktəbdən qovurlar.

12 ilini həbsdə və psixiatrik klinikalarda keçirib

1960-70-i illərdə SSRİ-də dissident hərəkatı xadimi kimi tanınan Bukovsky bir neçə dəfə həbs olunaraq etirazların təşkilinə görə psixiatrik xəstəxanaya yerləşdirilir. O, qadağan olunmuş ədəbiyyat saxlamaqda, “antisovet təbliğatı” aparmaqda suçlanırdı. 1972-ci ildə “antisovet təbliğatı”na görə iki il həbs və beş il sürgün cəzasına məhkum edilir.

Bukovsky ümumilikdə həyatının 12 ilini həbsdə və psixiatrik klinikalarda keçirib. O, Sovet İttifaqında siyasi məhbusları cəzalandırmaq üçün psixiatrik klinikalardan istifadə barədə ilk məlumat yayanlardan olub.

1976-cı ildə SSRİ Bukovsky-ni Çilidə həbsdə olan həmin ölkənin Kommunist Partiyasının lideri Luis Corvalan ilə dəyişir. O vaxtdan dissident Böyük Britaniyada, Kembricdə yaşayır, orada dərs deyir, hüquq-müdafiə işini davam etdirirdi.

Bukovsky Rusiya Prezidenti Vladimir Putini sərt tənqid edirdi, Kremli 2006-cı ildə Londonda rusiyalı keçmiş kəşfiyyatçı Aleksandr Litvinenko-nun zəhərlənərək öldürülməsində əli olmaqda suçlayırdı.

Bukovsky 2008-ci ildə Rusiyada prezident seçkisində namizəd olmağa cəhd edib. Həmin seçkidə Putinin seçdiyi varis Dmitry Medvedev qalib gəlib.

FSB-nin “qurbanı”?

Dissident AzadAvropa/AzadlıqRadiosu-na demişdi ki, Rusiya səfirliyinin əməkdaşları Putinə qarşı şərhlərinə görə onun Rusiya pasportunu yeniləməyiblər.

Bukovsky 2016-cı ilin dekabrına Britaniyada məhkəmə qarşısına çıxarılıb, uşaqların qeyri-etik fotolarını düzəldib saxlamaqda ittiham olunub.

Britaniyada hakim ötən il qərar çıxarıb ki, o, məhkəmə qarşısında durmaq üçün çox xəstədir, “ağır ürək, ağciyər, qaraciyər və böyrək xəstəliklərindən” əziyyət çəkir.

Bukovsky-yə 11 ittiham irəli sürülmüşdü, ancaq 2015-ci ildə hazırlıq iclasında təqsirsiz olduğunu deyirdi.

O, 2018-ci ildə ittihamlara etiraz olaraq aclıq aksiyası keçirib, onları “tamamilə rədd etdiyini” bildirib.

Londonda Ali Ədalət Məhkəməsinə müraciət edən Bukovsky Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) şərləmə kampaniyasının qurbanı olduğunu deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG