Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:41

Mijatović polisin aksiyadakı rəftarından narahatdır - Reaksiyalar


Bakıda 19 oktyabr aksiyası
Bakıda 19 oktyabr aksiyası

Hakimiyyətin mövqeyini dəstəkləyənlər isə 19 oktyabr aksiyasında hüquq- mühafizə orqanlarının ilk növbədə adekvat davrandığını deyir.

"Azərbaycan polisi çox səbirlə, təmkinlə davranırdı. Bizim qanunvericiliyimizdə əcnəbilərin müdaxiləsinə, toplantıların təşkilatçısı olmasına icazə verilmir. Bir sıra qərb ölkələrinin səfirliklərinin qanunsuz müdaxiləsi ilə bağlı halları gördük. Bizim Xarici İşlər Nazirliyi də bununla bağlı hesab edirəm ki, xəbərdarlıq etməlidir. Sosial şəbəkələrdə aktivlik var idi. Onlar bu prosesə qatılmırdılar". Bunu deputat Əli Hüseynli Yeni Azərbaycan Partiyasında müxalifətin 19 oktyabr mitinqi ilə bağlı keçirilən toplantıda deyib. Xəbəri "Qafqazinfo" yayıb.

Deputat Səməd Seyidov çıxışında bildirib ki, şər qüvvələr Azərbaycanı yenə xaosa salmaq istəyirdilər: " XİN mövqeyini bildirib. Ancaq mən hesab edirəm ki, səfirliklərlə görüşülməlidir. Bu beynəlxalq təşkilatlara da öz müraciətimizi göndərməliyik. Qanunun aliliyindən danışan insanlar qanunun aliliyini pozan insanları müdafiə etməməlidir".

***

Ötən həftəsonu Bakıda baş verənlər, icazəsiz yürüşlərin polis tərəfindən qəddarlıqla dağıdılması polisin davranışı və Azərbaycanda insanların dinc etiraz hüququ sarıdan narahatlıq yaradır. Belə bir bəyanatla Avropa Şurasının İnsan haqları komissarı Dunja Mijatović oktyabrın 21-də çıxış edib.

Bəyanatda oktyabrın 19-da müxalifətin şəhər mərkəzindəki yürüşünün polis zorakılığı ilə dağıdıldığı, bir gün sonra qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı etirazın da oxşar aqibətlə üzləşdiyi vurğulanır. Son aksiyanın məramını nəzərə alaraq, ondan yayılan görüntülərin özəlliklə narahatlıq doğurduğu qeyd olunur, çünki “bu aksiyada qadınlara qarşı zorakılığın dayandırılması, Avropa Şurasının İstanbul Konvensiyasının ratifikasiya olunmasına çağrılırdı”, – bəyanatda deyilir.

“Hüquq-mühafizə əməkdaşlarının qeyri-adekvat gücdən istifadə etməsini pisləyir, hakimiyyəti pis rəftarla bağlı iddiaları yubanmadan, effektiv araşdırmağa çağırıram. Hakimiyyət hüquq-mühafizə əməkdaşlarının dinc etirazçılara qarşı aşırı gücdən istifadəsini önləməkdən ötrü səmərələri tədbirlər görməli, sərbəst toplaşma azadlığına tam əməl olunmasını təmin etməlidir. Sələfimin vurğuladığı kimi, Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş, ictimai aksiyalarla bağlı xəbərdarlıq proseduru Avropa standartlarına uyğun təmin olunmalı, belə nümayişlərin keçirilməsi üçün icazə tələb olunmamalı; əvəzində hakimiyyət təşkilatçının istədiyi məkanda ictimai toplantıların keçirilməsini asanlaşdırmalı və qorumalıdır”, – komissar bildirir.

Dunja Mijatovic
Dunja Mijatovic

Dunja Mijatović 19 oktyabr aksiyası günü yürüş təyin olunan məkanda internetin kəsilməsi, etirazları işıqlandıran jurnalistlərin xəsarət alması xəbərlərindən də narahatlığını dilə gətirir. “Hakimiyyəti bu kontekstdə ifadə azadlığı hüququna böyük diqqət ayırmağa çağırıram”, – o vurğulayır.

Komissar saxlanan şəxslərin əksəriyyətinin buraxıldığı anladığını, hakimiyyəti hələ də saxlanan dinc etirazçıları buraxmağa çağırdığını deyir.

Hakimiyyət təmsilçiləri hələlik, bu bəyanata reaksiya verməyiblər. Ancaq indiyədək ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğu bildirilib, beynəlxalq qurumların oxşar tənqidləri qətiyyətlə rədd olunub.

***

AB müxalifətin aksiyasında baş verənləri araşdırmağa çağırır

Avropa Birliyi oktyabrın 19-da müxalifətin Bakıda keçirdiyi yürüş zamanı onlarla adamın saxlanmasına reaksiya verib.

Birliyin sözçüsü Maja Kocijancic-in adından yayılmış bəyanatda deyilir:

“İzdihamın dağıdılması və iştirakçıların həbsi zamanı səbəbsiz olaraq aşırı gücdən istifadə olunması haqda məlumat gəlir. Belə insidentlər araşdırılmalıdır. Hakimiyyəti saxlanmış dinc etirazçıları buraxmağa çağırırıq”, – bəyanatda deyilir.

“Sərbəst toplaşma azadlığı fundamental hüquqdur və Azərbaycanın beynəlxalq öhdəliklərin uyğun olaraq bu hüququ tam edəcəyini gözləyirik”, – Maja Kocijancic deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva elə oktyabrın 19-da bu bəyanatla bağlı AZƏRTAC-ın sualını cavablandırıb. O, açıqlamasında aksiyanın keçirilməsi üçün Bakı şəhərinin digər ərazisində müvafiq yer ayrıldığını qeyd edib.

“Aksiya iştirakçısı olan bir qrup şəxs isə icazəsiz şəkildə həftəsonu əhalinin istirahət etdiyi və sıx olduğu, mərkəzi küçələrə çıxmışdı. Bu qanunsuz aksiyaya görə 3 metro stansiyası və 14 avtobus xətti bağlanmış və şəhərdə insanların hərəkətinə maneələr yaranıb. Qeyd etmək istərdim ki, aksiya iştirakçılarına qarşı hər hansı zorakılıq tətbiq olunmayıb və Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən yayılmış rəsmi açıqlamada qeyd edildiyi kimi, saxlanılan şəxslərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb. Bakıdakı hadisələri yaxından izləyən Avropa İttifaqının yəqin ki, bu məlumatlardan xəbəri olmalı idi”, – açıqlamada deyilir.

Leyla Abdullayeva əlavə edib ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin olunur və bu proses ölkə konstitusiyası, digər uyğun qanunlar, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və beynəlxalq öhdəlikləri vasitəsilə tənzimlənir.

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi. Amma BŞİH bu yerlərin heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi. Bundan sönra, Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG